“Hörümçək toru” Rusiyanı BELƏ UDDU – XXI əsrin “Troya hücumu” Kremlə DƏRS OLACAQ?

media-hightechnic-468x90

“Hörümçək toru” əməliyyatı XXI əsrin hərbi əməliyyatlar tarixində nadir hallarda rast gəlinən hadisə kimi qalacaq. Ukrayna, doğrudan da təhlükəsizlik xidməti vasitəsilə unikal bir əməliyyat həyata keçirdi. Bu əməliyyatı yeni dövrümüzün “Troya hücumları” ilə müqayisə etmək mümkündür və müasir formada onun bir bənzəridir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

media-maxresdefault

Siyasi təhlilçi Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən iyunun 1-də Rusiyaya qarşı həyata keçirilən “Hörümçək toru” əməliyyatı barədə fikirlərini bölüşüb.

“O ki qaldı Rusiya kəşfiyyatının bu əməliyyatdan xəbərsiz olmasına, bunu mən Rusiya dövlət strukturlarındakı müəyyən arxayınlıqla, eləcə də korrupsiya və rüşvətin Rusiya cəmiyyətində oynadığı rolla əlaqələndirirəm. Xatırlayırsınızsa, bir vaxtlar Çeçenistandan Şamil Basayevin dəstəsi demək olar ki, Rusiyanın içərilərinə daxil olmuşdu və o zaman Beslan əməliyyatı həyata keçirilmişdi. Bu, onu göstərir ki, Rusiya hüquq-mühafizə orqanlarında korrupsiya və rüşvət hələ də ciddi şəkildə sistemin içərisində kök salıb”, – deyə o, əlavə edib.

Həmsöhbətimiz əlavə edib ki, burada Ukrayna Təhlükəsizlik Xidmətinin peşəkarlığını xüsusi vurğulamaq lazımdır:

“Bu əməliyyat o qədər unikal və zərgər dəqiqliyi ilə hazırlanmışdı ki, Rusiya tərəfi bunu nəinki qabaqlaya, hətta anlaya da bilmədi. Bu, əslində, göstərdi ki, Ukraynanın yüksək peşəkarlığa malik hərbçiləri, kəşfiyyatçıları və təhlükəsizlik əməkdaşları var və onlar Rusiyanın işğalı ilə barışmırlar. Ukrayna dövləti və cəmiyyəti olaraq müqavimət davam etdirilir. Bu əməliyyat təkcə Rusiyaya deyil, eyni zamanda Ukraynanı ədalətsiz sülhə məcbur etmək istəyən qüvvələrə də bir mesaj sayıla bilər. Rusiyanın atacağı addımlar artıq bəllidir: hadisə baş verən kimi Prezident Vladimir Putin Təhlükəsizlik Şurasının iclası keçirdi. Görünən odur ki, yaxın dövrlərdə Rusiya Ukrayna ərazisinə qarşı həm kütləvi dron və raket hücumlarını davam etdirəcək, həm də quru əməliyyatlarını genişləndirməyə çalışacaq”.

“Doğrudur, bu əməliyyat nəticəsində Rusiya strateji aviasiyasına zərbə dəyib. Hərçənd, Rusiya hələ də kifayət qədər aviasiya sistemlərinə və təyyarələrə malikdir və bu cür itkilər onların hərbi kursunu dəyişməyə səbəb olmayacaq. Düşünmürəm ki, bu əməliyyat Putinin və Rusiya rəhbərliyinin fikirlərindən dönməsinə səbəb olacaq. Əksinə, daha qəzəbli və aqressiv hücumların artmasına gətirib çıxara bilər”, – o, söyləyib.

O. Qasımov hesab edir ki, bu əməliyyatın həyata keçirilməsinin bir səbəbi də ondan ibarət idi ki, İstanbul danışıqları öncəsi Ukrayna bütün dünyaya öz imkanlarını və mövqeyini nümayiş etdirməyə çalışdı:

“Diqqət yetirsəniz, dünənki danışıqlarda prinsipial məsələlər üzrə razılaşma əldə olunmadı. Əvvəlki görüşlərin davamı kimi, daha çox humanitar məsələlər – əsirlərin azad edilməsi, uşaqların qaytarılması kimi məsələlər ön plana çıxdı. Ukraynanın təklif etdiyi atəşkəs və liderlərin görüşü ilə bağlı təkliflər isə qəbul olunmadı. Bütün bunlar onu göstərir ki, Rusiya savaşı davam etdirmək niyyətindən əl çəkməyib. İki gün öncə baş verən əməliyyat isə bir daha sübut etdi ki, artıq döyüşlərin və savaşların mahiyyəti ilə forması dəyişməkdədir. Bu dəyişikliklərə biz real şəkildə şahid oluruq”.

Rafi Müslümov

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600