Hikmət Hacıyev Azıx mağarasından paylaşım etdi – “Avrasiyanın ən mühüm Paleolit abidələrindən biridir”
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azıx mağarası ilə bağlı aparılan arxeoloji tədqiqatlar haqqında paylaşım edib.
Yenicag.az bildirir ki, Hikmət Hacıyev bildirib ki, Azıx mağarası Qafqaz və ümumilikdə Avrasiya məkanında Paleolit dövrünün ən mühüm arxeoloji abidələrindən biri hesab olunur.
H. Hacıyev vurğulayıb ki, bu ərazi qədim insan tarixinin öyrənilməsi baxımından xüsusi elmi əhəmiyyət daşıyır.
Prezidentin köməkçisi qeyd edib ki, hazırda mağarada beynəlxalq və yerli alimlərin iştirakı ilə arxeoloji tədqiqatlar davam etdirilir. Onun sözlərinə görə, aparılan qazıntılar qədim insan məskənləri və onların həyat fəaliyyəti ilə bağlı yeni elmi məlumatların əldə olunmasına imkan yaradır.
Hacıyev diqqətə çatdırıb ki, bu tədqiqatlar çərçivəsində Neandertal və Homo sapiens insanların bölgədəki fəaliyyəti daha dərindən araşdırılır. O vurğulayıb ki, aparılan araşdırmalar həmin insan növlərinin regionda paralel yaşayışı və ya mümkün qarşılıqlı əlaqələri ilə bağlı mühüm nəticələr ortaya çıxara bilər.
Hikmət Hacıyev bildirib ki, Azıx mağarasında aparılan elmi işlər təkcə Azərbaycanın deyil, bütövlükdə bəşər tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu tədqiqatlar regionun qədim insan məskənlərindən biri kimi elmi dəyərini daha da aydın şəkildə göstərir.













