“Büdcə sənədi yalnız onu təqdim edən hökumətin məsuliyyəti ilə bağlı məsələ deyil, həm də onu qəbul edən Milli Məclisin məsuliyyətidir. Ona görə Milli Məclis üzvlərinin baxışında prioritet prinsip bu büdcənin ölkənin qarşısında duran riskləri doğru təsbit etməsi və onun optimal qarşılama yolunun tapılması ilə bağlıdır. Bu risklərin birincisi heç şühbəsiz ki, müdafiə və təhlükəsizlik riskidir”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, xərclərin 8,7 milyardın bu istiqamətdə yönəldilməsi indiki beynəlxalq vəziyyətdən qaynaqlanan və gələcəkdə hələ müharibə, müəyyən qarşıdurma riksinin olmasını nəzərdə tutaraq belə addım atılmasını ehtiva edir.
F.Mustafa qeyd edib ki, Azərbaycan əhalisinin əməkhaqqı 2500 manatdan yuxarı olan hissəsi əhalinin 5,5 faizini əhatə edir:
“1,5 milyon nəfəri 2500 manatdan aşağı maaş alır. Bu da aztəminatlı insanların sayının əhəmiyyətli dərəcədə olduğunu göstərir. Sosial xərclər o səviyyədə dəqiq xərclənməlidir ki, yoxsullaşma səviyyəsinin daha da aşağı düşməsinə imkan tanınmasın. Ərzaq məhsullarının qiymətinin qalxması böyük problemlər yaradır. Azərbaycanda əhalinin 36%-nin kənd təsərrüfatında çalışması qeyd olunsa da, onların ÜMD-də payı 6 faizdir. Bu, istənilən Avropa ölkəsi ilə müqayisədə çox aşağı çəkiyə malikdir”./Unikal/












