!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənc nəslin vətənpərlik tərbiyəsi: Orta məktəblərdə bu dərslərin keçirilməsi TƏKLİF EDİLDİ

!Reklam – Yazi

İkinci Qarabağ müharibəsinin yekunlaşmasından artıq 4 ilə yaxın zaman keçib. 

Lakin buna baxmayaraq, məktəblərimizdə keçirilən hərbi hazırlıq dərslərinin zəif olması, şagirdlərin silahla davranmaq bacarıqlarının isə ümumiyyətlə, olmaması acı reallıqdır. Gənclərimizdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində dövlət siyasəti aparılsa da, aidiyyəti dövlət qurumları bu məsələdə var-gəl etməklə məşğuldurlar.

Bu gün təhsilimizdə çoxsaylı problemlərdən biri də məhz hərbi hazırlıqla bağlıdır və bu problemin mahiyyəti daha böyükdür.

Yenicag.az-a danışan ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib ki, indiyə qədər onlar bununla bağlı həyəcan təbili döyüb:

“Hələ bundan sonra da bu məsələnin üzərinə gedəcəyik ki, ölkəmizdə Müdafiə Sənayesi Nazirliyi olduğu halda, Elm və Təhsil Nazirliyi nədənsə güc strukturları ilə bəzi lazımi işləri hələ də görməyə başlamayıb. Formal olaraq, 1-2 hərbi hazırlıq otağı hazırlayır və bununla da işlərini bitmiş hesab edirlər. Lakin əksər rayonlarımızın məktəblərində çağırışa qədər hərbi hazırlıq sinifləri, demək olar ki, ürəkaçan vəziyyətdə deyil. Bəziləri bir az normal olsa da, yaxşı və əla vəziyyətdə siniflər yoxdur. Bunun səbəbi isə odur ki, orada müəyyən tələblər var və bu tələblərə əməl olunmur”.

Onun sözlərinə görə, əlbəttə ki, Elm və Təhsil Nazirliyi bu gün güc strukturlarına lazımi dəstəyi vermir:

“Əgər çağırışaqədər hazırlıq sinifləri hazır olsa, bizim oğlanlarımız, o cümlədən də qızlarımızın – sonradan güc strukturlarında xidmət keçmək istəyirlər – artıq silahla davranmaq, tibbi yardım göstərmək, rabitə avadanlıqlarından istifadə edilməsi və digər məsələlərdə ilkin bacarıqları mövcud olar.

Bizdə hər kəs gözləyir ki, lap yuxarıdan ona hansısa göstəriş gəlsin. Nazirlikdə oturanların isə anlayışı yoxdur ki, bu, çox önəmli və vacib məsələdir. Nə qədər ki ölkəmiz müstəqildir, bir o qədər də gənclərimiz onu müdafiə etməyə hazır olmalıdır. Mütləq deyil ki, müharibə olsun. Məsələn, İsraildə müharibə var idi? Yox, amma keçən ilin oktyabrından onların üzləşdiyi problem bu gün də davam edir. Yaxud Ukrayna, Rusiya və digər ölkələr. Ona görə də ölkə hər zaman bu hadisələrə hazır olmalıdır. Çünki ölkəmizi istəməyən qüvvələr var”.

Hərbi ekspert əlavə edib ki, hər gün bu haqda eşidilir:

“Fransa, ABŞ, Rusiya, İran və digərləri bəzi planlar üzərində işləyirlər. Ona görə də çağırışa qədər hazırlıq fənni artıq müasirləşdirilməli və dərsliklər təkmilləşdirilməlidir. Dərsliyi 10 nəfər yox, 2-3 nəfər ekspert qrupunun iştirakı ilə yazmalıdır. Amma biz bunu görmürük. Uzun sözün qısası, Çağırışaqədər hazırlıq fənni, təəssüflər olsun ki, bizdə hələlik axsayır. Bu məsələdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, o cümlədən Elm və Təhsil Nazirliyi əlbir işləməlidirlər. Çünki təəssüflər olsun ki, bəzi gəncləri müxtəlif yollarla xidmətdən yayındırırlar, adını da qoyurlar dini etiqad və s. Hesab edirəm ki, çağırışa qədər hazırlıq fənni Azərbaycanda ən önəmli fənlərdən biri sayılmalıdır”.

Hərbi ekspert Ramil Məmmədli isə Yenicag.az-da bildirib ki, bu məsələ ilə bağlı təxminən 6-7 il əvvəl xeyli müzakirələr olmuşdu, lakin Azərbaycan qanunvericiliyi hərbi hazırlıq dərslərinin sovet dövründə olduğu kimi keçirilməsinə icazə vermir:
“Hətta sovet dövründə olduğu kimi silah və texnikalarla bacarığının öyrədilməsi, onun təkmilləşdirilməsi və mükəməlləşdirilməsi istiqamətində addım atılmasına icazə verilmir. Məhz sözügedən prosesin problemi buradan başlayır.
Digər tərəfdən, bu prosesə mülki şəxslərin rəhbərlik etməsi, yəni Elm və Təhsil Nazirliyinin birbaşa bunu nəzarətdə saxlaması adıçəkilən məsələdə problem yaradır. Sovet dövründə rayon hərbi komissarlıqları və DOSAAF (SSRİ Ordusuna, Aviasiyaya və Hərbi Dəniz Donanmasına Könüllü Yardım Cəmiyyəti – red.) birlikdə hərbi dərsləri stimullaşdırırdı, tədris ocağını silah-sursatla təmin edirdi. Hətta dərslər hərbi hissələrdə keçirilirdi ki, şagirdlər texnikalarla tanış olsun. Sonrakı dövrdə isə bu məsələlərin qarşısı alındı. İndi isə məktəblinin, demək olar ki, silahla davranmaq bacarığını mükəmməlləşdirmək imkanları azdır”.

Mütəxəssis xatırladıb ki, o vaxtı Azərbaycan Avropa Şurasına üzv olanda bizə tələb kimi qoyuldu ki, azyaşlıların və yeniyetmələrin hərbi proseslərə cəlb olunması, onlar arasında hərbi təbliğatın aparılması uyğun deyil:
“Bu gün isə bu problemin həll olunması istiqamətində konkret addımların atılmasına ehtiyac var. Bu gün Azərbaycanın yerləşdiyi bölgədə hərbi-siyasi proseslər tez-tez dəyişə bilir. Bu baxımdan, Cənubi Qafqaz regionunda hərbi hazırlıq prosesinin məktəb dövründən başlanması daha məqsədəuyğun və doğrudur ki, çağırışçılar artıq yeniyetmə vaxtında silahla davranmaq və digər məsələlərdən agah olmalıdır”.

“Əlbəttə ki, Elm və Təhsil Nazirliyi ilə İdman və Gənclər Nazirliyi bununla bağlı gördüyü tədbirləri sadalaya bilərlər. Lakin reallıq budur ki, bu yarışlara hər məktəbdən 5-10 nəfər qatılır. Amma bu məsələdə fərqli yanaşma nümayiş etdirilməlidir. Ümumiyyətlə isə hərbi azərbaycanlı hərbi məsələlərlə bağlı məlumatlı olmalıdır. Vacib deyil ki, o, hərbçi olsun. Ona görə də orta məktəb dövründə bu məsələyə daha ciddi yanaşılmalı və hərbi hazırlıq müəllimlərinə diqqət artırılmalı, onun elmi və nəzəri bazası mükəmmələşdirilməlidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.

COP29

www.yenicag.az

336
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv