Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda ikigünlük seminar işini sentyabrın 24-də sessiyalarla davam etdirib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun moderatorluğu ilə baş tutan “Dini radikalizmlə mübarizə və media” mövzusunda ikinci sessiyada Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev çıxış edərək bildirib ki, tarixboyu müxtəlif dinlərin daşıyıcıları özündə radikalizmi ehtiva edən davranışlar nümayiş etdiriblər. Dini radikalizm anlayışı əslində həqiqi dini dəyərlərdən tamamilə uzaqdır, çünki həqiqi İslam sülh, mehribanlıq, xoşgörü dinidir. Media nümayəndələrinin dini sahədə maariflənməsinin əhəmiyyətini də diqqətə çatdıran F.Nurullayev vurğulayıb ki, jurnalistlər müqəddəs məqamlar barədə yazarkən diqqətli olmalı, insanların mənəvi hisslərinə qarşı həssas yanaşmalı, həqiqi mənbələrə istinad etməlidirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov qeyd edib ki, Azərbaycan xalqının dünyəvi xarakterli olması kənar təsirlərə baxmayaraq, dini zəmində qarşıdurmaların, ayrı-seçkiliyin təhlükəyə çevrilməsini aradan qaldırır. Bu sabitliyin qorunub saxlanılması məqsədilə qanunvericiliyə dəyişikliklər və əlavələr edilir, Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər hüquq mühafizə orqanlarının birgə təşkilatçılığı ilə respublika ərazisində konfranslar təşkil olunur, radikalizm və ekstremizm kimi neqativ meyillərə qarşı qabaqlayıcı tədbirlər görülür. Bəzən gənclərin dinlə bağlı sualları cavablandıracaq ünvanları virtual məkanda axtardıqlarını qeyd edən Z.Hüseynov cəmiyyətin zərərli təbliğatın hədəfinə çevrilməsinin qarşısını almaq üçün dini məsələlərdə media vasitəsilə sağlam şəkildə maariflənməsinin önəminə toxunub.
Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin məsləhətçisi Natiq Mirzəyev qeyd edib ki, xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında mətbuat nümayəndələrinin fəaliyyəti xüsusi önəm daşıyır. Media mənsubları dindən sui-istifadə və dini siyasiləşdirmək cəhdlərini, bunun törədə biləcəyi fəsadları və digər bu kimi amilləri daim diqqətdə saxlamalı, mövzuya son dərəcə həssaslıqla yanaşmalıdırlar. N.Mirzəyev, eyni zamanda dini radikalizm və ekstremizm probleminə qarşı mübarizənin hüquqi əsasları barədə geniş məlumat verib.
Sonra müzakirə olunan məsələlərlə bağlı media nümayəndələri fikirlərini və qeydlərini səsləndiriblər.
www.yenicag.az