!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əsrlik milli ruh - Heydər Əliyev” - Nuranə Tağıyeva yazır

!Reklam – Yazi

“Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir”

Heydər Əliyev

Ən sonda hər şey yox olur. Sonsuzluğu var edən yox olmalarla doludur dünya. Sürətlə davam edən insan törəməsi\yox olması prosesində elə həmin gələnlər\gedənlər qatarında əyləşib “ölümsüzlük” qavramı. Dünya, min can alana yox min can bəxş edənə təqdim edir o mükafatı. Biz canlılar isə minlərlə mədəniyyət çətirinin altına sığınaraq mənəvi iz buraxmaq üçün mübarizələr aparırıq. Dünyadakı bütün xidmət sahələri; tarix, siyasət, incəsənət (musiqi, rəssamlıq, memarlıq, heykəltəraşlıq, kino sənəti və.s) əslində tək bir məqsədə xidmət edir. Əbədi var olmaq, iz buraxmaq, ölümsüz olmaq… Amma bu geniş mədəniyyət çətirinin hər qolunun tarixi bizə bunu deyir: “Dünya o mükafatı, yəni “ölümsüzlük” anlayışını min can alana yox, min can bəxş edənə verir.”

Bu fani dünya neçə neçə siyasətçilərin, incəsənət xadimlərinin, ədəbi simaların sığınacaq yeri olub. Kimlər gəlib, kimlər gedib… İnsanoğlu nə çevrilişlərə, nə yeniliklərə imza atıb. Hər şeyi biz var etmişik və bəzən də hər şeyi biz yox etmişik. Bugün oxuyub əzbərlədiyimiz, təbliğ etdiyimiz tarix biz canlıların əsəridir. Tarix əslində bizə bizdən xəbər verir. Keçmişdə baş verən bütün hadisələr insanlığın güzgüsüdür. Biz əbədi və mütləq gələcəkdən qaça və ya öz iradəmizlə gələcəyimizi dəyişə bilərik, lakin keçmişə qeyd-şərtsiz təslim olmağa məhkumuq. Keçmiş ölüm qədər qaçılmaz bir təslimiyyətdir..

Tarixin şanlı səhifələrində özünə yer tutan şəxsiyyətlərin bizlər tərəfindən kəşfiylə başlayan “əbədilik” anlayışı ən çox da onun şəxsiyyətiylə özünü doğruldurdu. Dünya mədəniyyət çətirinin ən köklü sakini, bir may səhərinin dünyaya bəxş etdiyi “ölümsüzlük” mükafatının siyasi, mədəni, ədəbi və əbədi lideri Heydər Əliyevdən bəhs edirəm böyük fəxarət hissi ilə…

Düz 1 (bir) əsr bundan əvvəl, 1923-cü ilin may ayının 10-unda Azərbaycanın Naxçıvan şəhərində dünyaya gözlərini açmışdı. Milyardlarla canlıya can verən uşaqlığımın kövrək babası, gəncliyimin fəxr yeri, milliyətimin ən şərəfli səhnəsi, əvəzolunmaz siyasətçi, Dünya lideri, ulu öndərim..

Öndər sözünün mənası nədir? Öndər kimdir? Kimə deyilir?

Heydər Əliyevin üzərinə biçilən bu ağır və şərəfli titulun mənası ilə başlamaq düşünürəm ki bütün fikirlərimin qısa məcmusu olacaqdır. Öndər mənim anlayışımda bir millətin varlığı, özünü sübutu, özünüdərki, formalaşması, millət anlayışını mənimsəməsi yolunda xidmət edən, millətin mənfəətinə və onların sığınacaq yerinə canı qanı bahasına başçılıq, öndərlik edən şərəfli, vicdanlı şəxsiyyətə deyilir. Bəs ulu öndər? Ulu öndər, ən böyük, ən ali başçı yəni Heydər Əliyev deməkdir.

Öz uşaqlığıma nəzər salanda ulu öndərimi “Heydər baba” olaraq xatırlayıram. Düz iyirmi il bundan qabaq doğulub, boya başa çatdığım doğma şəhərim Tovuzda yaşayırdım. 11 yaşım var idi. Bir müddətdir ki babamızın səhhətinin pisləşdiyi və xaricdə mualicə aldığına dair xəbərlər yayılmışdı. Dua edirdik sağ salamat qayıtsın. Amma təəssüf ki arzuladığımız o şad xəbəri ala bilməmişdik. 2003-cü ilin 12 dekabr tarixində bütün televiziya kanallarında matəm havası hökm sürürdü. Bakıda yaşayan həmvətənlərimiz babamızı son yolculuğuna uğurlayırdılar göz yaşları içərisində. Qardaşım və bacımla birlikdə babamız dünyasını dəyişib deyə hönkür-hönkür ağlayırdıq. Təbii ki uşaq idik… Onun kimliyi, şəxsiyyəti haqqında demək olar ki heç nəyi dərk etmirdik. Sadəcə ailəmizin bizlərə aşıladığı qədəriylə tanıyırdıq onu. Ölkəmizin prezidenti, biz uşaqların ən qayğıkeş babası idi o… İçimdəki uşaq və bugün ölkəsinə dərin sədaqətlə bağlı olan bir vətəndaş kimi ulu öndərim, ümummilli liderim Heydər Əliyevlə bu yazı vasitəsiylə həm söhbət olmaq istədim. Ruhların məhəbbəti ən təmiz, ən saf məhəbbətidir yer üzünün… Ona olan məhəbbətimə onun ruhu şahiddir. Bir gülüşünün çöhrəsində yatır sonsuz məhəbbətim, minnətim, rəhmətim…

Böyüdüm. Onun biz Azərbaycan gənclərinə əmanət etdiyi vətənlə tanış oldum. Vətəni hansı çətinliklərə sinə gərərək, hansı bədxahlarla mübarizələr apararaq bizlərə əmanət etdiyini oxudum, öyrəndim. Bəs mənə oxumağı kim öyrətmişdi? Mənə belə vəfalı, sədaqətli, vətənpərvər olmağı kim aşılamışdı? Əlbətdəki onun öndərlik etdiyi xalq… Xalq hər yerdə idi. Baxçada, məktəbdə, küçədə, ali təhsil ocaqlarında, ictimai yerlərdə, televiziyada vəs. Bəs o xalqı kim öyrətmişdi? Xalqı kim xalq etmişdi? Xalqı boyunduruqluqdan kim xilas edib, tarixini, kimliyini xatırlatmışdı? Əlbətdə ki dünyada min can almaq yerinə min can bəxş edən, ölümsüzlük mükafatının sahibi Heydər Əliyev.

 

 

 

Məhz Heydər Əliyev ideologiyası və milli ruhu ilə böyüyən bir gənc kimi fərqindəyəm ki Vətən anlayışı öz özlüyündə Vətəndaş anlayışını doğurur. Və bu iki anlayış bir birinə zəncir kimi bağlıdır. Vətən vətəndaşa sahib çıxdığı kimi vətəndaş da Vətənə sahib çıxmalıdır. Əsrlik milli ruhun, əsrin ötəsinə daşıdığı sadə vətəndaş üçün əlçatmaz kimi görsənən Dövlət müəssisələri bugün nəfəs qədər yaxınımızda, dost kimi arxamızda, ailə kimi başımızdadır.

Mən bugün fəxr edirəm ki, Dünya lideri Heydər Əliyevin fəxr etdiyi millətin varisiyəm. Əminəm ki, dünya var olduqca, onu xatırlayan ən son canlı ölümü dadıncaya qədər milyonların ürəyində öz yerini tutacaqdır. Yəni əbədiyyən…

Ruhunuz şad olsun, Ulu Öndərim!

 

 

www.yenicag.az

588
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv