Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında 1/4 final mərhələsi başa çatıb.
Yenicag.az xəbər verir ki, mərhələnin son döyüşündə Azərbaycan millisinin lideri Məhəmmədrəsul Məcidov gücünü yoxlayıb.
+91 kq çəki dərəcəsində rinqə çıxan ikiqat dünya çempionumuz Camili-Dini Aboudo-Moindze (Fransa) ilə üz-üzə gəlib. Görüş boksçumuzun 3:2 (27:30, 30:27, 28:29, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, yarımfinala yüksəlməklə, ən azı bürünc medalı da təmin edib.
Bu, təmsilçilərimizin Hamburqda təmin etdiyi ikinci mükafat olub. Məcidovdan öncə Kamran Şahsuvarlı (75 kq) da 1/4 final döyüşünü qələbə ilə başa vurub. Onların qazanacağı medalın əyarı isə növbəti döyüşlərdən sonra dəqiqləşəcək.
Məcidov sentyabrın 1-də keçiriləcək 1/2 final görüşündə avstraliyalı Jozef Qudelli sınağa çəkəcək.
www.yenicag.az