“Rusiya Azərbaycan-Ermənistan şərti sərhəddində də öz hərbi bazasını yaratmaq niyyətindədir”.
Bu fikirləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Birləşmiş Qərargahının rəisi Andrey Serdyukovun Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginliyə görə Qərbi suçlamasını şərh edən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayana qədər münaqişənin yenidən alovlanması riski öz aktuallığını saxlayır:
“Bunu son hadisələrdən də açıq-aydın görmək mümkündür. Yəni Ermənistan hər zaman təxribat xarakterli addımlar ata bilər və atır. Həmin təxribatlara adekvat cavab verilsə də, toqquşma riski hələ qalmaqdadır. Serdyukovun belə bir bəyanat səsləndirməsi isə normal haldır.
Əslində, onun dedikləri sadəcə, bəyanat olmaqla qalmır, həm də Qərbə çox böyük mesajlar verir. Yəni bu həm də Qərb-Rusiya qarşıdurmasının növbəti təzahürüdür. Çünki Qərb qədər Rusiya da Cənubi Qafqazda münaqişənin alovlanmasında maraqlıdır. Səbəb isə regionda möhkəmlənməkdir.
Burada açıq-aydın geostrateji qarşıdurma müşahidə olunur. Rusiya KTMT vasitəsilə Gümrüdən əlavə, Azərbaycan-Ermənistan şərti sərhəddində də öz hərbi bazasını yaratmaq niyyətindədir. Belə olan halda isə müharibə riski hər zaman yüksəkdir. Ermənistan ordusu daxilində istər Rusiya, istərsə də Qərb meylli fiqurlar var. Bir sözlə, onların əli ilə yeni təxribatların baş vermə riski hər zaman yüksəkdir”.
Nəsimi Ələsgərli
www.yenicag.az