Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İki istedadlı ömrün bir dayanacağı

Biri fırça, biri də qələm ustadı

Bu günlərdə Əmircana, Tofiq Bayramın uyuduğu torpağı ziyarətə getmişdik. “Yadıgarlar”ın növbəti sayını ona həsr etdiyimiz üçün qəbirüstü çəkilişlərimiz var idi. Sükutun hökm sürdüyü bu məkanda qəribə və qərib duyğular ürəyimi elə yuxa etmişdi ki… Şarin məşhur misralarını öz-özümə pıçıldayaraq sanki təskinlik tapmaq istəyirdim: “Bu gün həyatınam, sabah torpağın, kim tutub dünyanı min il qalacaq?” “İlk beşiyim, son məskənim buradır” deyən Tofiq Bayram, öz vəsiyyətinə görə, xalq rəssamı Səttar Bəhlulzadənin yanında dəfn olunub. Biri fırça, biri də qələm ustadı. Qızılı rəngdəki abidələri… Bir qədər diqqətlə baxsan, sanki onların söhbətlərini eşidərsən. Yer üstündəki dostluqları indi də sanki gülə-çiçəyə, daim yaşıl ağaclara, yaxınlıqdakı mavi ləpəli gölə çevrilib. Rəssam təbiətimizin gözəlliklərini tablolara, şair isə poeziyamıza köçürdü. Doğulduqları torpağa əbədi şöhrət gətirdilər.

Tofiq Bayram dekabrın 16-da (1934-cü il) Əmircan kəndində doğulub. Tarixdən məlumdur ki, bu kənd zaman-zaman çox görkəmli şəxsiyyətlərin doğulduğu yurd kimi həmişə diqqət mərkəzində olub. Abbasqulu ağa Bakıxanovdan başlamış indiyə kimi, kəndin çox məşhur övladları adlarını tarixə yazıblar. Elə bu məzarlığın qoynunda neçə-neçə tarixi şəxsiyyət uyuyur. Deyim ki, mən Tofiq Bayramın şeirlərini çox sevirəm. Hər dəfə də onun şeir ümmanının müxtəlif sahillərində dayanaraq düşüncələrə dalıram. Bu qoşa məzar məni bir daha Tofiq Bayramın Səttar Bəhlulzadəyə bağlılığının dərin köklərini araşdırmağa vadar etdi. Amma çox da əziyyət çəkmədim. Məni düşündürən sualların cavabını elə şairin yazdıqlarında tapdım. Onun bütün şeirlərinin mayasında bütöv bir Azərbaycan sevgisi var. Bu şeirlərin hamısının ünsiyyətində, amalında, cəmində vurğulanan həqiqət isə budur:

Mən vətənə Füzuli,

Abbas Səhhət deyirəm,

Mən vətənə Sabiri

Doğan qeyrət deyirəm.

Mən vətənə Üzeyir,

Müşfiq, Səməd deyirəm,

Günəş kimi müqəddəs

Bir həqiqət deyirəm.

Həqiqətən də vətəni əziz və daha da sevimli edən onun övladlarıdır. Qəribədir, Tofiq Bayram bu cür şərəfli insanların əksəriyyətinə xüsusi şeir çələngi bağlayıb. Elə mükəmməl və poetik təqdimatdır ki, həmin şəxsiyyətlərin yaradıcılığından, həyatından xəbərsiz olanlar belə, o şeir çələnglərini diqqətlə araşdırsalar əməlli-başlı məlumatlana bilərlər. Belə bölümlərdən biri də “Səttar çələngi” adlanır. Həyatda addım-addım yol keçib zirvəyə qartal kimi qanadlanan Səttar Bəhlulzadə öz tablolarında ağacları, gülləri dilləndirməyi, lal qayaları danışdırmağı rənglərin, boyaların vasitəsilə bacardı. Tofiq Bayrama görə buna əsas səbəb bu idi:

Rəssamlıq ilahi vergiydi səndə,

Bəs necə oxutdun gülü-çiçəyi?

Görünür üç ürək varmış sinəndə:

Füzuli, Üzeyir, Səttar ürəyi!

Əlbəttə, Səttar Bəhlulzadə haqqında az yazılmayıb. Təbii ki, sevənləri də çox olub, paxıllığını çəkənlər də, hətta rəqibləri də. Siyahılardan adı pozulsa da, tarixdən heç vaxt silmək mümkün olmayıb:

Məcnunu olduğun təbiət kimi

Xalqın ürəyində ilahiləşdin.

Bütün paxıllara bir ibrət kimi

Rəqiblər kiçildi, sən dahiləşdin!

Məhz Tofiq Bayramdan öyrənirik ki, Səttar Bəhlulzadə istedadlı gənclərlə dostluq etməyi çox sevərmiş. Bəzən də bir nisgilin həsrətini də duyuruq bu misralarda: ” …yaxşı ki, onda var idi “Ağsaqqal” adına layiq cavanlar”. Bu ədəbli, bilikli, savadlı, yaradıcı gənclərin arasında şair özü də olardı. Xiffətli bir etirafında duyduq bunu:

Kövrək uşaq kimi çəkib nazını,

Sübhəcən evində oyaq qalmışıq.

Qartal tərk edəndə öz yuvasını,

Biz də yetimləşib tez qocalmışıq.

Nəyi sevməzdi Səttar Bəhlulzadə? Tofiq Bayram bu sualın da cavabını poetik qələmə alıb:

Ən qatı düşməni əyrilik, yalan,

Saxta adamlara nifrəti vardı.

Deyərdi: doğruya, düzə arxalan,

Yalan başladımı, sənət qurtardı.

Bəzən rəssama ünvanlanan təriflərin arasında süni sözlər, yalançı ifadələr də olardı. Tofiq Bayramın çox böyük ehtiram və məhəbbətlə portretini yaratdığı o qeyri-adi, bənzərsiz insan öz doğru yolundan heç vaxt çaşmayıb. Şair necə gözəl yazıb: “Çoxrəngli, boyalı əsər yaratdın, heç rəngli, boyalı söz danışmadın”. Bəlkə elə onları bir-birlərinə dərin tellərlə bağlayan istedadları ilə yanaşı, bu xasiyyətləri, dürüstlükləri olub?! Çünki təsviri incəsənətimizdə Səttar Bəhlulzadə kimdirsə, elə ədəbiyyatımızda da Tofiq Bayram o zirvədə dayanıb.

Şair 1959-cu ildə xalq rəssamı Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgiyə baxarkən, vəcdə gələrək yazdığı “Gözəllik aşiqi” adlı şeirində rəssamın portretini yaradıb. Tofiq Bayramın fikrincə, bu, adi bir sərgi yox vətənimizin – ana təbiətimizin tablolarda sayrışan gözəlliyi və təntənəsi idi. Bu bənzərsizliyi əks etdirən tablolarsa sənətin ölməz dastanını gələcəyə aparan incilərdi. Həmin canlı tabloları Yer kürəsinin ən uca yerindən asmaq arzusu da şairin təkcə istəyi yox, həm də cəsarəti idi. Çünki onun bir fikri də var idi ki, insanlarımızın boyunu diktələrə əydilər. Əyilməyənlərin güzarı isə Sibirin buzlu çölləri oldu. Təbiət isə dəyişməz qaldı. Gözəllik aşiqləri də məhz bu sədaqətdən ilham aldılar. Doğru sözlərini, əyilməzliklərini boyaların ahənginə qatdılar.

Tofiq Bayram çox sevdiyi Səttar Bəhlulzadəni “Çiçək məclisində, gül yığnağında ana təbiətin tamadası” adlandırıb. Onun ölümündən dərin sarsıntı keçirən şair, uzun müddət bu itki ilə barışa bilməyib. Əlinə qələm alan kimi ürək dostundan yazıb. Sonradan özü özünə təsəlli verib ki, sevinclə qəm ömrün qoşa payıdır. Elə təbiətdə də baharla payız var. Sonra da təvazökarlıqla, bəlkə də daha çox böyük bir məhəbbət və qətiyyətlə başını vərəqlərə əyərək yazıb: “Səttar əbədidir, mən gəldi-gedər”. Sonra da onun əbədi gedişini də görün necə mənalandırırdı: “Yazda köçmədi ki, solar gül-çiçək, köçdü təbiətin xəzan çağında”. Təbiət etibarı ilə şerlərində od püskürən, zəif yazılara (şeir deməyə ürəyim gəlmir, Tofiq Bayram onları mənasız söz yığını sayardı-F.X.) qarşı vulkana dönən şair, rəssama münasibətdə çox həssas və diqqətli idi. Onlar həm də eyni ayda dünyaya gəliblər. Tofiq Bayramın bu günlərə də öz baxışı var idi: “On beş dekabrda sən doğulmusan, ay ustad, on altı dekabrda mən. Sən dillər əzbəri rəssam olmusan. Yazıram, pozuram xırda-xırda mən. Həyatda fərqimiz bircə gün imiş. Sənətdə fərqimiz yerlə göy qədər”. Bu sadəliyin, həm də aliliyin arxasında nəhəng bir şairin böyük ürəyi çırpınırdı. Onlar, əslində canlarından artıq sevdikləri bu yurdun igid əsgərləri oldular. Birinin silahı fırça, o birinin əlində qələm. Biri qeyri adi rəsm əsərləri, digəri də şeirləri ilə qəlbləri fəth etdi. Onların yaratdıqları, müəlliflərini əbədiliyə apardı. Tofiq Bayram “Ruhun şad olsun” adlı bir şerində dostunun son arzusundan, vəsiyyətindən söz açıb:

Dedi məzarımı kəndimizdə qazın,

Yanıma bir fırça qoyun, bir çiçək,

Adicə bir daşa adımı yazın,

Xətrimi istəyən özü gələcək,

Qələm çək hər dərdin, əzabın üstə,

Fırçan intizardan qoy azad olsun!

Heykəlin ucalıb məzarın üstə,

Səttar Bəhlulzadə, ruhun şad olsun!

Sənin də ruhun şad olsun, Tofiq Bayram! Vəsiyyətinə əməl ediblər. Müqəddəs ünvanda da yanaşı uyuyursunuz. Doğmalarınız sizi heç unutmurlar. Sənin bir şerindəki qəlbinin xiffəti məni də çox göynətmişdi ki, Səttarın öz ocağında yeri boş qalıb, övlad əvəzinə qəm atası olub. Məzarınızı ziyarət edəndə gördüm ki, Səttar Bəhlulzadənin min-bir məhəbbətlə tablolara köçürdüyü gül-çiçəkləri indi sədaqətli əzizlərin, hər ikinizin qəbrinin üzərinə düzüblər. Bura lap gülüstana çevrilib. Abidələriniz də yanaşı. Birinizin əlində fırça, birinizin də əlində kitab və abidələrinizin önündə dayanmış insanlar… Elə bu yazıdan da sənin şeirinlə ayrılıram:

Cavanlıq tez yanan odun kimidir,

Söndümü, soyuyur axır közəcən.

Qocalıq vəfalı qadın kimidir,

O, səndən əl çəkməz son nəfəsəcən.

 

Flora XƏLİLZADƏ,

əməkdar jurnalist

www.yenicag.az

13012
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM