“Əvvəl-axır Jirinovskiyə öz anladığı dildə, öz tərzində cavab verilməliydi…” – Tənzilə Rüstəmxanlı

Son günlər şovinist rus siyasətçisi Vladimir Jirinovskinin Azərbaycan xalqı və Azərbaycan dövləti ilə bağlı fikirləri ölkə gündəmində ciddi müzakirə olunur. Azərbaycanı aşağılayan bu fikirlərə qarşı diplomat İsfəndiyar Vahabzadənin sərt reaksiyası həm Azərbaycanda, həm də Rusiyada ciddi rezonans doğurub.

Baş verənləri Yenicag.az-a dəyərləndirən Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı ilk olaraq Jirinovskinin açıqlamasına və bunun arxasında duran Kreml maraqlarına diqqət çəkdi:

“Jirinovskinin Azərbaycan xalqını, türk millətini aşağılaması ilk dəfə deyil. Bəziləri bu şəxsi qeyri-ciddi, təlxək siyasətçi hesab etsə də, əslində gerçəklik tamam fərqlidir. Jirinovski gerçəkdən sərsəm təfəkkürlü siyasətçi olsaydı illər boyu dəfələrlə Rusiya parlamentində yer almazdı. Bu şəxs özü haqda ağıldankəm obrazı yaradaraq Rusiya hakimiyyətinin, rus dərin dövlətinin rəsmən ifadə edə bilmədiyi fikirləri dilə gətirir. Baxın, üzdə Rusiya bütün qonşuları ilə mehriban münasibətdədir. Amma Gürcüstan, Ukrayna və digərlərinin timsalında Kremlin bu “mehriban qonşuluğunun” nədən ibarət olduğunu görürük. 30 il ərzində torpaqlarımızın işğal altında qalmasında da bu şimal dövlətinin rolu hamımıza bəllidir. Rusiya məhz Jirinovski kimiləri ilə öz təhdidini dilə gətirir, hədəsini onların vasitəsi ilə çatdırır. İşinə harada gəlsə,Rusiya hansı vəziyyətdən çıxış yolu axtarsa və yaxud hər hansı münasibətləri yeni müstəviyə keçirmək istəsə həmişə belə siyasətçilərini oyuna daxil edir. Bu şəxslər Rusiya siyasətinin gizli fiqurlarıdır və Jirinovski bu fiqurların başında gəlir. Bu səbəbdən onun fikirlərinin ciddiyə alınmamasının özü qeyri ciddilikdir”.

T.Rüstəmxanlı Jirinovskinin Rusiya siyasətində Şərq regionu, xüsusilə Türk Dünyası ilə bağlı təlimatlandırıldığını bildirir və qeyd edir ki, onun ölkəmizdə “qəhrəman”a çevrilməsi də sırf bu səbəbdəndir: “Jirinovskinin Türk millətinə qarşı patoloji nifrəti var və Rusiyanın türk dünyasına münasibətinin gerçək üzü Jirinovskinin timsalında təzahür edir. Tək Azərbaycan deyil, Türkiyə ilə bağlı da bu şəxsin bəyanatlarını yada salsaq gerçək durum üzə çıxar. Həm də Jirinovski bəyanatlarını açıq təhdid şəklində ifadə edir. Başqa sözlə, beynəlxalq rəydən çəkinərək imperalist siyasətini rəsmi olaraq dilə gətirməyən Kreml bu şəxsin vasitəsilə mesajlarını çatdırır. Diqqət edin, Azərbaycan ictimaiyyətində rus sülhməramlıları ilə bağlı müzakirələr aparıldığı zamanda Jirinovski bildirir ki, “qoy onlar elə fikirləşsinlər ki, sülhməramlılar 5 illiyə Qarabağa gəlib, əslində bu belə deyil, onlar əbədi olaraq orada qalacaqlar. Bura da bizimdir, biz Türkiyə ilə sərhəddə də olmalıyıq, İranla sərhəddə də olmalıyıq”. Bu açıq formada Cənubi Qafqazın işğal planının ifadəsidir”.

Tənzilə Rüstəmxanlı Jirinovskinin bəyanatına ölkəmizdə sərt reaksiya verilməsinin təbii olduğunu, amma milli mövqedən irəli gələn bu reaksiyaya etirazların anlaşılmaz olduğunu bildirdi:

“Jirinovskinin cavabı hər zaman verilib. Düzdür, dövlətimiz rəsmi diplomatik etikanı gözləyib, münasibətini diplomatik kanallarla ifadə edib. Amma ictimai-siyasi kəsim bu məqamlarda açıq etirazını ortaya qoyub və bu belə də olmalıdır. Rəsmi hakimiyyətin bəzən ifadə edə bilmədiyi məqamları ölkənin milli qüvvələri dilə gətirməlidir. Bu gün milli şairimiz Bəxtiyar Vahabzadənin milli düşüncəsini , təfəkkürünü daşıyan övladı İsfəndiyar Vahabzadənin Jirinovskiyə cavabı və özəlliklə bizim xalqımıza dəfələrlə qoyun deyib, cavab olaraq onun mənsub olduğu millətə, onun kimilərə (əslində bu bütün rus xalqına şamil edilmir) donuz ifadəsi işlətməsi mənə elə gəlir ki, xalqın səbr kasasının daşmasının bir şəxsin simasında ifadəsidir. Əvvəl-axır Jirinovskiyə öz anladığı dildə, öz tərzində cavab verilməli idi və bunu Vahabzadə etdi. Rusiyadan buna olan reaksiya başa düşüləndir. Onlar şovinist “velikorus” təfəkküründə qalıblar və belə cavaba vərdiş etməyiblər. Amma bu məsələdə ölkəmizin bəzi tanınmışlarının mövqeyi təəssüf doğurur. Bu millət öz ziyalısına, həm də dövlətin, millətin heysiyyətini qoruyan ziyalısına, o cür bir aydınına sahib çıxmalıdır. Vahabzadəyə saldıran qüvvələri başa düşmək olmur. Siz kimə xidmət edirsiniz, siz niyə Vahabzadəyə saldırırsınız? Nədən sizin bu millətin qeyrətini çəkib, bu millətin milli maraqlarından çıxış edib Azərbaycan xalqının və Türk xalqının maraqlarına cavab verən bir mövqedən bu qədər narahat olursunuz. Nədən sizi təhqir edən, dəfələrlə bu millətin, dövlətin başında olanlardan tutmuş hökumətimizi, millətimizi, sərhədlərimizi tanımayan bir Jirinovskiyə sahib çıxırsınız? Vahabzadənin ona verdiyi cavab bu qədərmi sizi rahatsız edir? Bax ən təhlükəli bu təfəkkürdə, bu fikirdə olan adamlardır və mən düşünürəm ki, Azərbaycan xalqının ağlı başında olan ziyalıları Vahabzadəyə sahib çıxmalıdır və onu dəstəkləməlidir, onun yanında olmalıdır. İçimizdəki “jirinovskilər”i də yaxşı tanımalıyıq. Hər türlü təhqirləri millət olaraq sinəmizə çəkməli deyilik. Dövlətin başqa bir siyasəti var. Dövlətimiz o siyasəti yürütsün. Amma Azərbaycanda Jirinovskilərə cavab verəcək yetərincə ziyalı var və onlardan bir də Vahabzadədir. Və biz də o ziyalılara sahib çıxmalıyıq. Bu ziyalıları kənardakılardan daha çox Jirinovskinin içəridəki düşüncə qohumlarından qorumaq lazımdır. Özünü ziyalı kimi göstərib, sırf məsələ Rusiya olanda cahilliyi üzə çıxan, rus adı gələndə dizinin bağı çözülənlərə məncə ən gözəl cavabı Qarabağ Fatehi İlham Əliyev verdi. Azərbaycan parlamentində oturub, Rusiyanın maraqlarını qoruyanlara ən böyük mesaj prezidentin “Rusiya bizim qonşumuz, Ermənistanın müttəfiqidir” sözləridir. Yetər ki, bu qədər açıq kontekstdə deyilən sözü anlasınlar və bir az da Azərbaycanın mövqeyindən məsələlərə baxsınlar”.