“Məni əbəs yerə gəl tutma dilə,
İnamın oduyla yanan bir şamam.
Gərək elə yanım, külümdən belə,
Nəsillər tanısın – Tofiq Bayramam…”
Bu sətirləri təsadüfən xatırlamadım.Yenicag.az xəbər verir ki, bu gün Azərbaycan ədəbiyyatının sönməz günəşi, böyük şair, tərcüməçi, əməkdar incəsənət xadimi Tofiq Bayramın 85 illik yubileyidir. Sağ olsaydı, dostlarını, əzizlərini başına yığıb, misraları misralara calayardı. Amma yox, böyük şairlər ölmür, sadəcə, dünyalarını dəyişir. Bu gün Tofiq Bayramın şeirləri oxucularının dillər əzbəridirsə, sözlərinə yazılmış yüzlərlə mahnılar təşnə ürəklərə su çiləyirsə, demək ki, onların müəllifi də aramızdadır. Şeirlərinin, nəğmələrin arasından hər gün oxucularına boylanır. Hər gün onları salamlayır.
Tofiq Bayram təkçə şeirləri ilə yox, tərcümələriylə də məşhurdur. Bir çox sovet yazarları, o cümlədən Rəsul Həmzətov kimi böyük şair məhz Tofiq Bayramın sayəsində Azərbaycan oxucusunun qəlbinə yol tapa bilib.
Tofiq Bayramın bacısı AYB üzvü, politoloq Svetlana Bayramova
Azərbaycan poeziyasında misilsiz xidmətləri olan qardaşından danışarkən, ulu öndər Heydər Əliyevin böyük şairə hər zaman dəyər verdiyini də xatırlayıb:
“Ulu öndər Heydər Əliyev Tofiq Bayramın şəxsiyyətinə və yaradıcılığına hər zaman böyük qiymət verib. Əmircan qəsəbəsindəki parkın Tofiq Bayramın adını daşıması və büstünün qoyulmasının təşəbbüskarı da ulu öndər olub. Açılış mərasimində özü şəxsən iştirak edib. Tofiq Bayram hər zaman oxucularının sevgisini qazanıb, onun poeziyası dillər əzbəridir”.
… Tofiq Bayram şeirləri ilə hayqırırdı, “Azərbaycanım”, “Qarabağım” deyirdi. Onu dilləndirən də yurd sevgisi, Vətən nisgili, torpaq həsrəti idi. Onun ən böyük arzusu isə Qarabağın işğaldan azad olunması idi. Şair o günü gözləyirdi, o günün xəyalını qururdu.
Əl çəkin bu bazardan.
O sırtılmış üzləri
Varmı soyub qızardan?
Torpaq adım, şərəfim
Mən torpağı vermərəm.
Köynəyim bayraq olub
Seçilməz laləzardan
Mən əsgərəm, əlimdən
O bayrağı vermərəm.
Öz qanımı verərəm.
Qarabağı vermərəm!
Cəvahir
www.yenicag.az