ETN-dəki “BÖYÜK TƏMİZLƏMƏ” – Nazirlik məktəb direktorlarını niyə “VURUR”?

media-hightechnic-468x90

“Direktorların kütləvi işdən çıxarılması Elm və Təhsil Nazirliyinin – illərlə formalaşdırdığı sistemin nəticəsidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov bildirib.

media-682446d64e12c

O, son vaxtlar orta ümumtəhsil məktəblərində direktorların kütləvi işdən çıxarılması və bu hadisələrə Elm və Təhsil Nazirliyinin şablon reaksiyasını şərh edib:

“Azərbaycanda orta ümumtəhsil məktəblərində direktorların kütləvi şəkildə işdən çıxarılması və ya intizam məsuliyyətinə cəlb olunması son illərdə təhsil sahəsində ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Xüsusilə 2023 və 2024-cü illərdə müşahidə olunan bu tendensiya ictimaiyyətdə “təmizləmə əməliyyatı”, “kadr islahatı” kimi təqdim olunsa da, əslində, bu prosesin arxasında daha dərin struktur problemlər dayanır. Əgər bu gün onlarla direktor rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə, fond pulu toplamaq və ya qeyri-qanuni ödənişlər səbəbilə vəzifədən uzaqlaşdırılırsa, bu təkcə fərdi məsuliyyətsizlik deyil, həm də idarəedici strukturların, xüsusilə Elm və Təhsil Nazirliyinin illərlə formalaşdırdığı sistemin nəticəsidir”.

Onun sözlərinə görə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 19.3-cü maddəsində təhsil müəssisəsinin rəhbərinin, yəni direktorun təhsilin keyfiyyətinə, şagirdlərin həyat və sağlamlığına görə məsuliyyət daşıdığı qeyd olunur:

“Bu, direktorun məsuliyyətini müəyyən etsə də, həmin direktorun hansı mexanizm və mühitdə fəaliyyət göstərdiyini nəzərə almadan yalnız onu cəzalandırmaq, sistemin öz məsuliyyətini pərdələmək deməkdir. Direktorların təyinatı, monitorinqi və fəaliyyətinə nəzarət bilavasitə nazirliyin və onun struktur bölmələrinin səlahiyyətindədir. Əgər məktəblərdə bu qədər qanun pozuntusu baş verirsə, bu, həmin nəzarət və idarəetmənin effektiv olmadığını sübut edir”.

Ekspert qeyd edib ki, 2024-cü ildə 70-ə yaxın direktorun işdən çıxarılması halına rast gəlinib:

“2024-cü ilin rəsmi statistik göstəricilərinə əsasən, Bakı, Gəncə və Sumqayıt şəhərləri üzrə ümumilikdə 70-ə yaxın məktəb direktoru ya vəzifədən azad edilib, ya da intizam məsuliyyətinə cəlb olunub. Bu, bütövlükdə məktəb rəhbərlərinin təxminən 6-7%-ni təşkil edir ki, bu da, əslində, çox yüksək göstəricidir. Əgər sistemli nəzarət və şəffaf idarəetmə mühiti mövcud olsaydı, bu qədər pozuntu mümkün olmazdı. Ən təəssüf doğuran məqam isə ondan ibarətdir ki, bu prosesdə ictimaiyyətə heç bir əsaslandırılmış hesabat təqdim olunmur. Elm və Təhsil Nazirliyi yalnız qısa press-relizlər yaymaqla kifayətlənir, konkret təhlil, səbəblər və struktur cavabdehlik barədə məlumat vermir”.

K. Əsədov sözügedən hadisələrlə bağlı nazir Emin Əmrullayevin açıqlamalarına da şərh verib:

“Bu vəziyyətdə nazirliyin rəhbəri Emin Əmrullayevin açıqlamaları bəzən daha da ziddiyyətli görünür. O, bir neçə çıxışında təhsildə problemlərin səbəbini direktorların bacarıqsızlığı, bəzən isə valideynlərin təzyiqi ilə izah edib. Bu isə idarəedici qurumun öz məsuliyyətindən yayınmaq cəhdidir. Halbuki həmin direktorları təyin edən, onların fəaliyyətinə nəzarət etməli olan da məhz Nazirliyin özüdür. Əgər seçdiyin kadrın fəaliyyətində bu qədər ciddi problem varsa, bu, ilk növbədə, sənin seçim və nəzarət mexanizminin qüsurlu olması deməkdir. Müsbət tərəfdən baxsaq, bəzi hallarda korrupsiyaya qarşı bu cür cəza tədbirləri təhsil sisteminə qorxu və məsuliyyət hissi gətirir. Direktorların qeyri-rəsmi fond yığımına son qoyulması, qeyri-formal ödənişlərin qarşısının alınması, hesabatlılıq və şəffaflığın artırılması baxımından bu addımlar faydalı ola bilər. Amma bu tədbirlər yalnız fərdi deyil, sistemli şəkildə və hüquqi çərçivədə tətbiq olunmalıdır. Əks halda, bu, yalnız “sadiq olmayanların cəzalandırılması”, “yerini dəyişmək məqsədilə aparılan kampaniya” təsiri bağışlayır. Müxtəlif bölgələrdə direktorların yerinə gətirilən yeni şəxslərin çoxunun eyni mərkəzdən seçilməsi, “loyallığa” əsaslanan təyinatların çoxalması bu prosesi islahat deyil, sadəcə klanik strukturlarla yer dəyişməsi kimi təqdim edir”.

Müsahibimiz əlavə edib ki, dünya təcrübəsinə baxdıqda, Almaniya, Estoniya, Sinqapur və Koreya kimi ölkələrdə məktəb direktorlarının təyinatı açıq müsabiqə yolu ilə aparılır və prosesdə yerli təhsil şuraları, ictimaiyyət nümayəndələri və təhsil ekspertləri iştirak edir:

“Məsələn, Estoniyada məktəb direktoru yalnız peşəkar menecer deyil, eyni zamanda, icmanın təmsilçisi kimi dəyərləndirilir və vəzifəyə başlamazdan əvvəl 6 ay müddətində idarəetmə üzrə praktiki hazırlıqdan keçir. Bu yanaşma həm idarəetmədə effektivliyi, həm də ictimai etimadı gücləndirir. Azərbaycanda isə direktor vəzifəsinə təyin prosesi çox hallarda qeyri-şəffaf, formallığa əsaslanan və fərdi təsirlərə açıq şəkildə həyata keçirilir. 2021-ci ildən tətbiq olunan müsabiqə sistemi müəyyən müsbət addım sayılsa da, müsahibə mərhələsinin nəticələri, komissiyaların tərkibi və qiymətləndirmə meyarları çox zaman ictimai əsaslandırmadan kənar qalır. Bütün bunlar nəticəsində direktor vəzifəsi ya idarəedici yükün daşıyıcısı deyil, sadəcə icraçı və formal rəhbər statusu daşıyan bir fiqura çevrilir”.

“Nəticə etibarilə, bu gün baş verən “kütləvi azadetmələr” təhsildə islahat kimi deyil, idarəetmə sistemindəki xaosun və məsuliyyət böhranının nəticəsi kimi dəyərləndirilməlidir. Əgər doğrudan da islahat niyyəti varsa, ilk növbədə direktorların fəaliyyəti üçün şəffaf mühit, sabit qanunvericilik çərçivəsi və real peşəkar dəstək mexanizmləri yaradılmalıdır. Təhsildə korrupsiyanın əsas səbəbi təkcə rüşvət alan direktor deyil, bu rüşvəti doğuran maaş sistemləri, qeyri-rəsmi fondlar, infrastruktur çatışmazlıqları və valideyn təzyiqləridir. Bunları aradan qaldırmadan direktorları kütləvi şəkildə dəyişmək, sadəcə simvolları dəyişməkdən ibarət olacaq. Əgər təhsildə inamı bərpa etmək istəyiriksə, mübarizə şəxslərlə deyil, sistemin özü ilə aparılmalı, islahatlar isə şəxslərin yox, strukturun dəyişməsinə yönəlməlidir. Əks halda, bu gün çıxarılan direktorların yerinə sabah onların eynisi gələcək və problem dövri olaraq təkrarlanacaq. Bu isə nə dövlətin, nə də cəmiyyətin maraqlarına cavab verir”, – deyə o, fikirlərini tamamlayıb.

Nurlan Cəfəri

 

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600