Heyvanlarını otaran çobanı “tok” VURDU
Mayın 12-də Ermənistanın Lori vilayətinin Arjut kəndində faciəvi hadisə baş verib. Yüksək gərginlikli elektrik naqillərinin qoparaq yerə düşməsi nəticəsində bir nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə “shamshyan.com” portalı məlumat yayıb.
Məlumata görə, hadisə saat 14:50 radələrində qeydə alınıb. Şahidlərin sözlərinə görə, həyatını itirən şəxs çoban olub və hadisə baş verən zaman iribuynuzlu heyvanları otarırmış. İlkin məlumatlara əsasən, o, elektrik cərəyanı vurması nəticəsində hadisə yerindəcə keçinib.
Qopmuş naqillərin təsirindən bir neçə iri buynuzlu heyvanın da tələf olduğu bildirilir.
Faktla bağlı Ermənistanın Quqarq Polis Şöbəsində sənədlər tərtib olunub və materiallar araşdırılması üçün Ermənistan İstintaq Komitəsinin Lori vilayəti üzrə İstintaq İdarəsinə təqdim edilib.
Qeyd edək ki, bir neçə gün öncə Sasunik kəndində də analoji hadisə baş vermiş, 66 yaşlı kişi elektrik dirəyinə toxunduğu üçün həlak olmuşdu.