Həkimlərin bölgələrə göndərilməsi üçün təkliflər hazırlanır
Bölgələrdə həkim çatışmazlıqları ilə bağlı məsələyə gəldikdə, burada əsas problem coğrafi paylanmadır.
Yenicag.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova parlamentin Əmək və sosial siyasət komitəsində müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarına təklif edilən dəyişiklik layihəsinin müzakirəsində deyib.
O bildirib ki, bununla bağlı yeni layihə hazırlanır:
“Tibb işçiləri əsasən Bakıda toplaşıb. Onların bölgələrə göndərilməsi üçün təkliflər hazırlanır. Bununla bağlı təkliflər irəli sürüləcək”.
Nazirlik rəsmisi bildirib ki, sertifikasiya imtahanlarında da dəyişiklik nəzərdə tutulur:
“Suallar asan, orta və mürəkkəb olacaq. Elmi və tədris tədbirlərinin akkreditasiyasını Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası həyata keçirəcək. Bundan başqa, Davamlı İnkişaf Peşə (DPİ) tədbirlərinin akkreditasiyası və bunun kredit ekvivalentləri, tələblər nazirlik tərəfindən hazırlanacaq. DPİ çoxəhatəlidir. Bunlar imkan verir ki, tibb mütəxəssisi müxtəlif tədbirlərə getməklə kredit ballarını artırsın. Məsələn, elmi fəaliyyətlə məşğul olan şəxsin kredit balları daha çox olacaq. Özəl və dövlət sektorunda çalışan tibb mütəxəssisləri ilə bağlı ayrı-seçkilik olmayacaq. Çalışırıq ki, son illər rezidenturada qəbul yerlərinin əsas tibb təhsili bitirənlərin sayına uyğunlaşdırılsın”.