Gələcəyin cinayətkarlarını öz əlimizləmi böyüdürük? – Şiddət uşaq beyninə belə kodlaşdırılır
Son günlər istər ölkəmizdə, istərsə də qardaş Türkiyədə baş verən sarsıdıcı kriminal hadisələr, yeniyetmələr və gənclər arasındakı amansız rəftar cəmiyyətdə ciddi narahatlıq doğurur.
Hər kəsi eyni sual düşündürür: Bu qədər nifrət, kin və şiddət meyli haradan qaynaqlanır?
Mövzü ilə bağlı Yenicag.az-a açıqlama verən beynəlxalq dərəcəli yaşam koçu, ailə danışmanı və APA üzvü Ceyhun Əliyev məsələnin elmi tərəflərinə aydınlıq gətirərək, valideynlər üçün həyəcan təbili çalıb.
O, Stenford Universitetində apardıqları fundamental tədqiqatlara istinadən, şiddətin uşaq beynində yaranma mexanizmini belə izah edib:
“Tədqiqatlar sübut edir ki, uşaq beyni gördüyü mənfi davranışı dərhal kopyalayır. Stenford eksperimentində uşaqları iki qrupa ayırıblar. Birinci qrup uşaqlara bir böyüyün (modelin) kuklanı amansızlıqla döydüyü nümayiş etdirilib. Digər qrup isə eyni modelin oyuncaqlarla mehriban davrandığını izləyib. Eksperimentin ən maraqlı tərəfi odur ki, hər iki qrup uşaqda süni gərginlik yaradıldıqda, şiddət görüntülərini izləyən uşaqlar dərhal kuklalara qarşı eyni aqressiyanı təkrarlayıblar. Bu o deməkdir ki, uşaq çətinə düşən kimi beynindəki “şiddət kodunu” işə salır.”
Psixoloq qeyd edib ki, uşaqların xarakter formalaşmasında valideynlərin hər bir hərəkəti gələcək üçün bir taleyə çevrilir:
“Uşaqlar öz cinsindən olan valideynləri daha çox örnək alırlar. Əgər evdə ata aqressivdirsə, oğlan uşağı bunu “düzgün kişi davranışı” kimi qəbul edir. Ailədə atanın anaya və ya uşağa qarşı göstərdiyi fiziki, yaxud psixoloji təzyiq uşağın gələcək xarakterinin təməli olur. Gələcəyin cinayətkarları məhz bu “şiddət dili” ilə böyüyənlərdir.”
Ceyhun Əliyev sonda vurğulayıb ki, övladlarımızın təmkinli böyüməsi üçün ailədəki rəftar tərzi həlledicidir. Lakin vaxt azlığından uşaqların daxili dünyasına nəzarət edə bilməyən valideynlər üçün mütəxəssis dəstəyi artıq bir lüks deyil, zərurətdir. Unutmayaq ki, övladımıza göstərdiyimiz hər bir düzgün davranış, sağlam cəmiyyətin bir kərpicidir.
Psixoloq ,ailə danışmanı Şafak Avkıran isə məsələnin digər tərəfinə mənəvi boşluqlara diqqət çəkib.
O qeyd edib ki, bir çox valideyn övladının bütün maddi istəklərini qarşılamaqla missiyasının bitdiyini düşünür:
“İnsanı formalaşdıran mühit ailədir. Əgər uşağa özünü ifadə etmək azadlığı verilməyibsə, uşaq bədbəxt olur. Bir dəfə müraciət edən valideyn belə demişdi:
“Hocam, uşağın hər istədiyini alıram, amma yenə də çox əsəbi və bədbəxtdir. Daha nə edim?” Mənim sualım isə belə oldu: “Bəs vermədikləriniz nələrdir?”
Biz uşaqlara zaman ayırmağı, onları dərindən dinləməyi unuduruq. Belə uşaqlar izlədikləri filmlərdəki aqressiyanı özününküləşdirirlər. Problem uşağın nə izlədiyi deyil, valideyn dəstəyi olmadan onu necə qavradığıdır.”
Şafak Avkıran qeyd edir ki, sağlam inkişaf üçün valideynlər bu dörd məqamı analiz etməlidirlər:
“Özümüzə qarşı necəyik?, Uşaqlıq travmalarımızın fərqindəyikmi?, Uşağımıza həqiqətən necə davranırıq?, Sözlərimizlə hərəkətlərimiz üst-üstə düşürmü?, Həyat yoldaşımızla münasibətimiz necədir?, Cəmiyyətlə ünsiyyətimiz necədir? Canlılara və insanlara qarşı sərgilədiyiniz münasibətin uşağınızın gələcək xarakterinə çevrildiyinin fərqindəsinizmi?
Şafak Avkıran sonda valideynlərə çıxış yolunu göstərərək vurğulayıb:
“Müasir həyatın məsuliyyətləri hədsiz ağırdır biz çox vaxt tükəndiyimizi hiss edirik. Belə bir vəziyyətdə peşəkar ailə məsləhətçisi ilə çiyin-çiyinə addımlamaq uşağın gələcəyi üçün edilən ən böyük yatırımdır. Professional mütəxəssis ailə dinamikasını təməldən analiz edərək, sağlam bir model qurmağınıza bələdçilik edir.
Mən öz fəaliyyətimdə ailədəki vəziyyəti dəqiqləşdirdikdən sonra, zərurət yaranarsa, peşəkar psixiatrlar və yeniyetmə koçları ilə koordinasiyalı şəkildə hərəkət edirəm. Bu, sadəcə məsləhət deyil, tamamilə həll mərkəzli, elmi və sistemli bir prosesdir.”
Məsimə Məmmədova













