Müstəqilliyin qanlı astanası: “20 Yanvar müstəqillik yolunda geri dönüşü olmayan tarixi mərhələ idi”
“1990-cı il 20 Yanvar hadisəsi təkcə sovet qoşunlarının Bakıya yeridilməsi ilə məhdudlaşan hərbi əməliyyat olmayıb, Azərbaycan cəmiyyətinin müstəqillik yolunda geri dönüşü olmayan mərhələyə qədəm qoyduğunu göstərən tarixi oyanış nöqtəsi olub.”
Bunu Yenicag.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı deyib.

Onun sözlərinə görə, 1990-cı ilin yanvarında baş verənlər sovet siyasi sisteminin Azərbaycan xalqının iradəsini artıq nəzarətdə saxlaya bilmədiyini açıq şəkildə nümayiş etdirdi.
“Həmin gecə qəbul olunan qərarların arxa planında Moskvanın bir sıra ciddi siyasi qorxuları dayanırdı. İmperiya mərkəzi milli azadlıq hərəkatının nəzarətdən çıxmasından və bunun digər müttəfiq respublikalarda zəncirvari reaksiyaya səbəb olmasından ehtiyat edirdi. Azərbaycan geosiyasi mövqeyi, enerji resursları və regional təsir imkanları baxımından Sovet İttifaqı üçün strateji əhəmiyyət daşıyırdı. Bakıda güc tətbiqi təkcə yerli etirazları boğmaq deyil, imperiyanın dağılma prosesini ləngitmək məqsədi daşıyan siyasi mesaj idi”.
Günel Aslanlı vurğulayıb ki, Bakıya qoşun yeridilməsi Mixail Qorbaçov rəhbərliyində olan sovet mərkəzinin böhranlı şəraitdə verdiyi sərt və düşünülməmiş siyasi qərarın nəticəsi idi:
“Kreml rəhbərliyi ‘yenidənqurma’ və ‘aşkarlıq’ şüarları fonunda imperiyanı qorumaq üçün köhnə zorakılıq metodlarına əl atdı. Milli azadlıq hərəkatı təkcə respublika daxilində etiraz kimi deyil, bütövlükdə Sovet İttifaqının mövcudluğuna yönəlmiş təhlükə kimi qiymətləndirilirdi”.
Tarixçi qeyd edib ki, 20 Yanvar faciəsi zamanı verilən qərarlar digər respublikalara da “nümunəvi cəza” mesajı daşıyırdı, lakin bu addım imperiyanın mənəvi-siyasi iflasını daha da sürətləndirdi.
O, Ümummilli lider Heydər Əliyev mövqeyinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, 1990-cı il yanvarın 21-də Heydər Əliyevin Moskvada verdiyi açıq və qətiyyətli bəyanat 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət olmaqla yanaşı, Azərbaycan xalqının milli iradəsinin müdafiəsi idi:
“Heydər Əliyev Qorbaçov rəhbərliyini açıq şəkildə ittiham edərək Bakıda törədilən qırğını insanlığa qarşı cinayət kimi xarakterizə etdi. Bu mövqe sovet nomenklaturasının susqunluğu fonunda böyük siyasi və mənəvi cəsarət nümunəsi idi”.
Tarixçi əlavə edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli şüurunun formalaşmasında həlledici rol oynayıb və sovet dövlətinə olan son ümidləri də puça çıxarıb:
“Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi. Bu faciə müasir Azərbaycan dövlətçiliyinin ideya-siyasi əsaslarından birinə çevrildi”.
Günel Aslanlının fikrincə, 20 Yanvar Azərbaycan tarixində müstəqillik ideyasını dönməz prosesə çevirən tarixi dönüş anı kimi qiymətləndirilməlidir.
Samir Məcid












