Göygöldə müəllim yerdəyişməsi ilə bağlı PROBLEM: “Vakant yerlər gizlədilir?” – İDDİA
Göygöl rayonunda bir neçə ildir müəllim kimi çalışan və hazırda ucqar kənd məktəblərindən birində fəaliyyət göstərən təhsil işçiləri yerdəyişmə prosesində ciddi problemlərlə üzləşdiklərini bildirirlər.
Yenicag.az xəbər verir ki, şikayətçilərin sosial şəbəkədə yazdıqları iddialara görə artıq 5-6 ildir hər il imtahan verərək yaşayış yerinə – Gəncə və ətraf rayonlara yaxın ərazilərdə işə keçmək istəsələr də, həmin bölgələr üzrə vakant yerlər elan edilmir.
Onların sözlərinə görə, Göygöl, Samux və Gəncə kimi rayonlarda real olaraq boş yerlər olsa da, həmin yerlər sistemə daxil edilmir.
İddialara görə, bəzi məktəb direktorları boş yerləri gizli saxlayaraq, həmin vəzifələri daha sonra tanış şəxslərə və ya müəyyən məbləğ qarşılığında “öz adamlarına” təklif edirlər:
“Həyat yoldaşım 5-6 ildir Göygöl rayonunda müəllimə işləyir. Məktəb Göygölün ucqar kəndində, yaşayış yerimizdən 40 km məsafədədir. Hər il imtahan verir ki, bəlkə bu il yerini dəyişə, yaşayış yerimizə yaxın ərazilərdə fəaliyyətini davam etdirə. Amma ki, bu il də əvvəlki illər kimi Göygöl, Samux, Gəncədə həmin fənn üzrə boş vakansiya yoxdur”.
“İndi isə əvvəlki illər kimi məlum olur ki, yenə də “ağıllı” direktorlar yerləri çıxartmayıb. İndi, hazırda həmin yerlərə əlaltından ətrafındakıları və ya tanışlıqla kimlərisə gətirirlər. Daimi yerləşdirəcəkləri adamlar da var müəyyən məbləğ qarşılığında. Yaxşı, bəs onda biz necə olaq?!” – deyə şikayətçi həyat yoldaşı adından bildirir.
Qeyd edək ki, bu kimi hallar müəllimlər arasında narazılığa səbəb olur. Onlar hesab edirlər ki, yerdəyişmə prosesi daha şəffaf aparılmalı, bütün mövcud vakant yerlər MİQ (Müəllimlərin İşə Qəbulu) sistemində açıq şəkildə göstərilməlidir. Əks halda, bu, bölgələrdə peşəkar müəllim çatışmazlığı problemini daha da dərinləşdirə bilər.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi və ya müvafiq regional təhsil idarələrinin rəsmi mövqeyi hələ ki, açıqlanmayıb.
Yazıda adıçəkilən qurumların da mövqeyini işıqlandırmağa hazırıq.
Yenicag.az