Gəncədə Novruz bayramı qeyd edilib.
Yenicag.az xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki baş konsulu Mamuka Balavadze, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Gəncə şəhər Heydər Əliyev park-kompleksində təşkil olunub. Qonaqları müdrik el ağsaqqalı “Dədə Qorqud” salamlayıb, onlara xeyir-dua verib, həmrəylik rəmzi olan odu iştirakçılara təqdim edib və Novruz tonqalı bu odla alovlandırılıb. Yazın müjdəçisi – Bahar qız yurdumuza Novruzun gəldiyini xəbər verib.
Gəncənin tarixi şəxsiyyətləri Məhsəti Gəncəvinin, Nizami Gəncəvinin, Cavad xanın obrazları canlandırılıb. Onlar insanları humanizmə, doğruluğa, düzgünlüyə və ədalətə səsləyiblər. Cavad xan el igidlərinə şanlı keçmişimizi xatırladıb. Hər kəsi Azərbaycanın bütövlüyü və inkişafı uğrunda həmrəy olmağa çağırıb.
Meydanda bəzədilən çadırlar önündə Məhsəti Gəncəvinin ədəbi İrfan məclisi qurulub. Xaqani Şirvani, Qətran Təbrizi, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Nigar Rəfibəylinin əsərlərindən nümunələr səsləndirilib.
Novruzun rəmzlərindən olan Kosa və Keçəlin məzəli çıxışı, qonaqlarla yumurta döyüşdürməsi maraqla qarşılanıb.
İştirakçılara Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının motivləri əsasında hazırlanan “Bazar meydanı” tamaşası təqdim olunub. Gəncə Dövlət Filarmoniyasının, Göygöl Dövlət Mahnı və Rəqs ansamblı, Kamera Orkestrı, Gəncə Musiqi Kollecinin kollektivləri qonaqlar qarşısında çıxış ediblər.
Quraşdırılan pavilyonlarda şəhərin idarə, təşkilat və müəssisələrinin hazırladığı stendlər qonaqlara təqdim olunub. Burada gəncəli sənətkarların dekorativ-tətbiqi sənətkarlığın müxtəlif sahələrinə aid sənət nümunələri nümayiş etdirilib.
İdmanın müxtəlif növlərində təmsil olunan gənclərin nümunəvi çıxışları, eləcə də pəhləvanların kəndirdartma, qolgüləşdirmə kimi nömrələri xoş ovqat yaradıb.
Bayram tədbirində qədim Gəncənin milli yemək və çay süfrəsi açılıb. İştirakçılara Azərbaycan mətbəxinin ləziz xörəkləri, müxtəlif çörəklər, qəlyanaltılar, içkilər, şərbətlər və şirniyyatlar təqdim edilib./Report/
www.yenicag.az