“Hibrid avtomobillər kənarda qalacaq” – GƏLƏN İLƏ PROQNOZ
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsinə əsasən, ölkədə hibrid və “plug-in” hibrid avtomobillərə tətbiq edilən vergi güzəştləri ləğv olunur. Belə ki, 2026-cı ilin yanvarın 1-dən yalnız tam elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək. Güzəştlərin ləğvindən sonra sözügedən avtomobillərin satış qiymətlərinin artacağı gözlənilir.

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Yenicag.az-a açıqlamasında bildirib ki, belə bir qərarın qəbul edilməsinə ehtiyac vardı.
O vurğulayıb ki, güzəştlərin ləğvi taksi xidmətlərinə də təsir edəcək:
“Ölkədə həm avtobuslar, həm də şəxsi avtomobillər üçün şərait yaradılır. Bu, nəqliyyatın balanslı şəkildə bölünməsinə xidmət edən addımdır. Belə qərarın qəbul edilməsinə ehtiyac vardı. Çünki bu məsələni şifahi şəkildə tənzimləmək mümkün olmayacaqdı. Daha əvvəl hibrid avtomobillər alınıb taksi xidmətinə cəlb olunurdu. Lakin bundan sonrakı dövrdə hibrid avtomobillər kənarda qalacaq. Çünki qiymət bahalaşdıqca onların taksi xidmətində də əlçatanlığı o qədər də asan olmayacaq. Sözügedən məsələ bir neçə gündür müzakirə olunsa da, artıq avtomobillərin qiymətində təxminən 2 min manat civarında artım müşahidə olunur. Qərar gələn ildən tətbiq olunduqda isə qiymət artımı daha çox olacaq. Təəssüf ki, Azərbaycanda avtomobil bazarını alverçilər idarə edir”.
Məlik Məlikov












