Qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, ibtidai istintaqla Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Dursunəliyev Pərvin Dursunəli oğlu ilə həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mehdiyev Mənsur İlham oğlunun tanışları İbrahimov Əli Qüdrət oğlu ilə qabaqcadan əlbir olaraq 8 iyul 2024-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərindən Əli İbrahimov tərəfindən alınan 190 min 400 manat dəyərində 5 ədəd qızıl külçənin hava limanının sərhəd buraxılış məntəqəsindən cinayətkar qrupun digər üzvlərinin köməkliyi ilə gizli şəkildə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilmişdir.
Toplanmış sübutlar əsasında Pərvin Dursunəliyev və Mənsur Mehdiyevə Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), Əli İbrahimova isə həmin Məcəllənin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
***
Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunun böyük inspektoru Nəsibov Tural Yurik oğlu və digərlərinin qanunsuz əməlləri ilə bağlı həmin qurumdan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş cinayət işinin istintaqı tamamlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, ibtidai istintaqla Tural Nəsibovun qeyd olunan vəzifədə işləyərkən tanışları Ramazanov Tehran Xəlil oğlu və Babayev Cavid Şəmistan oğlu ilə qabaqcadan əlbir olaraq dövlət qeydiyyatından keçirilməyən külli miqdarda dərman vasitələrini, habelə külli miqdarda aksiz markası ilə idxal olunmalı malları bəyan etməyərək qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Tural Nəsibov, Tehran Ramazanov və Cavid Babayevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq), 213-1.2.1 və 213-1.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan edilib.
İş üzrə Tehran Ramazanov barəsində polisin nəzarəti altına vermə, Tural Nəsibov və Cavid Babayev barəsində isə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
www.yenicag.az