Ərdoğanın Trampla görüşünün gündəliyi açıqlandı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində baş tutacaq görüş iki fərqli gündəm yaradır.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Prezidentimizin görüşü cənab Trampın səfəri ilə birlikdə əslində iki vacib gündəm yaradır. Biri NATO Zirvəsidir, digəri isə cənab Prezident Trampın dövlət səfəridir”, – o bildirib və əlavə edib ki, bu səbəbdən səfər əhəmiyyətlidir.
B. Duran liderlərin müzakirə mövzularına da toxunub:
“Prezidentimizin cənab Trampla telefon danışıqlarında gündəmdə saxlanılan çox sayda ikitərəfli mövzular var. Bunların bir qismini bilirsiniz. Bir tərəfdən “KAAN” mühərrikləri məsələsi var idi. Daha əvvəl “Halkbank məsələsi” olub. Türkiyənin müdafiə və təhlükəsizlik əməkdaşlığı çərçivəsində ABŞ ilə apardığı digər məsələlər də var.
Beləliklə, bunların hamısının gündəmdə olması gözlənilir. Təbii ki, bununla yanaşı, ABŞ ilə ticarət gündəmimiz vacibdir, bilirsiniz. Bütün bu mövzuların hamısı müzakirə ediləcək”.
Xatırladaq ki, Trampın administrasiyası Konqresin etirazlarına baxmayaraq, Türkiyəyə yüz milyonlarla dollar dəyərində reaktiv mühərriklərin satışını təsdiqləməyi planlaşdırır. Söhbət Türkiyə qırıcı təyyarəsi “KAAN”da istifadə olunacaq “General Electric” mühərriklərindən gedir.













