İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi Qasımov İlkin Cilingir oğlu bakalavr pilləsində seçdiyi ixtasası səbəbiylə xaricdə akademik təhsilini yarımçıq qoya bilər.
Belə ki, ixtisasların uyğun olmaması nəticəsində gənc müəllim xaricdə akademik təhsilini davam etdirmək şansını itirməklə üz-üzə qalıb. O, bu problemin həlli üçün ölkə prezidenti İlham Əliyevə açıq məktub ünvanlayıb.
Yenicag.az həmin müraciətin mətnini təqdim edir:
“Hörmətli Cənab Prezident!
Mən, Qasımov İlkin Cilingir oğlu 2005-2009-cu illər ərzində Bakı Slavyan Universitetinin Filologiya fakültəsi, jurnalistika ixtisası üzrə təhsil almış və buranı fərqlənmə diplomu ilə bitirmişəm. Bir müddət jurnalist olaraq işlədikdən sonra özümdə iqtisadiyyat sahəsinə qarşı yaranmış böyük marağı kəşf etdim və bu sahədə ixtisaslaşmaq qərarına gəldim.
Bu məqsədlə 2012-ci ildə Şimali Kipr Türk Cumhuriyyətinin “Doğu Akdeniz” universitetində (Eastern Mediterranean Univeristy) iqtisadiyyat üzrə magistr təhsilinə başladım. Bakalavr ixtisasım fərqli olduğundan, universitetin tələbi və beynəlxalq qaydalara əsasən, ilk öncə iqtisadiyyat üzrə baza fənnləri sayılan “Mikroiqtisadiyyat”, “Makroiqtisadiyyat”, “Riyazi İqtisad” və “Ekonometrika” fənləri üzrə bakalavr dərslərini uğurla mənimsədim, daha sonra magistratura təhsilimə başladım və 2014-cü ildə diplom işimi müdafiə edərək 3.33/4 ortalama ilə təhsilimi uğurla tamamladım.
Qeyd edim ki, məzun olduğum proqram iqtisadiyyat üzrə dünyada ən yaxşı 200 proqramdan biri hesab edilir və burada dünyanın bir sıra məşhur professorları dərs deyir. Elmi-tədqiqata olan yüksək marağım və Azərbaycan elminə xidmət etmək arzum məni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutuna gəlməyə sövq etdi. 2015-ci ilin iyun ayından bəri bu institutun “Makroiqtisadi Tədqiqatlar” şöbəsində böyük elmi işçi olaraq fəaliyyət göstərirəm.
Bundan başqa, artıq üç ildir ki, Bakı Mühəndislik Universitetində iqtisadiyyat ixtisası üzrə bakalavr səviyyəsində saathesabı müəllim olaraq çalışıram. Həmçinin İqtisadiyyat Nazirliyi və Avropa Şurasının “Pilot Regional İnkişaf Proqramı” və Almaniyanın GİZ təşkilatının “Yerli Regional İnkişafa Dəstək” layihələrində statistik məlumatların toplanması və emalı üzrə ekspert olaraq fəaliyyət göstərirəm. Bununla yanaşı, BP şirkətinin sponsorluğu ilə həyata keçirilmiş və “Mikroiqtisadiyyat” kitabının (Müəlliflər: Karl. E. Keys, Ray C. Feyr və Şaron M.Oster) Azərbaycan dilinə tərcüməsi ilə bağlı layihədə elmi redaktor olmuşam.
Eyni zamanda qeyd etməliyəm ki, 3-ü beynəlxalq nüfuzlu SCOPUS məlumat bazasında indekslənmiş jurnallarda ümumilikdə 8 məqalənin həmmüəllifiyəm. Hal-hazırda aktiv şəkildə ölkə əhəmiyyətli sosial-iqtisadi məsələlərin tədqiqinə həsr olunan elmi-tədqiqat fəaliyyətlərinin iştirakçısıyam.
Hörmətli Cənab Prezident!
Sizə yazmağımın səbəbi magistr diplomumun nostrifikasiya edilməsi barədə Təhsil Nazirliyinə 2017-ci ilin sentyabr ayında elektron qaydada etdiyim müraciətə Nazirliyin müvafiq qurumu tərəfindən 22.11.2017-ci il tarixli 23-03-383/ANİ nömrəli cavab məktubunda imtina verilməsidir. Verilən qərar barədə şikayətimə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində baxılmış və 21.12.2018-ci il tarixdə hakim Xaliq Xalıq oğlu İmanovun sədrliyi ilə keçirilmiş iclasda iddiamın təmin olunmaması barədə qərar qəbul edilmişdir.
Hər iki imtina qərarına əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (Nostrifikasiya) Qaydaları” göstərilmişdir. Başqa sözlə, bakalvr ixtisasımın jurnalistika sahəsində olması mənim magistr diplomumun nostrifikasiyasına maneə hesab olunmuşdur. Bu isə öz növbəsində mənim hazırda akademik karyerama olduqca böyük zərbə vurmaqla yanaşı, onun gələcəyini ciddi təhlükə altında qoyur.
Bununla yanaşı magistr diplomumun tanınmaması mənim doktorantura pilləsində təhsil almama imkan vermir ki, bu da öz növbəsində Azərbaycan və dünya iqtisad elminə xidmət etmə imkanlarımı ciddi şəkildə məhdudlaşdırır.
Hörmətli Cənab Prezident!
Mən, jurnalistika ixtisasını seçəndə cəmi 17 yaşım vardı və ixtisaslar haqqında demək olar ki, heç bir məlumatım yox idi. Lakin, bir neçə il sonra özümü tam dərk edərək iqtisadiyyat sahəsində magistr təhsili almaqla gələcək karyeramda ciddi dönüş edəcəyimi düşünmüşdüm. 17 yaşımda edilən səhv seçim səbəbindən gələcək karyeramın təhlükədədir. Mən, Azərbaycan iqtisad elminə xidmət etmək və ölkəmizdə elmin inkişafına öz töhfəmi vermək arzusundayam.
Qeyd edim ki, magistr diplomumla dünyanın hər yerində doktorantura təhsili ala bildiyim halda, ölkəmdə mənə belə bir imkanın verilməməsi təəssüfləndiricidir. Eyni zamanda, diplomum tanınmadığı halda dövlət ali təhsil müəssisələrində dərs tədris etmə şansımı itirmiş oluram.
Hörmətli Cənab Prezident!
Mən, oxşar problemi yaşayan çoxsaylı Azərbaycan gənclərindən sadəcə biriyəm. 17 yaşımda etdiyim səhv seçimə görə “cəzalandırılmağımı” və gələcəyimin təhlükə altında qalmasını doğru hesab etmirəm. İxtisasımla bağlı kifayət qədər nəzəri-praktiki biliklərim var və bu sahədə indiyə qədərki fəaliyyətimin nəticələri də bunu tam təsdiq edir. Azərbaycan Respublikasının vətəndaşı olaraq yazıb bu problemin həllində mənə kömək etmənizi xahiş edirəm. Bu, mənə ölkəmizdə qalmaq və onun elmi uğurları üçün çalışma imkanı verəcəkdir. Müraciətimi nəzərə alaraq problemimin həllində mənə kömək edəcəyinizə inanıram”.
Səxavət Məmməd
www.yenicag.az