“2019-cu ildən başlayaraq əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələyib, bu meyil gələn ildə də davam edəcək. Dövlət Sosial Müdafiə Fondunun xərclərindən danışarkən qeyd etmək lazımdır ki, fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6%-ni və ya 8,2 milyard manatını əhaliyə ödənişlər təşkil edəcək”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2025-ci ildə 540,3 manat təşkil edəcəyi gözlənilir, 2026-cı ildə isə 590,17 manat olacağı proqnozlaşdırılır:
“Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576,02 manatdan 53,03 manat artaraq 629,05 manata yüksəlməsi proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 49,05% və 50,41% olmaqla Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasına cavab verəcək”./unikal/












