Bu gün Azərbaycan prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasında və zona baytarlıq laboratoriyasında yaradılan şəraitlə tanış olub.
Yenicag.Az-ın məlumatına görə, kənd təsərrüfatı naziri Heydər Əsədov prezident İlham Əliyevə elektron kənd təsərrüfatı sistemi barədə məlumat verib. Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binası 2014-2016-cı illərin dövlət investisiya proqramları çərçivəsində inşa edilib. Üçmərtəbəli binanın ümumi sahəsi 1700 kvadratmetrdən çoxdur. Burada Göygöl Rayon Kənd Təsərrüfatı İdarəsi, Bitki Mühafizə Mərkəzinin və Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayon bölmələri, Göygöl Baytarlıq İdarəsi, Regional Təlim Mərkəzi, Göygöl Regional Aqrokimya və Göygöl Regional Toxumçuluq laboratoriyaları yerləşir. Göygöl Regional Aqrokimya Laboratoriyası tərəfindən əkin sahələrində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması nəzərdə tutulur. Bundan başqa, laboratoriyanın fəaliyyəti nəticəsində torpağın xüsusiyyətlərindən asılı olaraq kənd təsərrüfatı bitkilərinin qida maddələri və rütubət ehtiyatları ilə təmin edilməsinə, bitkilərin bioloji xüsusiyyətindən və məhsuldarlıqdan asılı olaraq tələb olunan gübrə normalarının müəyyənləşdirilməsinə, fermerlərə və torpaq mülkiyyətçilərinə dövlət dəstəyinin gücləndirilməsinə və kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə olunmasına şərait yaranacaq. Göygöl Regional Toxum Sertifikatlaşdırma Laboratoriyası isə müvafiq sahə standartlarının tələblərinə uyğun toxumun keyfiyyətinə nəzarətin və sertifikatlaşdırmanın həyata keçirilməsi məqsədilə toxumluq əkinlərin qeydiyyatının aparılması işini yerinə yetirəcək. Laboratoriya tərəfindən tarla nəzarəti həyata keçiriləcək, toxum partiyası və əkin materiallarından nümunə götürüləcək, səpin keyfiyyətinin və əkin materiallarının analizi aparılacaq. Bundan başqa, laboratoriyanın fəaliyyətinə müvafiq dövlət standartlarına uyğun keyfiyyətdə toxumların sertifikatlaşdırılması üçün rəy verilməsi, daxili və xarici əmtəəlik toxum bazarında toxum satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin səmərəli fəaliyyətinin təşkili də daxildir.
Dövlət başçısı Göygöl Zona Baytarlıq Laboratoriyasında yaradılan şəraitlə də tanış olub. Laboratoriyanın yenidən qurulması layihəsi 2017-ci ildə həyata keçirilib. Yenidənqurma işləri çərçivəsində laboratoriyada yeni bölmələr yaradılıb, müasir avadanlıqlar quraşdırılıb.
Laboratoriya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sonra kənd təsərrüfatı naziri H. Əsədov dövlət başçısına Dövlət Baytarlıq Xidməti tərəfindən rayon baytarlıq idarələrinə epizootik tədbirlərin aparılması, baytarlıq xidmətlərinin göstərilməsi üçün lazım olan avadanlıq, ləvazimatlar barədə məlumat verib.
www.yenicag.az