Müstəqilliyimizin qanla mühürləndiyi o gecə: “20 Yanvar faciəsi dövlətçilik tariximizin ən uca zirvəsidir”

media-hightechnic-468x90

“20 Yanvar faciəsindən sonra müstəqillik ideyası ümummilli məqsədə çevrildi”

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

media-img_2720

Deputat 36 il öncə törədilən “20 Yanvar” hadisələri və Bakıda həyata keçirilən vəhşi qırğın haqqında fikirlərini bizimlə bölüşüb:

“36 il əvvəl baş verən yanvar hadisələri Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayət idi. Belə ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 min nəfərlik ordu öncədən hazırlanmış ssenari üzrə beynəlxalq hüquq normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı qırğın törətdi. Nəticədə 150 nəfər dinc sakin qətlə yetirildi, 744 nəfər yaralandı. SSRİ-nin yüksək rütbəli hərbçilərinin həmin vaxt Bakıda olması bu qanlı cinayət əməlinin əvvəlcədən planlaşdırıldığını təsdiqləyirdi. Dinc əhaliyə qarşı törədilən qəddarlıq Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini boğmağa hesablanmışdı. Amma bu məkrli plan baş tutmadı; əksinə, baş verən faciə Azərbaycan xalqını vahid məqsəd ətrafında daha sıx birləşdirdi.

Mərkəzi hakimiyyət informasiya blokadası yaradaraq həqiqəti ört-basdır etməyə çalışsa da, buna nail ola bilmədi. Faciənin ertəsi günü, yanvarın 21-də məhz Ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək bu vəhşiliyi kəskin şəkildə pislədi, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi. Bu, o dövrün reallıqları fonunda əslində böyük cəsarət və siyasi iradə tələb edirdi. Ulu Öndər həm hadisənin törədilmə səbəblərini açıqladı, həm də onun təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi. Beləliklə, dünya öz hüquqlarının bərpası uğrunda ayağa qalxmış bir milləti susdurmaq üçün Bakıya qoşun yeridildiyini, günahsız qanlar töküldüyünü anladı.

Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 2 milyona yaxın insanın iştirakı ilə şəhidlərin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Bu hadisə Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsi istiqamətində mühüm addım oldu. Xalqın azadlıq uğrunda mübarizəsi məntiqi sonluğa çatdı.”

Deputat təəssüf hissi ilə qeyd edib ki, o vaxt ölkənin başında olan anti-milli hökumət həmin hadisələri ədalətli şəkildə araşdırıb dünyaya təqdim etməkdən çəkindi:

“Təəssüf ki, 1993-cü ilə qədər yanvar faciəsinin səbəbləri dərindən araşdırılmadı. AXC-Müsavat iqtidarının səriştəsizliyi nəticəsində ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni dağıdırdı. Belə hərc-mərclik dövründə 20 Yanvar qırğınını araşdırmaq, hadisələrə hüquqi-siyasi qiymət vermək yada belə düşmürdü.

Yalnız Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsi yenidən dövlət gündəminə gəldi. 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə faciəyə Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi. Milli Məclisin həmin qərarında baş verənlər Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 20 Yanvar artıq ümümxalq hüzn günü kimi hər il rəsmi qeyd olunmağa başladı. Faciənin 30-cu ilində, 2020-ci ilin payızında xalqımız bir daha torpaqlarımızın bütövlüyü uğrunda birləşdi və tarixi ədalət bərpa olundu. 2023-cü ildə isə suverenliyimizi tam bərpası ilə bu yol zirvəyə çatdı. Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla anır. Ərazi bütövlüyü və suverenliyimizin tam bərpası, başda 20 Yanvar qurbanları olmaqla bütün şəhidlərimizin qanının yerdə qalmadığını sübut edir. Qan yaddaşımıza əbədi həkk olunmuş bu hadisələr tariximizin həm faciə, həm də qəhrəmanlıq ehtiva edən qürur səhifəsidir.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa