Yunanıstan Azərbaycandan neft idxalını artırdı
Cari ilin yanvar-may aylarında Azərbaycandan Yunanıstana ixrac olunan neftin həcmi açıqlanıb.
Yenicag.az xəbər verir ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin açıqladığı xarici ticarətin gömrük statistikasına əsasən, yanvar-may aylarında Azərbaycandan Yunanıstana bitumlu süxurlardan alınmış 284,4 min ton neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri ümumi 182,8 milyon ABŞ dolları təşkil edib.
Komitənin məlumatına görə, bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə 53,8 milyon ABŞ dolları və ya 41,7 faiz, həcm baxımından isə 52,2 min ton və ya 22,5 faiz artıb.
Qeyd olunub ki, ötən ilin yanvar-may aylarında Azərbaycandan Yunanıstana 129 milyon ABŞ dolları dəyərində 232,3 min ton bitumlu süxurlardan əldə olunmuş neft və neft məhsulları ixrac olunmuşdu.
Xatırladaq ki, cari ilin yanvar-may aylarında Azərbaycandan dünyanın digər ölkələrinə ümumilikdə 5,121 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış 8,828 milyon ton xam neft və neft məhsulları ixrac olunub.
2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2 faiz, fiziki həcm baxımından isə 1,535 milyon ton və ya 14,8 faiz azalıb.
Cari ilin yanvar-may aylarında Azərbaycan neftinin əsas idxalçıları sırasında ilk üçlükdə İtaliya (5,339 milyon ton, 3,021 milyard ABŞ dolları) qərarlaşıb. Sonrakı yerlərdə Rumıniya (461,3 min ton, 247,8 milyon ABŞ dolları) və Çexiya (433,1 min ton, 245,7 milyon ABŞ dollarından çox) yer alıb.











