Fiqurana “əl gəzdir”, əxlaq dərsi keç, onu-bunu “SÖY-SULA” – Cəvahir Nehru yazır
Bu gün məşhur olmaq üçün istedad, peşəkarlıq şərt deyil. Yetər ki, başqa məsələlərdə mahir olasan. Məsələn, ekspert adı ilə saatlarla verilişlərdə oturub, başqalarını aşağılamaqda, canlı yayımda onun-bunun üstünə hücum çəkib söyüş söyməkdə, təhqir etməkdə və s…
Bu gün belə “istedadlar” üçün hər yerdə qapı açıqdır. Xüsusən də televiziyalarda onların üzünə yaşıl işıq yandırılır.
Məsələ burasındadır ki, belə ekspertlərin əksəriyyəti öz işində, peşəsində “tutuzdura” bilməyən, uğursuzluğunu başqalarının üzərində hər nə yolla olursa olsun, qələbə çalmaqla ört-basdır etməyə çalışanlardır. Baxırsan, adı aktrisa, yaxud da aktyordur, hansı ki, ömründə bir dəfə də olsun, səhnəni doldura bilməyib, amma rahatlıqla özünə efirdə yer edib. Baxırsan, şairdir, sözdən heç xəbəri də yoxdur, amma verilişlərə çıxıb sözün qüdrətindən danışır, sözdən söyüş, təhqir kimi istifadə edir. Yaxud da “müğənniyəm” deyib səs, sənət deyil, cərrah bıçağı ilə yığdırılmış bədənini, şişirdilmiş dodağını, kran kimi yuxarı dartılmış qaşlarını nümayiş etdirir.
Nəticə də göz qabağındadır: adı “it dəftərində” olmayan belə uğursuzlar qısa bir zamanda parıldayır və uzman ekspert kimi o televiziyadan bu televiziyaya qaçır. Yuxarı başda otuzdurulan həmin ekspertlər başlayır reytinq və reklam olunmaq, gündəmdə qalmaq xatirinə hər cür vasitələrdən bəhrələnməyə. Dərdinə çarə qılmaq üçün əyalətlərdən efirlərə üz tutan köməksiz, çarəsiz insanlara əxlaq dərsi keçməkləri azmış kimi, onları aşağılayır, qoçu kimi üzərlərinə yeriyir, hətta bəzən əlbəyaxa davadan belə çəkinmirlər.
Səhəri gün sosial şəbəkələrin gündəminə düşən həmin ekspertlər “burada mənəm, Bağdadda kor xəlifə” deyib hər yerdə meydan sulayırlar. Hansı ki, illərlə sənətdə can qoyan sənətkarı elə bəh-bəhlə efirlərə dəvət edib yuxarı başda əyləşdirmirlər.
Demək ki, əsas olan sənətində yox, “iş”ində məharətli olmaqdır.