!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcbari nikah müqaviləsi: Boşanmalara qarşı sədd, yoxsa adi sövdələşmə?

!Reklam – Yazi

“Nikah müqaviləsi Azərbaycan kimi ölkələr üçün ənənəvi haldır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında nikah müqaviləsinin məcburiləşdirilməsi haqda təkliflərə münasibət bildirən yazıçı-publisist Mehriban Vəzir deyib.

Qeyd edək ki, Azərbaycanda nikah müqavilələrinin məcburi xarakter daşımasının zəruriliyini bu dəfə Milli Məclisin deputatı, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva gündəmə gətirib.

Bu barədə Komitənin ötən gün keçirilən iclasında danışan Vəliyeva bildirib ki, məsələnin rəsmiləşməsi ölkədə boşanmaların azalmasına da müsbət təsir göstərəcək:

“Azərbaycanda boşanmaların sayı çoxalıb. Bunun səbəbi məsuliyyətin olmamasıdır. Nikah müqaviləsi məcburiləşdirilməlidir. Burada könüllülük olmamalıdır. Bu müqavilə olmadıqda boşanmaların sayı getdikcə artır”

Yazıçı-publisist Mehriban Vəzir isə Yenicag.az-a açıqlamasında bildirib ki, nikah müqaviləsinin məcburi olması boşanmaların sayının azalmasına ciddi təsir göstərməsə də, bu təklif müsbət dəyərləndirilməlidir:

“Nikah müqavilələrinin bağlanması sırf hüquqi məsələdir. Amma nikah müqavilələrinin məcburi normaya çevrilməsi zərurəti az qala 20 ildir, müzakirə olunur. Lakin hələ ki bu məsələ rəsmiləşməyib.

Qeyd edim ki, nikah müqaviləsi Azərbaycan kimi ölkələr üçün ənənəvi haldır. Orta əsrlər və ondan da əvvəlki dövrlərdə kəbindən əlavə, mütləq həmişə nikah müqaviləsi olub. Bu zaman şərtlər siyahıya alınır və sonda tərəflər evliliyin şərtlərinə razılıq verərək, müqaviləyə imza atırlar.

Sovet dönəmində isə bu ənənələr sıradan çıxdı. Nikah müqaviləsinin məcburi olması bir sıra səbəblərə görə çox məqbuldur. Çünki sağlamlıq, mülkiyyət və digər vacib məsələlər nikah müqaviləsinə daxil edilir, onun əsasında nizamlanır.

O baxımdan, boşanma zamanı yarana biləcək ədalətsizliklərin qarşısının alınmasında da nikah müqaviləsinin böyük rolu ola bilər. Nikah müqaviləsi olmadıqda isə boşanma zamanı tərəflərin, xüsusilə də kişilərin heç bir məsuliyyəti olmur.

Bununla belə, düşünmürəm ki, nikah müqaviləsinin məcburiləşdirilməsi boşanmaların sayının azalmasına təsir etsin. Çünki boşanmalar əksər hallarda mülkiyyət məsələsi yox, tərəflər arasındakı anlaşılmazlıqlar səbəbindən baş verir. Amma yenə də nikah müqaviləsinin məcburi xarakter daşıması müsbət hal olardı”.

ELÇİN

www.yenicag.az

2043
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv