İlham Əliyev mühüm görüşlər keçirdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambrogionu qəbul edib.

Yenicag.az xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın yeni sahələri əhatə etməsindən məmnunluğunu bildirərək qeyd edib ki, əgər əvvəllər iqtisadi əlaqələr enerji, investisiya, tikinti materialları sahələrində inkişaf edirdisə, hazırda tərəflər əməkdaşlıq istiqamətlərinin şaxələndirilməsində maraqlıdırlar.

İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammanın ölkəmizə builki səfərinin uğurla keçdiyini vurğulayan Prezident İlham Əliyev Mauro Dell’Ambrogionun Azərbaycana bu səfərinin də əlaqələrimizin inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib. Təhsil, innovasiya istiqamətlərinin ölkəmiz üçün prioritet təşkil etdiyini deyən Prezident İlham Əliyev bu baxımdan dünən Şəki şəhərində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 15-ci mərkəzinin açılışında iştirak etməsini məmnunluqla qeyd edib.

İsveçrənin texnologiyalar sahəsində çox yaxşı təcrübə qazandığını vurğulayan Prezident İlham Əliyev bu sahədə də əlaqələrimizin inkişafı üçün yaxşı imkanların olduğunu deyib.

İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambrogio ölkəmizdə keçirdiyi görüşlər barədə dövlət başçısına məlumat verərək Təhsil Nazirliyində ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığa dair Saziş imzaladıqlarını və ADA Universitetində olduqlarını məmnunluqla qeyd edib. O, bu səfəri çərçivəsində Azərbaycan-Fransız Universitetində (UFAZ) mühazirəsi zamanı da elm və təhsil sahələrinin inkişafının və bu sahədə əməkdaşlığın önəmi barədə danışdığını deyib. Turizm sahəsində əməkdaşlığa toxunan Mauro Dell’Ambrogio İsveçrə Turizm Təşkilatı ilə Azərbaycan Turizm Agentliyi arasında imzalanan Sazişin mühüm əhəmiyyət daşıdığını vurğulayıb, bu sahədə əməkdaşlığın genişləndirilməsində ölkələrimiz arasında birbaşa aviareyslərin açılmasının önəmini qeyd edib.

Görüşdə iqtisadiyyat, turizm, təhsil, o cümlədən peşə təhsili sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Türkmənistan Respublikası Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevi qəbul edib.

Prezident İlham Əliyev qeyd edib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, eləcə də beynəlxalq tədbirlər çərçivəsində mütəmadi görüşləri ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Dövlət başçısı, eyni zamanda, bildirib ki, müvafiq strukturların rəhbərlərinin görüşləri də əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verir. Prezident İlham Əliyev bu yaxınlarda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərimizin müxtəlif aspektlərinin müzakirə edildiyini deyib. Dövlət başçısı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevın böyük nümayəndə heyəti ilə ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi, bu səfərin dostluq və qardaşlıq əlaqələrimizin möhkəmlənməsi, əməkdaşlığımızın daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Məmmetxan Çakıyev, ilk növbədə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ən xoş arzularını dövlət başçısına və Azərbaycan xalqına çatdırıb. O, hökumətlərarası səviyyədə birgə fəaliyyətin həyata keçirilməsi üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Görüşdə ölkələrimizin əlverişli coğrafi mövqedə yerləşməsinin önəmi qeyd olunub, həm Azərbaycanda, həm də Türkmənistanda ən müasir nəqliyyat infrastrukturunun yaradıldığı vurğulanaraq nəqliyyat, tranzit, logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib, ölkələrimizin ixracat imkanları və tranzit yüklərin daşınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Türkmənistan Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qurbanqulu Berdiməhəmmədova çatdırmağı xahiş edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkaderi qəbul edib.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında münasibətlərin yaxşı inkişaf etdiyini bildirərək, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində həmişə bir-birini dəstəklədiyini vurğulayıb. İqtisadi, regional inkişaf sahələrində də yaxşı nəticələrin olmasının zəruriliyini qeyd edən Prezident İlham Əliyev Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkaderin Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrə müsbət təsir göstərəcəyinə və ölkəmiz haqqında daha ətraflı məlumat alması işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkader qeyd edib ki, Azərbaycan Prezidenti ilə görüşü ölkələrimiz arasında mövcud olan gözəl münasibətlərin daha da inkişaf etdirilməsinin yaxşı bir nümunəsidir və siyasi iradənin təzahürüdür. Ölkəsinin də Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən Məhəmməd bin Abdelkader bildirib ki, Azərbaycan Prezidentinin səyləri və rəhbərliyi sayəsində ölkəmiz davamlı inkişafa nail olub və Azərbaycanın əldə etdiyi nailiyyətlər Mərakeş Kralı Əlahəzrət VI Məhəmməd və Mərakeş xalqı tərəfindən böyük iftixarla qəbul olunur. Qonaq, eyni zamanda, dünya əhəmiyyətli mühüm tədbirlərin, o cümlədən Bakı Humanitar Forumu, Avropa Oyunları, Avroviziya mahnı müsabiqəsi, İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Mərakeş Krallığı arasında imzalanmış Memorandumun əhəmiyyətindən danışıldı, Azərbaycanın bu sahədə təcrübəsinin Mərakeşdə tətbiq olunmasının önəmi qeyd olunub. Söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin çox yaxşı tarixə malik olduğu vurğulandı, iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib.

Məhəmməd bin Abdelkader bildirib ki, Azərbaycan Mərakeşin ərazi bütövlüyünü dəstəklədiyi kimi, öz növbəsində, Mərakeş də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

COP29