“Heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz”

media-hightechnic-468x90

Ilham Eliyev 1903012“Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq cəhdləri əbəsdir”

“Keçən il beynəlxalq əlaqələrimiz artıb. Bizim fəal əməkdaşlıq etdiyimiz ölkələrin sayı gündən-günə artmaqdadır. Azərbaycan həm ikitərəfli, həm çoxtərəfli formatda çox uğurlu xarici siyasət aparır. Əlbəttə ki, keçən il ilk növbədə, qonşu ölkələrlə bizim ikitərəfli formatda çox sıx təmaslarımız olub”.

Bunu bu gün Nazirlər Kabinetinin iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident qeyd edib ki, dövlət başçıları səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər təşkil edilib: “Avropa və Asiya ölkələri ilə ən yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün işlər görülüb. Azərbaycan dünyada çox böyük hörmətə malikdir, etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq nüfuzumuz getdikcə artır. Regional məsələlərin həllində, regional əməkdaşlıq məsələlərində Azərbaycanın rolu əvəzolunmazdır. Biz bir çox təşəbbüslərin müəllifiyik. Bu təşəbbüslər sadəcə olaraq niyyət deyil. Bu təşəbbüslər real layihələrə çevrilir. Bu layihələrin icrası, əlbəttə ki, bizim imkanlarımızı artırır və ölkəmizə siyasi, iqtisadi dividendlər gətirir”.

Prezident qeyd edib ki, ötən il beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq edilib: “Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Azərbaycan fəal iştirak edir, öz mövqeyini müdafiə edir və bu təşkilatların uğurlu fəaliyyətinə öz dəyərli töhfəsini verir. Keçən il biz Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etmişik. Bu, çox uğurlu sədrlik dövrü idi. Bu dövr ərzində Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, ədalətin bərqərar olmasına Azərbaycan çox böyük və dəyərli töhfələr verib. Xüsusilə, ölkəmizin multikulturalizmlə bağlı təcrübəsi nadir xarakter daşıyır. Hesab edirəm ki, əgər bizim təcrübəmiz dünyada daha da geniş şəkildə təhlil edilsəydi, bir çox xoşagəlməz halların qarşısı alına bilərdi”.

Prezident qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarla bundan sonra da fəal əməkdaşlıq edəcək: “Biz üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəlikləri vaxtında və artıqlaması ilə yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında əlbəttə ki, heç bir öhdəliyimiz ola bilməz. Təbii ki, ikitərəfli formatda heç bir ölkə qarşısında bizim heç bir öhdəliyimiz yoxdur və ola da bilməz. Bu, beynəlxalq münasibətlərin qanunlarıdır. Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Bu, beynəlxalq davranışın qaydalarıdır. Heç bir ölkənin istisna ixtiyarları, haqları yoxdur, ola bilməz. Bütün ölkələr bərabərdir və bütün ölkələri birləşdirən təşkilat BMT-dir”.

Azərbaycan prezidenti xatırladıb ki, 2011-ci ildə Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv olub: “Bu fakt Azərbaycanın beynəlxalq nüfuzunu əks etdirən ən gözəl göstəricidir. Bu gün beynəlxalq aləmdə böyük nüfuza sahib olan Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq cəhdləri əbəsdir. Bunların heç bir təsiri yoxdur, bu, bizim siyasətimizə heç vaxt təsir etməyəcək. Heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz. Bunu hamı bilməlidir. Biz həm rəsmi bəyanatlarda, eyni zamanda, bağlı qapılar arxasında aparılan müzakirələrdə öz mövqeyimizi müdafiə edirik. Biz ikili standartlardan uzağıq və hesab edirik ki, beynəlxalq münasibətlərdə ikili standartlara yol verilməməlidir. İkili standartlar o standartları tətbiq etmək istəyənlərin əleyhinə də işləyir. Biz bunu indi tarixdən və dünyada gedən proseslərdən görürük. Daxili işlərə müdaxilə etmək, kimisə hansısa işlərə təhrik etmək – bu, heç kimə xeyir gətirmir. Bu, ölkələri qarışdırır, sabitliyi pozur, ölkələrdə qanlı toqquşmalara gətirib çıxarır və bu qanlı toqquşmaların arxasında dayanan qüvvələrə də nəticə etibarilə mənfi təsir göstərir. Çünki bu gün dünyada bütün ölkələr demək olar ki, bir-biri ilə bağlıdır və istənilən yerdə baş verən hadisə nə vaxtsa başqa yerdə də öz əks-sədasını verə bilər. Bir daha demək istəyirəm ki, bizim mövqeyimiz ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanır. Biz bu mövqeyi uğurla müdafiə edirik və edəcəyik”(apa).

***

“Bu qədər riyakarlığa artıq dözmək çətindir, artıq burada diplomatik dillə danışmağa da heç ehtiyac yoxdur”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində keçən il, əfsuslar olsun ki, heç bir irəliləyiş olmayıb.

Bu barədə bu gün Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, keçən il də Ermənistan sadəcə olaraq danışıqlar prosesində imitasiya taktikasını seçib: “Bu, artıq nə bizim üçün, nə də vasitəçilər üçün sirr deyil ki, Ermənistan sülh istəmir. Ermənistan istəyir ki, bu münaqişə öz həllini tapmasın və işğal edilmiş torpaqlardan çıxmaq istəmir. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları dəfələrlə demişlər ki, status-kvo qəbuledilməzdir. Ancaq bu, sözlərdən başqa bir şey deyil. Sadəcə olaraq sözlərdir və bu sözlərin arxasında heç bir ciddi siyasət dayanmır. Əgər status-kvo qəbuledilməzdirsə, – bu, əlbəttə ki, qəbuledilməzdir, – onda bir tədbir görülməlidir. İşğalçı dövlətə təzyiq göstərilməlidir. O, məcbur edilməlidir ki, işğal olunmuş torpaqlardan çıxsın. Yoxsa bu da riyakarlığın bir növüdür. Bir bəyanat verilir, onun arxasında iş görülmür. Necə ki, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Heç biri 20 ildən çoxdur ki, icra edilmir. Nə üçün başqa yerlərdə qəbul edilmiş qətnamələr dərhal icra edilir, bizə gəldikdə icra edilmir?! Bu, ədalətsizlikdir, bu, ikili standartlardır”.

Prezident İlham Əliyevin sözlərinə görə, artıq Azərbaycan xalqı bunu yaxşı bilir, dərk edir ki, bu problemin həll olunmaması təkcə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə izah edilə bilməz: “Görünür, dünyada elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyillər. Görünür, elə qüvvələr var ki, maraqlıdır bu münaqişə dondurulmuş, yarıdondurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etsinlər. Son illərdə müxtəlif bölgələrdə – Avropada, Yaxın Şərqdə gördüyümüz mənzərə bax, bu mövqeyi, bu yanaşmanı daha da gücləndirir. Proseslərdən belə nəticə çıxır. Ona görə, buna da aydınlıq gətirilməlidir ki, biz nə vaxta qədər bu ikili standartlarla üzləşəcəyik?!”

Dövlət başçısı vurğulayıb ki, bununla bərabər, Ermənistan keçən il yay aylarında və ilin sonunda bir neçə dəfə açıq təxribatlara əl atıb: “Hər iki dəfə Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu yerinə oturtdu. Yay aylarında 50-dən çox işğalçı məhv edildi. Noyabr ayında isə ermənilərin təxribatı cavabsız qalmamışdı. Bütün bu təxribatların nəticəsində baş verən hadisələrə görə Ermənistan rəhbərliyi – kriminal, diktatura rejimi məsuliyyət daşıyır. Ermənistanın bugünkü acınacaqlı vəziyyətinə görə də bu ölkənin indiki və əvvəlki rəhbərliyi bilavasitə cavabdehlik daşıyır. Çünki məhz onların işğalçı siyasətinə görə Ermənistan müstəqil ölkə kimi özünü göstərə bilməyib. Faktiki olaraq heç müstəqilliyi əldə etməyib. Sadəcə olaraq bu, formal bir məna daşıyır”.

“Azərbaycan isə bu məsələdə də prinsipial mövqedədir. Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır. Bizim mövqeyimizi gücləndirən ordumuzdur. Bizim ordumuz keçən il öz qüdrətini, nəyə qadir olduğunu göstərdi. Düşmənə də, düşmənin havadarlarına da göstərdi ki, istənilən vaxtda Azərbaycan ordusu öz ərazi bütövlüyünü bərpa edə bilər. Sadəcə bu məsələ öz həllini danışıqlar yolu ilə tapsa, əlbəttə ki, daha yaxşı olar. Hesab edirəm ki, bu bir neçə amilin mövcudluğu bizim mövqeyimizi daha da möhkəmləndirir”, deyə ölkə başçısı qeyd edib.

Dövlət rəhbəri qeyd edib ki, danışıqlar prosesində heç bir irəliləyişin olmamasına baxmayaraq, keçən il Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox böyük işlər görülüb – həm siyasi sahədə, həm regional çərçivədə və həm də hərbi sahədə – döyüş meydanında: “Biz ermənilərə elə dərs verdik ki, indiyə qədər özlərinə gələ bilmirlər, təşvişdədirlər, isterikadadırlar. İndi bizi müxtəlif beynəlxalq tədbirlərdə ittiham etməyə çalışırlar. Amma sual olunur: Erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var? Erməni ordusunun orada nə işi var? Nə üçün onlara bunu bizdən başqa heç kim açıq-aydın şəkildə demir? Bu məsələ ilə məşğul olan vasitəçilər buna nə üçün biganə yanaşırlar? Bax, bu suallar ritorik suallardır. Biz bilirik nə üçün. Amma yenə də biz bu sualları hər bir tədbirdə, hər bir forumda verməliyik”.

Prezident qeyd edib ki, bu sualları dövlət məmurları, ictimai xadimlər, deputatlar, adi vətəndaşlar, vətəndaş cəmiyyətinin üzvləri verməlidirlər: “Qoy, bu suallara, ikili standartlar siyasətinə, ermənipərəst siyasətinə görə cavab versinlər. Yoxsa bu qədər riyakarlığa artıq dözmək çətindir. Hesab edirəm ki, artıq burada diplomatik dillə danışmağa da heç ehtiyac yoxdur. Bir daha demək istəyirəm, həqiqət bundan ibarətdir ki, bizim torpaqlarımızın işğal altında qalması sadəcə olaraq Ermənistanın işi deyil. Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi. Hətta hazırda Ermənistan rəhbərliyi də bunu etiraf edir. Xarici dəstək olmadan onlar işğal edilmiş torpaqları bir gün də işğal altında saxlaya bilməzlər. Ancaq biz təkbaşına mübarizə aparırıq. Yaxın tariximiz göstərib ki, biz hətta təkbaşına mübarizədə, siyasi mübarizədə uğur qazana və öz milli maraqlarımızı müdafiə edə bilərik”.

“2015-ci ildə biz ordu potensialımızı daha da gücləndirəcəyik. Bu məqsədlər üçün kifayət qədər böyük vəsait ayrılıb. Təkcə onu demək kifayətdir ki, hərbi xərclərə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən 2 dəfədən çoxdur. Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Biz daha da güclü oluruq, Ermənistan daha da zəifləyir. Bu, qaçılmaz bir prosesdir. Yəni, növbəti illərdə ancaq bu proses daha da sürətlə gedəcək”, deyə dövlət başçısı qeyd edib.

***

“Nə neftin qiymətinin düşməsi, nə böhranlar, nə yaxınlıqda baş verən qanlı toqquşmalar ölkənin sürətli inkişafına təsir edə bilməz”

“Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edilmişdir. 2014-cü il də ölkəmiz üçün uğurlu il kimi tarixdə qalacaq”.

Bu barədə bu gün Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bir il bundan əvvəl qarşıya mühüm vəzifələr qoyulmuşdur və il ərzində çox gərgin iş aparılıb: “Keçən il dünyada və bölgədə müxtəlif proseslər gedib. Gərginlik, demək olar ki, böyük dərəcədə artıb. Ancaq Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilib. Ölkəmizin təhlükəsizliyi təmin edilmişdi, iqtisadi və sosial proqramlar icra olunub. Azərbaycan xalqı 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşayıb”.

“Bu, bir daha onu göstərir ki, bizim tutduğumuz yol düzgün yoldur. Azərbaycan müstəqillik, inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda, bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir etməyib. Bunun başlıca səbəbi Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdir və bizim bütün proqramlarımızın uğurla icrasıdır. Azərbaycanın apardığı xarici və daxili siyasət xalq tərəfindən dəstəklənir və əminəm ki, bu il də görüləcək işlər nəticəsində Azərbaycan daha da güclənəcək”, deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini vurğulayıb: “Keçən ilin əvvəlində qarşıya vəzifə qoyulmuşdur ki, həm ümumi daxili məhsul, eyni zamanda, qeyri-neft sektorumuz artsın. Bu iki əsas vəzifə tam şəkildə təmin edilib. İqtisadiyyatımız təxminən 3 faiz artıb. Bu, bugünkü dünyada çox gözəl göstəricidir. Bəzi ölkələrdə artım da yoxdur, əksinə, tənəzzül müşahidə edilir. Artım olan ölkələrdə bu, 1 faizə qədərdir”.

Dövlət başçısının sözlərinə görə, ilin sonunda neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycanda iqtisadiyyat 3 faizə yaxın artıb: “Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artıb. Bu da son illər ərzində görülən işlərin bariz nümunəsidir, aparılan siyasətimizin təzahürüdür. Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcək. Qeyri-neft sektorunun inkişafı bizə imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilsin”.

“İnflyasiya çox aşağı səviyyədə olub – 1,4 faiz. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri isə 4,8 faiz artıb. Əhalinin pul gəlirləri inflyasiyanı üç dəfədən çox üstələyib. Deyə bilərəm ki, son illər ərzində bu mənzərə müşahidə olunur – əhalinin pul gəlirləri inflyasiyanı bir neçə dəfə qabaqlayır. Bu da insanların rifah halının yaxşılaşmasına müsbət təsir göstərir.

Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulub. Onlardan 16 milyardı daxili sərmayədir. Bu da çox sevindirici haldır. Son illər ərzində daxili sərmayələr qoyulan investisiyaların həcmində üstünlük təşkil edir. Eyni zamanda, qoyulan 11 milyard dollar xarici sərmayə göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. İndiki şəraitdə, dünyada və bölgədə müşahidə olunan çox ağır vəziyyəti nəzərə alaraq 11 milyard dollar xarici investisiyaları cəlb etmək böyük uğurumuzdur”, deyə prezident qeyd edib.

Prezident İlham Əliyev qeyd edib ki, bu uğurun təməlində son illərdə aparılan siyasət dayanır: “Əgər bu siyasət, investorların Azərbaycanın sabitliyinə, gələcəyinə inamı olmasaydı, heç kim Azərbaycana vəsait qoymazdı. 27 milyard dollar həcmində investisiya qoyuluşu və bunun müqabilində 1,4 faizlik inflyasiya Azərbaycanın uğurlu inkişafının ən gözəl göstəricisidir. Çünki həm pensiyalar, maaşlar, həm də əhalinin pul gəlirləri artıb, böyük həcmdə investisiya qoyulub, inflyasiya isə ən aşağı səviyyədədir”.

Manatın məzənnəsinin sabit olduğunu bildirən ölkə başçısı bir neçə ildir ki, manatın məzənnəsinin nəinki sabit olduğunu, eyni zamanda, əsas dünya valyutalarına qarşı daha da böyük dəyər qazandığını qeyd edib: “Keçən il də biz bunu görmüşük. Bu da çox müsbət göstəricidir. Çünki manatın sabit olması ilk növbədə, insanların rifah halının yaxşılaşmasına xidmət göstərir, əhalinin alıcılıq qabiliyyəti artır”.

“Biz elə etməliyik ki, valyuta ehtiyatlarımız artsın. Biz bunu təmin edə bilmişik. Hazırda bizim 50 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik. Həm valyuta ehtiyatlarımızı ildən-ilə artırırıq, eyni zamanda, ölkəmizin dayanıqlı tərəqqisi üçün bu imkanlardan istifadə edib iqtisadiyyatın inkişafına, infrastruktur layihələrinin icrasına böyük həcmdə vəsait qoyuruq.

Bir sözlə, 2014-cü ildə əsas iqtisadi göstəricilərimiz çox müsbətdir, deyə bilərəm ki, bəlkə dünya miqyasında ən gözəl göstəricilərdir. Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir. Bunu əhali, xalqımız görür, gözəlləşən ölkəmiz bunun bariz sübutudur. Eyni zamanda, bunu mötəbər beynəlxalq iqtisadi qurumlar qeyd edirlər. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülüb. Yəni, biz dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındayıq. Bu, tarixi nailiyyətdir”, deyə prezident vurğulayıb.

Sosial sahəyə toxunan dövlət rəhbəri bu sahənin daim prioritet olduğunu, bu il də prioritet olaraq qalacağını qeyd edib: “Sosial obyektlərin inşası uğurla təmin edilib, 60-dan çox tibb mərkəzi, 50-dən artıq məktəb tikilib istifadəyə verilib. Əməkhaqqı, pensiya artıb. Azərbaycanda orta aylıq əməkhaqqı artıq 600 dollara yaxınlaşır. Biz çalışacağıq ki, bu templər ildən-ilə daha sürətlə təmin edilsin. 400 min insana ünvanlı sosial yardım verilir, 90 mindən çox ailə dövlətdən ünvanlı sosial yardım alır. Dövlət tərəfindən hər ailəyə orta hesabla 155 manat, yəni, 200 dollara yaxın vəsait verilir”.

Prezident insanların rifah halının yaxşılaşdıqca ünvanlı sosial yardıma ehtiyacı olanların sayının azalacağına əmin olduğunu bildirib: “Çünki hazırda Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir. Keçən il də yoxsulluq aşağı düşübdür, işsizlik 5 faizdən aşağıdır. Bizim gördüyümüz işlərin nəticələri bax, budur. Bu rəqəmlər özlüyündə bizim uğurlu inkişafımızı təsdiq edir”.

Keçən il Azərbaycanda “Sənaye ili” elan edildiyini xatırladan ölkə başçısı 230-dan çox sənaye müəssisəsinin yaradıldığını qeyd edib: “123 min yeni iş yeri açılıb ki, onlardan təxminən 100 mini daimi iş yeridir. Bu proses də sürətlə getməlidir. Çünki Azərbaycanda yeni iş yerlərinin yaradılmasına hələ də ehtiyac var. İşsizlik hələ var, eyni zamanda, sürətli iqtisadi inkişaf demoqrafik vəziyyətə müsbət təsir edib. Keçən il Azərbaycanda əhalinin sayı 116 min nəfər artıb. Odur ki, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bu, belədir və bu il də bu istiqamətdə əlavə tədbirlər görüləcək”.

“Keçən il bir neçə iri layihə icra edilib. Hər bir layihə özlüyündə nəhəng bir layihədir. Mən onların arasında Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulmasını xüsusilə qeyd etmək istəyirəm. Eyni zamanda, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalı istifadəyə verilib. Yəni, bu layihənin birinci mərhələsinin birinci hissəsi artıq icra edilib. Şəmkirçay su anbarı istifadəyə verilib. Bu da nəhəng layihədir, ölkəmizin uzunmüddətli və sürətli inkişafına təkan verəcək. Eyni zamanda, böyük sənaye müəssisələri, o cümlədən “Norm” sement zavodu istifadəyə verilib ki, orada sementin istehsalı 2 milyon tona bərabərdir. Bu zavodun istifadəyə verilməsi ilə biz artıq idxaldan asılılığımızı tamamilə aradan götürmüşük və ixrac imkanlarımız da artır”, deyə prezident qeyd edib.

Dövlət başçısının sözlərinə görə, dünyanın müxtəlif yerlərində böhran – iqtisadi böhran, maliyyə böhranı, siyasi böhran yaşanır: “Belə olan halda nəinki investisiyalar qoyulmur, hətta maaşlar, pensiyalar kəsilir, iş yerləri ixtisar edilir. Ancaq buna baxmayaraq, biz Azərbaycanda bunun tam əksini görürük. Nəzərə alsaq ki, Azərbaycan dünya iqtisadiyyatına çoxdan inteqrasiya edib, biz dünya iqtisadiyyatının bir parçasıyıq, belə uğurlu mənzərəni təmin etmək üçün, əlbəttə, böyük səylər göstərilməli, uzunmüddətli, düşünülmüş siyasət aparılmalı idi. Biz buna planlı, əsaslı şəkildə nail ola bilmişik. Bu nəticələr deməyə əsas verir ki, Azərbaycan bundan sonrakı illərdə də uğurla inkişaf edəcək”.

Dünyada neftin qiymətinin kəskin şəkildə, 2 dəfədən çox aşağı düşdüyünü bildirən prezident İlham Əliyev bunun ölkənin gəlirlərinə mənfi təsir edəcəyini qeyd edib: “Ancaq buna baxmayaraq, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən və bundan sonra görüləcək işlər, institusional islahatlar və daha da səmərəli idarəetmə üsullarının tətbiq edilməsi nəticəsində əminəm ki, Azərbaycan bu vəziyyətdən də şərəflə çıxacaq, manatın məzənnəsi sabit olaraq qalacaq, iqtisadi inkişaf təmin ediləcək”.

Keçən il ikinci peykin orbitə buraxıldığını xatırladan dövlət başçısı bunun nəhəng layihələr arasında özünəməxsus yer tutan bir layihə olduğunu bildirib: “Artıq bizim iki peykimiz var. Biri telekommunikasiya peyki, ikincisi Yer səthini müşahidə edən peyk. Bunun çox böyük əhəmiyyəti var və Azərbaycanda kosmik sənayenin inkişafı sürətlə gedir. Biz yeni texnologiyalara, innovasiya layihələrinə sərmayə qoyuruq və bu layihələr həm elmin inkişafına xidmət göstərir, idarəetmə məsələlərini təkmilləşdirir, eyni zamanda, cəmiyyətdə hələ də mövcud olan xoşagəlməz halların qarşısını alır”.

“ASAN xidmət” mərkəzlərinin açılmasını xüsusilə qeyd edən prezident İlham Əliyev artıq 7 mərkəzin fəaliyyət göstərdiyini qeyd edib: “İki il ərzində 3 milyon 500 min müraciət olub və orada göstərilən xidmətlərin sayı artır, keyfiyyəti yüksək səviyyədədir, cəmiyyət tərəfindən çox müsbət qarşılanır. Korrupsiya və rüşvətxorluğa qarşı son illər ərzində aparılan institusional islahatlar içərisində “ASAN xidmət” əlbəttə ki, ön plandadır. İndi bizim təcrübəmiz başqa ölkələrdə də öyrənilir. On yeni avtobus alınmışdır, səyyar xidmət daha da böyük coğrafi məkanda təmin ediləcək. Beləliklə, bu xidmət həm yenilik, həm rahatlıq gətirib, həm də korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə çox ciddi dönüş yaradıb. Həm praktiki nöqteyi-nəzərdən, eyni zamanda, cəmiyyətdə bu bəlanın aradan qaldırılması üçün indi daha da böyük imkanlar var, daha da çox insan bu məsələlərə nikbinliklə yanaşır.

Bizim istəyimiz ondan ibarətdir ki, Azərbaycanda bütün sahələrdə işlər ən yüksək səviyyədə təmin edilsin. Sosial siyasətdə, iqtisadi inkişafda, idarəetmədə xoşagəlməz halların aradan qaldırılması, əlbəttə ki, bütün bu gözəl mənzərəni tamamlayacaq və bu istiqamətdə işlər məqsədyönlü şəkildə aparılır. Bizim çox güclü siyasi iradəmiz var, təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir və niyyətlərimiz artıq real işlərdə özünü göstərir”.

Dövlət başçısı giriş nitqini yekunlaşdıraraq qeyd edib ki, nə neftin qiymətinin düşməsi, nə böhranlar, nə yaxınlıqda baş verən qanlı toqquşmalar ölkənin sürətli inkişafına təsir edə bilməz: Mən tam əminəm ki, biz 2015-ci ili də uğurla başa vuracağıq və ölkəmizin inkişafını təmin edəcəyik”(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600