Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası ölkənin Qərb tərəfdaşları ilə münasibətlərinin pisləşməsinin və ölkənin Avropa İttifaqına (Aİ) gedişinin dondurulmasının səbəblərindən biri olan “Xarici təsirin şəffaflığı haqqında” qanunu ləğv etməyəcəklərini bəyan edib.
Yenicag.az xəbər verir ki, bunu Gürcüstanın Birinci Kanalına (Pirveli TV) açıqlamasında “Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze deyib.
Brifinq zamanı ona mübahisəli qanunun geri götürülməsinin mümkünlüyü barədə soruşduqda o, hakimiyyətin sözügedən qanununu ləğv etməyəciyini bəyan edib:
“Xeyr, xoşbəxt olmayacaqsınız, çünkibiz onu geri götürməyəcəyik”.
Mdinaradzenin sözlərinə görə, əgər Gürcüstanda bu qanun olmasaydı, indi on minlərlə insan Rustaveli prospektində dayanacaqdı.
“Həm bu qanun, həm də təbliğata qadağa (“LGBT təbliğatını” qadağan edən qanun – red.) gürcü xalqının əksəriyyəti tərəfindən legitimləşdirilib”, – Gürcüstanın hakim partiyasının nümayəndəsi əlavə edib.
Qeyd edək ki, adəçəkilən qanunun qəbulu Gürcüstanın Avropaya inteqrasiyasını dayandırıb. Belə ki, Aİ LGBT insanların hüquqlarını məhdudlaşdıran qanunvericilik paketini də tənqid edərək, bunun Gürcüstanı Aİ yolundan daha da uzaqlaşdırdığını qeyd edib.
Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell oktyabrın 30-da bildirib ki, “Xarici təsir haqqında” və “ailə dəyərləri” adlanan qanunun ləğvi Gürcüstana Aİ ilə əlaqələri bərpa etməyə imkan verəcək şərtdir.
Məlum olduğu kimi, oktyabrın 17-də Brüsseldə keçirilən sammitdə Aİ ölkələrinin liderləri Gürcüstanın avrointeqrasiya prosesinin faktiki dayandırılması barədə bəyanatlarını təkrarlayıblar.
Rafi Müslümov
www.yenicag.az