Professor Mahirə Hüseynovanın əsərlərinin biblioqrafiyası çapdan çıxdı
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının tərtibatında filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın həyat və fəaliyyətinin biblioqrafik göstəricisi çapdan çıxıb.
Bu barədə Yenicag.az-a Mərkəzi Elmi Kitabxanadan bildirilib.
Nəşr professorun 65 illik yubileyinə həsr olunub və AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən tərtib edilib.
Biblioqrafik göstəricidə alimin həyatı, elmi-pedaqoji, ictimai-siyasi fəaliyyətlərinin əsas tarixləri, kitabları, dilçilik, ədəbiyyatşünaslıq və linqvopoetika sahələrində dərin və fundamental tədqiqatları daxil edilib. Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə apardığı araşdırmalar nəticəsində Mahirə Hüseynova 26 elmi kitabın – monoqrafiya, dərs vəsaiti, metodik vəsait və proqramların, həmçinin 14 bədii kitabın müəllifidir. Alimin respublikanın nüfuzlu elmi jurnallarında, qəzet və digər mətbuat orqanlarında, o cümlədən xarici nəşrlərdə 400-ə yaxın elmi və publisistik məqaləsi dərc olunub.
Mahirə Hüseynovanın elmi yaradıcılığında Ümummilli Lider Heydər Əliyev irsinə, görkəmli dilçi alimlərin elmi fəaliyyətinə və Azərbaycan natiqlik mədəniyyətinə dərin elmi maraq xüsusi yer tutur. Alim-pedaqoq həm də bədii yaradıcılıqla fəal məşğul olan tanınmış şairə, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Kitab biblioqrafiya filologiya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.













