Final matçının məkanı dəyişdiriləcək? – Rəsmi açıqlama

Futbol üzrə Azərbaycan Kubokunun finalının keçiriləcəyi stadion dəyişməyəcək.

Yenicag.az xəbər verir ki, bunu saytımıza açıqlamasında Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şəhgəldiyev deyib.

Onun sözlərinə görə, kubokun finalı mayın 28-də Qəbələ şəhər stadionda baş tutacaq. Qarşılaşmanın başlama saatı isə yeni həftənin ilk gününə qədər bəlli olacaq.

Qeyd edək ki, ötən gün keçirilən yarımfinalın cavab matçlarından sonra “Keşlə” və “Qəbələ” komandaları finala vəsiqə qazanıblar. Fınalın keçiriləcəyi məkan “Qəbələ”nin doğma meydanı olduğundan “qırmızı-qaralar”ın vitse-prezidenti matçın başqa arenada baş tutması üçün PFL-ə müraciət edəcəyini bildirmişdi.

Aslan Şahgəldiyev bu məsələyə münasibət bildirərkən, bunun mümkünsüz olduğunu söyləyib. Onun sözlərinə görə, finalın keçiriləcəyi stadion öncədən müəyyənləşdirilib. Bu, həm də məcburiyyətdən irəli gəlir. Məsələ burasındadır ki, 28 may tarixində Bakıda digər bayram tədbirləri təşkil olunacaq. Gəncə şəhər stadionu isə final matçını keçirilməsi üçün əlverişsizdir.

Qeyd edək ki, bundan öncəki final matçı Naxçıvanda keçirilmişdi.

Emin Səfərov