Gürcüstanda həmyerlilərimiz etiraz edir
Bu gün azərbaycanlıların kompakt yaşadığı Laqodexi rayonunun Qabal kəndində müəllim və şagird kollektivi dərsə girməkdən imtina edib.
Yenicag apa-ya istinadən bildirir ki, buna səbəb kənddəki 1 nömrəli orta məktəbə yeni direktor təyin edilməsi olub. Gürcüstan Təhsil Nazirliyinin əmrinə əsasən, bu gün həmin məktəbə Qabal kəndinin 5 kilometrliyində yerləşən qonşu Tela kənd məktəbində direktor əvəzi vəzifəsində işləyən Lamara Tabatadze direktor təyin edilib.
Laqodexi rayon bələdiyyəsinin deputatı Mirzə Əliyev APA-ya açıqlamasında müəllim və şagirdlərin dərsə girməməsini təsdiqləyib: “Bu gün məktəb müəllim və şagirdləri 1 nömrəli Qabal kənd orta məktəbinə yeni direktorun təyinatı ilə bağlı etiraz olaraq dərsə girməyiblər. Məktəbin Qəyyumlar Şurası yeni direktorun təyinatını qəbul etməyib. Bu gün Laqodexi Rayon İcra Hakimiyyətinin başçısı və digər rəsmi şəxslər etiraz aksiyası keçirən məktəb müəllimləri ilə danışıqlar aparıblar, lakin heç kim yeni direktorun təyinatı ilə bağlı razılıq verməyib.”
M.Əliyev bildirib ki, Gürcüstan Təhsil Nazirliyinə 100 nəfərədək məktəb müəllimləri və valideynlər etiraz olaraq kollektiv ərizə yazıblar: “Hələlik ərizəyə cavab verilməyib. İndi nazirliyin qərarı ilə imtahandan keçən və sertifikat alan hər bir şəxs məktəb direktorluğuna təyin oluna bilər. Lakin azərbaycanlı müəllimlər arasında sertifikat alan müəllim kadrlar yoxdur. Müəllimlərimiz gürcü dilini mükəmməl şəkildə bildiklərinə baxmayaraq, imtahandan keçə bilməyiblər. Laqodexi rayonu üzrə yalnız iki gürcü sertifikat ala bilib”.
Qeyd edək ki, 1 nömrəli Qabal orta məktəbinin direktoru Vahid Süleymanov olub. O, işdən çıxarıldıqdan sonra həmin vəzifəyə Lamara Tabatadze göndərilib. APA-nın məlumatına görə, Qabal kəndində 13 min azərbaycanlı yaşayır və kənddə 5 orta məktəb var. 1 nömrəli Qabal kənd orta məktəbində 550 şagirdin təhsili, təlim-tərbiyəsi ilə 50-dən çox müəllim məşğul olur.