“Ginnes”ə düşən məhbus azadlıqda
Yaponiya məhkəməsi ən uzun müddət edam gözlədiyinə görə Ginnesin rekordlar kitabına düşən şəxsi azad edib.
İvao Xakamada 47 il əvvəl dörd adam öldürdüyünə görə ölüm cəzasına məhkum olunub. Lakin bütün bu müddət ərzində o, günahsız olduğunu idda edib. Hüquq müdafiəçilərinin təzyiqləri və məhkəmənin DNT analizinə görə məhkəmə işi yenidən baxılmaya göndərməyə qərar verib.
İvao Xakamada təxminən yarım əsr həbsdə edamını gözləyib. Yaponiyada o, polis və məhkəmə sisteminin qəddarlığının simvoluna çevrilib. 2011-ci ildə isə Xakamadanın adı ən uzun müddət edamını gözləyən şəxs kimi Ginnesin rekordlar kitabına düşüb. İndi 78 yaşlı Xakamada 47 ildən sonra azad olunacaq. Bu qərarı çərşənbə axşamı onun işinə yenidən baxmağa razılaşan Sidzuoka şəhər məhkəməsi verib. Azad olunma barədə qərarı verərkən məhkəmə bildirib ki, azadlıqdan məhrumetmənin davam etdirilməsi “ədalət mühakiməsinin əleyhinədir”.
Bununla yanaşı Xakamadanın hökmü hələ ləğv olunmayıb. Məhkəmə hələ təzəlikcə işin yenidən baxılmasına başlayıb. Bu, hüquq müdafiəçilərinin, ictimaiyyətin və bir sıra politoloqların aktiv köməkliyi nəticəsində mümkün olub.
Edamın ləğv edilmə şansı kifayət qədər yüksəkdir: xüsusilə də, Xakamadanı azad etmək qərarını izzah edən hakimin söylədikləri nəzərə alınarsa.
“Əsas sübutların istintaq orqanları tərəfindən saxtalaşdırılması ehtimalı da mövcuddur”,- deyə məhkəməyə sədrlik edən hakim Xiroaki Muroyama bildirib.
Xakamada dörd nəfərin öldürülməsində günahkar bilinəndə 30 yaşı olub. Həmin vaxt – 1966-cı ildə Xakamada peşəkar boksçu olub. O, Yaponiya boksçuları reytinqində öz çəkisi üzrə altıncı yeri tutub. Paralel olaraq Xakamada fabrikdə işləyib. O, fabrikin rəhbərlərindən biri ilə qonşu evdə yaşayıb. 1966-cı il, iyunun 30-a keçən gecə məkanda yanğın baş verib. Yanğını söndürməyə qonşular da gəlib, yanğınsöndürənlər çağırılıb. Xakamadanın sözlərinə görə, o da yanğını söndürməyə kömək edib.
Dağıntılar altından yanğınsöndürənlər sahibkarın ,onun həyat yoldaşı və iki övladlarının cəsədini aşkar edib. Onlar bıçaqlanıblar. Məhkəmə tibbi ekspertizası müəyyən edib ki, cinayətkar qurbanlardan hər birinə çox saylı bıçaq zərbələri endirib. Görünən odur ki, cinayətkar cinayəti gizlətmək məqsədilə evə benzin töküb yandırıb. Müstəntiqlər isti izlərlə heç kimi saxlaya bilməyiblər. Ay yarımdan sonra isə onlar Xakamadanı qonşularını öldürməkdə günahlandırıb və həbs ediblər. O vaxtdan etibarən Xakamada azadlığa çıxmayıb.
Həbsdən əvvəl Xakamada ailəsinə və vəkillərinə 23 gün müddətində sorğu-sual olunduğunu söyləyib. Bu müddət ərzində ona heç bir vəkil təqdim olunmayıb. Sorğu-suallarda onu döyüblər, su belə verməyiblər. Xakamadanı etiraf ifadəsini imzalamağa məcbur ediblər. Ən uzun sorğu-sual 16 saat davam edib. Sonda müstəntiqlər etiraf əldə edə biliblər. Məhz bu etiraf günahın əsas sübutu olub. İctimaiyyətə və məhkəməyə bir pijama təqdim olunub. Pijamanın üstündə qan və benzin ləkələri olub. Lakin, pijama əzələli boksçunun eyninə kiçik gəlib. Bu aydın olduqdan sonra pijama yoxa çıxıb. Əvəzində isə, müstəntiqlər başqa əşyalar nümayiş etdiriblər. Bu əşyalarda da eynilə qan və benzin ləkələri olub. Məhkəmədə təqsirləndirilən şəxs öz ifadəsindən imtina edib. Məhkəmə işini üç hakim aparıb. Onlar cinayət işinin sənədlərini şübhə ilə nəzərdən keçiriblər. Guya, Xakamada tərəfindən imzalanan 45 sənəddən 44-ü rədd edilib. Etibarsız sənədlərə baxmayaraq 1968-ci ildə Xakamada təqsirli bilinib və ölüm hökmünə məhkum olunub. Sonrakı on illiklərdə Xakamada işinə yenidən baxılmasına nail olmağa çalışıb. Lakin, 1980-ci ildə Yaponiyanın Ali məhkəməsi hökmün qanuniliyini təsdiqləyib. Üç ildən sonra Xakamada oğluna məktub yazıb: “Mən sizə sübut edəcəyəm ki, atanız heç kimi öldürməyib. Polis və işi aparan hakimlər bunu hər kəsdən daha yaxşı bilirlər. Mən bu dəmir zənciri qıracam və sizin yanınıza qayıdacağam”. Xakamadanın azad olunmasını həm də onun böyük bacısı da gözləyirdi.
Sonradan uzun müddət təkadamlıq hücrədə saxlanılması məhkumun sinir sisteminin pozulmasına səbəb olub. O, fikirlərini əlaqəsiz ifadə etməyə başlayıb. Həmçinin bacısı və digər ailə üzvləri ilə görüşməkdən imtina edib.
Bu tarixdə dönüşü 2007-ci ildə məhkumu edama göndərən hakim Norimiçi Kumamoto edib.
Hakim açıq şəkildə Xakamadanın məhkəmədə dediyi işgəncələrdən, işin sənədlərindən danışıb. Kumamoto bildirib ki, həmişə məhkumun günahsız olduğuna inanıb. Lakin, digər iki hakimin fikirləri onun fikrindən üstün olub.
Hökm verdikdən bir il sonra hakim etiraz əlaməti olaraq istefaya gedib. Lakin, onun seçimi heç nəyə təsir etməyib:
“Bu barədə daha öncədən danışmadığıma görə çox peşmanam. Günahsız insanı təqsirləndirdiyin üçün özümü günahkar hesab edirəm. Sübutlar içində Xakamadanın ağır sorğu-sualdan sonra imzalamış olduğu etirafdan başqa heç nə yox idi. İndi istəyirəm ki, heç olmasa ömrümdə bir dəfə Ali Radada məni eşitsinlər”.
Hakim BMT ekspertləri önündə çıxış edib. Elə bundan sonra da Xakamadanın işi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Beynəlxalq hüquq-mühafizə təşkilatı “Amnesty International” məhkuma dəstək kampaniyası başladıb. Onlara Britaniya parlamentarisi Alister Karmaykl da qoşulub. Alister Britaniya partiyalarının ölüm hökmünə qarşı qrupuna rəhbərlik edib. Onlar Böyük Britaniyadakı Yaponiya səfirliyinə baş çəkib, Xakamadanın işini müzakirə ediblər.
Yaponiya “Amnesty International”ın üzvləri məhkumun bacısını tapıblar. Belə diqqət ona qardaşının azad edilməsinə ümid verir. Məhkumun müdafiəsinə Yaponiya vəkillər federasiyası da qoşulur. Federasiyanın üzvləri ötən əsrin istintaq və məhkəmə metodlarını tənqid edirlər. İnternetdə, o cümlədən, Facebook-da yapon məhkuma dəstək qrupu yaradılır.
Xakamadanın yeni vəkilləri Ali Radadan işə yenidən baxılmasını tələb edirlər. 2012-ci ildə Xakamadanın qan nümunəsi analiz üçün götürülür.
DNT analizi göstərir ki, sübut kimi saxlanılan əşyalar üzərindəki qan ona məxsus deyil. Bu qan qurbanlara məxsus ola bilər, lakin bunu müəyyən etmək artıq mümkün deyil.
Xakamadanın 81 yaşlı bacısı Sidzuoki məhkəməsinin qərarını sevinclə qarşılayır. Jurnalistlərə müsahibə verən qadın sevincini belə iadə edib:
“Mən istəyirəm ki, onu mümkün qədər tez azad etsinlər. Ona demək istəyirəm ki, afərin. Nəhayət ki sən azadsan. Lakin, mən onun sağlamlığından və sinir sistemindən narahatam. Əgər kimisə 47 il həbs etsəniz, onun sağlam düşüncəyə sahib olduğunu gözləməyiniz əbəsdir”.
Üç il əvvəl kiçik tibbi müayinə zamanı Xakamadadan edama məhkum edildiyini başa düşüb düşmədiyini soruşublar.
“Müdriklik heç vaxt ölən deyil. Dünyada çox sayda xanım, çox sayda heyvan var. Onlar hamısı yaşayır və nəisə hiss edirlər. Fillər, əjdahalar… Mən heç vaxt ölən deyiləm. Mən ölmək istəmirəm”,- deyə Xakamada cavab verib. Bundan sonra psixiatr onun psixozdan əziyyət çəkdiyini bildirib.
Hüquq müdafiəçiləri edam hökmünü saxlayan yapon cəza sistemini tənqid ediblər. Məhkumlara nə vaxt edam olunacağını demirlər bə bu çox amansız və əzabvericidir.
“Ən pis məqam ondadır ki, insan hər günün onun ömrünün son günü olduğunu düşünür. Bu kifayət qədər qorxuludur. Lakin, yapon hüquq sistemi edama məhkum edilənlərin təcrid edilmiş vəziyyətdə saxlanılmalarını lazım bilir”,- deyə “Amnesty International”ın Britaniya filialının direktoru Keyt Allen bildirib.
(news.az)