Dövlət siyasətini şantaj edənlərə cavab.
Azərbaycanda jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı başladılan proses və bu müstəvidə hər kəsə bəlli olan meyarlar çərçivəsində kütləvi informasiya vasitələri təmsilçilərinin mənzillə təmin edilməsinin tarixçəsi haqqında yazmayacağam.
Bu, hər kəsin gözü qarşısında baş verib. Gözlər isə müxtəlif görmə qabiliyyətinə malikdirlər. Düzü əyri, əyrini düz, yaxud ikisini birində görənlər də var. Təbii ki, hər şey göz sahibinin kimliyindən asılıdır.
Amma ortalıqda bir reallıq var:
Azərbaycan Prezidentinin Milli Mətbuatın inkişafına, kütləvi informasiya vasitələrinə və onların təmsilçilərinə verdiyi açıq və ardıcıl dəstək…
Bu dəstəyin səbəbi nədir? Nə üçün Azərbaycan Prezidenti bütün dünyada iqtisadi problemlərin yaşandığı, ölkədə iqtisadi islahatların həyata keçirilməsi üçün maliyyə resurslarına ehtiyac duyulduğu bir zamanda, medianın və media təmsilçilərinin problemlərinə bu qədər həssas yanaşır, kütləvi informasiya vasitələrinin öz ayaqları üstə möhkəm dayanması və inkişafı üçün əlindən gələni əsirgəmir? Prezidentin və onun təmsil etdiyi Azərbaycan dövlətinin media qarşısında belə bir öhdəliyi varmı? Təbii ki, yoxdur!
Bu gün “jurnalsitlərə ev verilməsi”, “kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsi” kimi az qala hər kəsin alışdığı təqdimatların alt qatında, dərinliyində yatan amillər bəzilərinin öz bəsit dünyagörüşlərinə uyğun şəkildə yozduğu kimi sadə deyil. Azərbaycan dövləti Milli Mətbuatın inkişafı və ölkənin informasiya təhlükəsizliyini təmin edilməsi ilə bağlı bu gün göz önündə olan qənaətə olduqca mürəkkəb və ziddiyyətli proseslərdən keçərək gəlib.
Gəlib ki, Azərbaycan mediası xarici faktorlardan asılı olmasın. Azərbaycan jurnalisti ölkəmizin informasiya məkanını öz nəzarətində saxlamaq və ehtiyac duyulduğu zaman kəsiyində cəmiyyəti xaosa, qarşıdurmaya, təslimçiliyə sürükləmək məqsədi güdən, təməlində erməni fitnəsindən başlayaraq miskin korporativ maraqlara qədər bütün iyrəncliklərin yer aldığı xarici donor təşkilatların aşağılayıcı lütfündən asılı olmasın…
Azərbaycan mediası və jurnalisti yalnız öz dövlətinin qarşısında məsuliyyət daşısın, yalnız öz dövlətindən gözləntisi olsun, gözü onun-bunun əlində, cibində qalmasın…
İndi bəzi ağzıgöyçəklər böhtan və yalan püskürməkdən genişlənmiş ağızlarını büzməyə cəhd göstərib “dövlət niyə jurnalistə ev versin ki”, yaxud “ nə üçün kütləvi informasiya vasitələrinin layihələrini maliyyələşdirsin ki…” deyirlərsə, bu artıq onların problemidir. Çünki bu hay-küyün, qaraqışqırığın arxasında çirkli ətəklərdən kəsilmiş çirkli əllər dayanır. Maraqlıqdır, necə olur ki, çeşidli adlar altında fəaliyyət göstərən, ayrı-ayrı dövlətlərin, yaxud transmilli korparasiyaların örtülü büdcəsindən maliyyələşən “donor təşkilatları”ndan, çirkli ciblərdən, çirkli əllərdən şantajla, misli görünməmiş həyasızlıqla alınan vəsaitlər hesabına bahalı mənzil və avtomobil almaq, bağ evi inşa etmək, zövq və səfa içində yaşamaq qüsur sayılmır, amma dövlətin hər kəsin gözü qarşısında, açıq və şəffaf bir şəraitdə konkret layihələrə ayirdığı vəsaitlər hesabına kütləvi informasiya vasitələrinin maddi-texniki bazasını gücləndirmək, dövlətdən mənzil almaq peşə prinsiplərinin satılması kimi dəyərləndirilir? Kim kimə satılıb, hörmətsiz reketlər, peşəkar şantajçılar, qrant dəllalları və ovçuları? Hansı daha şərəflidir, sizin təbirinizcə desək, “dövlətə satılmaq”, yoxsa dövləti satmaq?
… Jurnalistlər üçün inşa edilən mənzillərin bölgüsü ilə bağlı komissiya yarandığı gündən sosial şəbəkələrdə paylaşılan statusları, yayımlanan yazıları, açıqlamaları oxuyuram. Az qala hər kəs bu mövzudan yazır – uzaqdan-yaxından media ilə əlaqəsi olan da, olmayan da… Hər kəsin öz meyarı, öz ölçüsü var.
Azərbaycan mətbuatının inkişafında sözün əsl mənasında xudmətləri olan, peşəkar, istedadlı, qürurlu, ləyaqətli media təmsilçiləri isə əsasən bu mövzudan yan keçməyə çalışırlar. Çünki bu dedi-qodu kampaniyalarında iştirak etmək üçün nə vaxtları var, nə də həvəsləri…
Mənzil bölgüsü ilə bağlı meyarlar elan olunub, sənəd qəbulu ilə bağlı vaxt başa çatır. Komissiyanın qarşısında gərgin bir iş prosesi dayanır. Mənzillər isə elan olunan meyarlar və təqdim olunan sənədlərin bu meyarlara nə dərəcədə uyğun həlib-gəlmədiyi ciddi şəkildə araşdırıldıqdan sonra veriləcək. Mənşəyi bəlli olmayan, şantaj xarakterli “sorğular”da yer alan siyahı əsasında yox…
Onun siyahısı var…
Sosial şəbəkələrdə və internet mediada paylaşılan-yayımlanan “haqqım var”, yaxud “haqqı var” status-yazışmaların, fərdi və qrup maraqlarından doğan atışma və çatışmaların arasında diqqət çəkən məqamlardan biri də harada və necə keçirildiyi bəlli olmayan “sorğu” nəticəsində açıqlanan “siyahı” ilə bağlı oldu… Əvəz Zeynallı “siyahısını” açıqladı… Həm də bəlağətli ziddiyyətlərlə dolu bir girişdən sonra… Bu ziddiyyətlərin bir hissəsi ilə bağlı fikirlərimi əsaslandırdığım üçün təkrarçılığa yol vermək istəmirəm.
Əvəz Zeynallı iddia edir ki, 100 nəfər arasında sorğu keçirib və mənzil almağa “haqqı çatan” 72 nəfərin “siyahısını” müəyyənləşdirib. Əcəb statistikadır… 28 nəfər də əlavə etsəydi, yəni bir az da üz vursaydı 100-ə 100 vuracaqdı. Amma olmaz. Peşəkar şantajçılığın öz qaydaları var. Həm də qızıl-qırmızı… İnandırıcı olmalıdır. Ona görə də adı Mətbuat Şurasının “qara siyahı”nda bərq vuran adamların adını peşəkar və peşə prinsiplərinə əməl edən jurnalistlərin sırasında elə paylaşdırmaq lazımdır ki, gözə sıçramasın…
Əvəz Zeynallının təqdimatında maraqlı bir məqam da var: Adam heç sahibi Markın belə həqiqliyinə təminat vermədiyi profillərin yer aldığı sosial şəbəkədə keçirilən “sorğu”ya istinad edir, fərqli düşünən, fərqli mövqe sərgiləyən mütləq çoxluğu susdurmaq üçün şantaşçılığın ən incə detallarına əl atır və sonra da deyir ki, “məsuliyyət təbii ki, jurnalistlərin adlarını çəkib onların evə haqqı olduğunu iddia edənlərin və təqdimatçıların boynuna düşür”. Əgər sən “sorğu”nun həqiqiliyinə və obyektivliyinə əmin deyilsənsə və məsuliyyəti kimliyi bəlli olmayan “facebook” profillərinin üzərinə qoyursansa, o zaman yazdığın bu sicilləmə nədir?
Əvəz Zeynallı yazır ki, onun “siyahısı”nda yer alan jurnalistlərin bir çoxunu bütün Azərbaycan tanıyır: “Onlar bu haqqdan kənarda qalsalar, ölkə rəhbərliyi bu evi paylamaqdakı əsas hədəfinə və məqsədinə çatmayacaq”. Doğrudur, adları Əvəz Zeynallının “siyahı”sında yer alan jurnalistlərin arasında imzaları kifayət qədər tanınan jurnalistlər də var. Bu da daha öncə qeyd etdiyim kimi, “siyahı” ətrafında obyektivlik çəmbəri yaratmaq məqsədi daşıyır. Lakin Əvəz Zeynallının “siyahı”sında elə adamlar var ki, onları Azərbaycanın bütün bölgələrində tanıyırlar. Amma imzalarını yox, üzlərini…
Nəticəsi bəlli olmayan, açıqlanmayan bir prosesi öncədən şübhə altına almaq, adları ictimailəşdirilən şəxslərin mənzillə təmin edilməyəcəyi təqdirdə dövlətin əsas hədəflərinə və məqsədlərinə çatmayacağını” iddia etmək isə açıq-aşkar şantajdır və jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edən bu humanist aksiyanın gözdən salınmasına xidmət edir.
P.S. Hər şey mənzildən başlayır. Yol da, həyat da, bu gün də, gələcək də… Mənzildən yol alıb mənzilə varırıq. Dövlətin hər kəsə açıq olan meyarlar əsasında qələmiylə azad sözün, ictimai maraqların keşiyində dayanan insanları mənzillə təmin etməsi onların ən böyük qayğıdan azad edilməsi, yeni mənzildə yeni həyata başlamaları üçün verilən böyük bir şans deməkdir. Xeyirli-uğurlu olsun!
P.P.S. Əvəz Zeynallının məlum yazısında və şübhə etmirəm ki, obyektiv görünmək naminə yer alan yeganə doğru yanaşma Elxan Şükürlünün açıqlamasında yer alıb:
“Öz dövlətini sevən və onun daha yaxşı olmasını istəyən, öz abrını-həyasını qoruyaraq çalışan, nəfsinə-tamahına yox deyə bilən, fəaliyyətində şantajdan, reketçilikdən, oğurluqdan uzaq duran xeyli qabiliyyətli jurnalistimiz var ki, dövlət, həqiqətən, onlara sahib çıxmalı, ən azından, ehtiyacdan gedib məcburən xarici təsirə düşməmələri üçün tədbirlər görməlidir”. Tamamilə doğrudur. Yazının əvvəlində də qeyd etdiyim kimi, KİV layihələrinin maliyyələşdirilməsi, jurnalsitlərin mənzillə təmin edilməsi Azərbaycan dövlətinin öz mediasına sahiblənmək, arxa durmaq, onu və ölkənin informasiya mühitini xarici təsrlərdən qorumaq niyyətindən qaynaqlanır. Bu niyyətə isə dəstək vermək və təqdir etmək lazımdır.(Ölkə.Az)
www.yenicag.az