Gürcüstan regionda lider rolunu öz üzərinə götürmək istəyir və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etmək səyləri də bununla bağlıdır.
Yenicag.az xəbər verir ki, bunu Gürcüstanın “Birinci Kanal”ının efirində Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze deyib.
O qeyd edib: “3+3” formatına gəlincə, bu məsələdə çox aydın mövqeyimiz var: Gürcüstanın işğal olunmuş əraziləri azad olunmayana və Rusiya Federasiyası Gürcüstanın ərazi bütövlüyünü tanımayana qədər bu formatda iştirak etməyəcəyik”.
Gürcü siyasətçisi əlavə edib: “Amma bu o demək deyil ki, Türkiyə ilə ikitərəfli əlaqələri inkişaf etdirməyəcəyik və Gürcüstan-Ermənistan-Azərbaycan arasında üçtərəfli münasibətlər formatı yaratmağa çalışmayacağıq. Əlbəttə, bizim üçün Qafqazda həm siyasi, həm də iqtisadi əməkdaşlığa kömək edəcək atmosferin yaradılması vacibdir. Bu formatda olan bir ölkə ölkəmizin ərazi bütövlüyünü kobud şəkildə pozduqda və ölkəmizin bir hissəsini işğal etdikdə, bu formatda iştirakın heç bir mənası yoxdur”.
Samxaradzenin sözlərinə görə, Rusiyanın Gürcüstanla bağlı geniş planları və Gürcüstana daimi təzyiq üçün alət kimi Abxaziya və Sxinvali bölgəsinə ehtiyacı var.
www.yenicag.az