!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həyətdən çıxmadan «çıxarış» almaq imkanı – «Kütləvi çıxarış»

!Reklam – Yazi

 

IMG_1284Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə mülkiyyət hüquqlarının daha səmərəli təmin olunması və daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi üzrə tədbirləri davam etdirir.

Əmlak sahiblərinin qeydiyyat xidmətlərindən daha rahat şəkildə yararlanması məqsədilə komitə tərəfindən reallaşdırılan «Kütləvi çıxarış» kampaniyası getdikcə genişlənməkdədir.

Vətəndaşların maraq və ehtiyacını nəzərə alaraq komitə «Kütləvi çıxarış» kampaniyasını daha da intensivləşdirib. Noyabr ayında artıq Tovuz və Qazax rayonlarında və Bakının Sabunçu rayonunda keçirilən kampaniya bu dəfə Xətai rayonunda davam etdirilib. Rayondakı yeni tikilmiş yaşayış binalarının birində mənzil sahiblərinə reyestrdən çıxarış təqdim olunub. Digər sakinlərdən isə əmlakın qeydiyyatı üçün sənədlər qəbul edilib.

Belə ki, 21 noyabr tarixində Xətai rayonunda yerləşən çoxmərtəbəli binada yaşayan 50-yə yaxın mənzil sahibinə onların ünvanlarında dövlət reyestrindən çıxarışlar təqdim olunub.

Eləcə də, kampaniya çərçivəsində, sakinlərin digər hissəsindən mənzillərin qeydiyyata alınması üçün ilkin hüquqi sənədlər qəbul edilib.

Xətai rayonundakı kampaniya nəticəsində sakinlərin öz mənzillərinin qeydiyyatı üçün nəinki ərazi qeydiyyat idarələrinə getməli olmayıblar, onların hətta öz həyətlərini tərk etmələrinə də ehtiyac qalmayıb. Bütün proses binanın həyətində başlanıb və tamamlanıb.

«Kütləvi çıxarış» kampaniyasının digər mühüm üstünlüyü bütün qeydiyyat xidmətlərinin «bir pəncərə» prinsipi əsasında göstərilməsidir.

Bununla da, «Kütləvi çıxarış» kampaniyası əhaliyə əmlakın qeydiyyatını rahat və çevik şəkildə həyata keçirməyə imkan verir. Bu da komitənin əsas hədəflərindən biri olan qeydiyyat xidmətlərində əlçatanlığın və vətəndaş məmnunluğunun təmin olunmasına tam uyğundur.

Məhz belə üstünlüklərinə görə, kampanyanın indiyədək keçirildiyi bütün ərazilərdə sakinlər bu yeniliklərdən razı qalıb və kampaniyanın onların yaşadıqları ərazilərdə yenidən keçirilməsini istəyiblər.

Qeyd edilməlidir ki, bəzən hündürmərtəbəli binaları tikən mənzil tikinti kooperativləri tərəfindən komitənin adı hallandırılmaqla vətəndaşlara əsassız müraciət və tələblər edilir. Bununla bağlı komitə bildirir ki, kampaniya çərçivəsində qanunvericiliyə uyğun olaraq yalnız istismara qəbul aktı olan və qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqından əlavə heç bir ödəniş edilmədən çıxarış verilir.

Kampaniya nəticəsində daşınmaz əmlakların sürətlə sənədləşdirilməsi və əmlak dövriyyəsinə yeni əmlakların daxil olması əmlak bazarının aktivləşməsinə, əmlakla bağlı əməliyyatların genişlənməsinə, daşınmaz əmlakın iqtisadi proseslərə cəlb olunmasına böyük təkan verir.

Xatırladaq ki, kampaniya çərçivəsində yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna uyğun olaraq vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən ilkin sənədlər əsasında çıxarışlar verilir.

Kampaniyanın keçirildiyi şəhər və rayonlarda, kənd və qəsəbələrdə vətəndaşlar arasında daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə işləri də aparılır. Onlara daşınmaz əmlakın qeydiyyatının üstünlükləri, sosial-iqtisadi faydaları, qeydiyyat prosedurları, zəruri sənədlər və digər hüquqi məsələlər izah edilir. Bu istiqamətdə verilən suallar cavablandırılır.

Qeyd edək ki, son illər xidmətlərdə sosial amilləri daha da gücləndirən komitə fəaliyyət sahələri üzrə maksimum vətəndaş məmnunluğuna nail olmağı hədəfə alıb. Bu istiqamətdə öz fəaliyyətində məhz bir neçə mühüm yeniliyi edib ki, bunlara adı çəkilən «Kütləvi çıxarış» kampaniyası, mobil ofis xidməti, «bir pəncərə» prinsipi və elektron xidmətlərin tətbiqi aiddir.

Bu böyük sosial yeniliklər nəticəsində Azərbaycanda əmlakın qeydiyyatı prosesi tamamilə sadələşib və qeydiyyat xidmətləri əhali üçün əlverişli və əlçatan olub.

Xatırladaq ki, “Kütləvi çıxarış” kampaniyası növbəti həftələrdə də Bakı və regionlarda davam etdiriləcəkdir.

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv