Onomastika sahəsində yeni beynəlxalq elmi nəşr: “Adbilim” jurnalı fəaliyyətə başladı

media-hightechnic-468x90

Beynəlxalq elmi məkanda onomastika (adbilim) sahəsində mühüm bir boşluğu dolduracaq yeni və nüfuzlu bir elmi nəşr – “Adbilim” jurnalı işıq üzü görüb. İzmir mərkəzli “Ad Dərnəyi”nin rəsmi yayın orqanı olan jurnal dünya dillərindəki onomastik sistemi vahid və bütöv bir baxış bucağı ilə dəyərləndirmək, fərqli ölkələrdə çalışan tədqiqatçıları ortaq elmi müstəvidə birləşdirmək məqsədi daşıyır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, ildə iki dəfə (iyun və dekabr aylarında) nəşri planlaşdırılan “Adbilim” jurnalı beynəlxalq və açıq girişli (open access) elmi nəşrdir. Jurnalda türk xalqlarının xüsusi adları (şəxs adları, yer adları, etnonimlər, heyvan, bitki, ulduz adları və s.) ilə bağlı aparılan nəzəri və tətbiqi tədqiqatlara geniş yer verilir.

Onomastika sahəsində beynəlxalq elmi platforma rolunu oynayan “Adbilim” jurnalının baş redaktoru “Ad Dərnəyi”nin rəhbəri, tanınmış türkoloq alim, Ege Universitetinin professoru İbrahim Şahindir. Jurnalın 1-ci sayındakı “İlk söz” təqdimatında Prof. Dr. İbrahim Şahin onomastikanın fənlərarası əhəmiyyətini vurğulamış, türk dünyasının bu sahədəki zəngin irsinin araşdırılmasının vacibliyini qeyd etmişdir. “Adbilim” jurnalı məhz bu elmi zənginliyi dünyaya çatdırmağı və xüsusi adlar haqqında elmə töhfə verməyi hədəfləyir.

Nəşrin əsas özəlliklərindən biri də fərqli dil və mədəniyyətlərdəki adlandırma proseslərini müqayisəli metodlarla və fənlərarası yanaşma ilə araşdıran elmi məqalələri qəbul etməsidir.  Jurnal, müəlliflərdən heç bir ad altında ödəniş tələb etmir. Məqalələr türk və ingilis dillərində qəbul olunur.

2026-cı ilin iyun ayında işıq üzü görən ilk buraxılış maraqlı tədqiqatlarla zəngindir. Sevindirici haldır ki, jurnalın bu debüt sayında Azərbaycanın onomast alimlərinin də dəyərli araşdırmaları dərc olunub.

Azərbaycan elmini bu nüfuzlu platformada təmsil edən alimlərimiz – Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru İbrahim Bayramov və Bakı Dövlət Universitetinin professoru Reyhan Həbibli öz məqalələri ilə jurnalın ilk sayına mühüm elmi töhfələr veriblər. Alimlərimizin araşdırmaları həm milli, həm də ümumtürk onomastik sisteminin tarixi və müasir mənzərəsinin beynəlxalq arenada tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir.

Jurnalla aşağıdakı linkdən tanış ola bilərsiniz: https://adbilim.com/index.php/main/tr

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05