Hikmət Cavadov Bilik Fondunda-Foto
Yenicag aznews-a istinadən bildirir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri (UABD) Hikmət Cavadov Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.
Fondun İnformasiya təminatı sektorundan verilən xəbərə görə, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşən H.Cavadov rəhbərlik etdiyi təşkilatın Ukraynadakı fəaliyyəti barədə məlumat verib. UABD sədri bildirib ki, təşkilatın məqsədi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, Ukraynada yaşayan azərbaycanlıların birliyini təmin etmək, onların ictimai, siyasi, mədəni həyatlarının zənginləşməsinə çalışmaqdır.
H.Cavadov bu istiqamətdə həyata keçirdikləri layihələrdən danışıb və qeyd edib ki, Bilik Fondu ilə əməkdaşlıq müstəvisində daha böyük işlər görmək mümkündür. UABD sədri Azərbaycanın Ukraynada təbliğatına yönələn təkliflər səsələndirib.
Bilik Fondunun icraçı direktoru O.Səmədov xaricdə yaşayan azərbaycanlıların potensialından yararlanmağın vacibliyini diqqətə çatdırıb. Azərbaycan elmi, mədəniyyəti, incəsənəti və tarixinin xaricdə tanıdılması üçün həyata keçiriləcək layihələrə Ukraynada yaşayan azərbaycanlıların da cəlb olunmasının əhəmiyyətini vurğulayan içraçı direktor UABD sədrinin irəli sürdüyü təkliflərin dəyərləndiriləcəyini bildirib.