Günəşdə 2017-ci ildən bəri ən böyük partlayış qeydə alınıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun saytında məlumat verilib.
London vaxtı ilə aparılan dünya kataloqlarında partlayış 2023-cü ilə aid edilib, baxmayaraq ki, dünyanın bəzi regionlarında artıq 2024-cü ildə qeydə alınıb. Partlayış müəyyən hissədə – Günəş ləkələrinin hərəkəti nəticəsində ulduzun tacında maqnit və elektrik enerjilərinin toplanması səbəbindən baş verib.
“Dünən bu sahə Günəşin əks tərəfində idi, bu gün isə Yerin baxış sahəsinə düşür. Bu səbəbdən belə güclü partlayış tamamilə gözlənilməz oldu. Ola bilsin ki, görünən tərəfə çatmazdan əvvəl arxa tərəfdə, Yerdəki müşahidə cihazlarının görə bilmədiyi hissədə artıq bir neçə böyük partlayış olub”, – deyə laboratoriyadan bildirilib.
Əgər ehtimal doğru çıxsa, o zaman partlayışlar silsiləsi davam edə bilər və Yer kürəsinin sakinləri onları yanvarın ilk günlərində görəcəklər.
Qeyd edilir ki, partlayış “müstəsna güc hadisəsi” adlandırıla bilər, çünki əvvəlki rekorddan iki dəfə çoxdur: ilkin olaraq onun gücü X5 bal hesablanıb, 14 dekabr 2023-cü ildə qeydə alınmış əvvəlki rekord X2,8 olub.
Alimlər bu hadisənin planetimizə təsirini tamamilə istisna ediblər, çünki o, Günəş-Yer xəttindən çox uzaqda, ulduzun şərq kənarında baş verib.
Mənbə: Lenta.ru
www.yenicag.az