İlham Əliyev: "Sülhün dividendləri əməkdaşlığın başlanmasında öz əksini tapır"
Azərbaycanla Ermənistan arasında sənədin unikallığı onun qanlı münaqişədən cəmi iki il sonra imzalanmasıdır.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda paneldə deyib.
O qeyd edib ki, bu tarixi nailiyyət idi və bununla da üç onillikdən artıq davam edən müharibə və qan tökülməsinə son qoyuldu:
“Bu isə onu göstərir ki, hər iki tərəfdən güclü siyasi iradə və sülhə sadiqlik olduğu halda, nisbətən qısa zaman ərzində barışıq əldə etmək mümkündür. Bu sənəd artıq praktik nəticələrə çevrilməkdədir. Biz təkcə beş-altı aydır ki, sülh şəraitində yaşayırıq və bu vəziyyətdən faydalanırıq. Nə Ermənistan, nə də Azərbaycan müstəqil dövlətlər kimi indiyədək sülh şəraitində yaşayıb. 1991-ci ildə müstəqillik qazandığımız zaman artıq hərbi qarşıdurma mövcud idi. Lakin bu gün sülhün dividendləri əməkdaşlığın başlanmasında öz əksini tapır”.












