“Girovlarla bağlı ATƏT PA-ya məktub göndərəcəm”
“ATƏT PA-ya rəsmi məktub ünvanlamaq niyyətindəyəm”. Bunu ATƏT Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
Onun sözlərinə görə, ATƏT PA bu məsələyə münasibət bildirməli idi: “Mətbuatda bu məsələ ilə bağlı açıq müraciət etmişəm. ATƏT PA-nın girovlarla bağlı məsələyə münasibət bildirməsi üçün məktub ya bu gün, ya da sabah yola salınacaq. Hesab edirəm ki, azərbaycanlı girovlarla bağlı məsələyə ilk növbədə, ATƏT PA münasibət bildirməli idi”.
Qeyd edək ki, bir neçə gün bundan qabaq Ermənistanın işğalı altındakı Kəlbəcər rayonuna gedən üç soydaşımız düşmən hərbçilərinə tuş gəliblər. Erməni tərəfi onlardan iki nəfəri – Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürüldüyünü, Həsən Həsənovun isə öldürüldüyünü bəyan edib.
Ermənistan tərəfindən girov götürülən azərbaycanlılarla bağlı məsələnin hüquqi müstəvidə həll olunması üçün beynəlxalq təşkilatlara müraciətlər davam edir.