Tarixin silinməz izi: 20 Yanvar bizə nəyi öyrətdi?

media-hightechnic-468x90

“20 Yanvar kimi faciələrin bir daha təkrarlanmaması üçün güclü Azərbaycan dövləti və güclü Azərbaycan ordusunun mövcudluğu qaçılmazdır”.

Bunu Yenicag.az-a açıqlamasında AMEA-nın Fəsələfə və Sosiologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli deyib.

O, qanlı 20 yanvar 1990 tarixi barədə fikirlərini səsləndirib.

F.Ələkbərli deyib ki, Azərbaycan xalqının tarixində 20 Yanvar özünəməxsus və silinməz yer tutur.

“Biz onu istər Qara Yanvar, istərsə də Qanlı 20 Yanvar adlandıraq, bu gün həm də bir qəhrəmanlıq salnaməsidir. Çünki əliyalın xalq öz müstəqilliyi uğrunda möhtəşəm bir müqavimət göstərdi, Sovet ordusunun qarşısında geri çəkilmədi.

Əslində Sovet əsgərinin həqiqi mahiyyəti bəlkə də uzun illər çoxlarına tam aydın deyildi. Halbuki 27 aprel 1920-ci ildə 11-ci Ordu Azərbaycanı işğal edərək onun müstəqilliyini əlindən almışdı. Buna baxmayaraq, Azərbaycan xalqı yenidən ayağa qalxmağı bacardı. Yetmiş il ərzində Sovet ordusunun gücü xalqımızın azadlıq iradəsini sındıra bilmədi. 20 Yanvar günü biz öz gücümüzü, birliyimizi və müstəqillik əzmimizi bütün dünyaya nümayiş etdirdik.

Mən də həmin dövrdə bir gənc olaraq Bakıda olmasam da, ucqar rayonlardan birində yaşasam da, bu hadisələri bütün varlığımla hiss etdim. Azərbaycan xalqının Sovet ordusuna qarşı göstərdiyi dirəniş biz gənclərdə böyük ruh, sarsılmaz inam yaratdı. Müstəqillik eşqimiz daha da gücləndi. Biz bir daha dərk etdik ki, tarixən müstəqil olmuşuq, əsrlər boyu öz dövlətimizə sahibik və yalnız 1920-ci ilin 27 aprelində 11-ci Ordu tərəfindən işğal edilmişik. Halbuki həmin ordu bizə “Qırmızı Ordu” adı altında xilaskar kimi təqdim edilirdi. Amma bizim üçün yeganə dəyər Azərbaycan ordusu idi və güvənəcəyimiz tək qüvvə də məhz o ola bilərdi.

Bu düşüncələrlə mənim kimi yüz minlərlə gənc xalqımızın yenidən müstəqillik qazanacağına ürəkdən inandı. Hər il 20 Yanvar gəldikdə biz müstəqilliyimizin nə qədər böyük əzab-əziyyət, çətinlik və eyni zamanda şərəflə əldə edildiyini xatırlayırıq və bu yolu qürurla davam etdiririk. Dünyada azərbaycanlıların sayı 10 milyonla məhdudlaşmır, 50 milyondan çoxdur və 20 Yanvar bütün dünya azərbaycanlıları üçün son dərəcə önəmli bir tarixdir.

Bizim ən böyük arzumuz dünyada heç bir insanın, xüsusilə də azərbaycanlıların qanının tökülməməsidir. Bu baxımdan son günlərdə İran adlanan ölkədə Güney Azərbaycanlı soydaşlarımızın, Azərbaycan türklərinin üzləşdiyi hadisələr mənə 20 Yanvarı xatırlatdı. Bu isə bizə bir daha göstərir ki, daha güclü olmalıyıq ki, heç bir halda azərbaycanlıların qanı tökülməsin, xalqımız çarəsiz qalmasın.

Məhz bu səbəbdən güclü dövlət və güclü millət olmaq zəruridir. 20 Yanvar kimi faciələrin bir daha təkrarlanmaması üçün güclü Azərbaycan dövləti və güclü Azərbaycan ordusunun mövcudluğu qaçılmazdır”,- deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa