Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Yenicag.az xəbər verir ki, türkiyəli qonaqları salamlayan Prezident İlham Əliyev deyib:
– Sizi yenidən görməyimə şadam. Keçən il bir çox tədbirlərdə, mərasimlərdə bir yerdə olduq. Bu il də görüşürük. Dünən axşam əziz qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan mənə telefonla zəng etmiş, seçkilərlə bağlı öz təbriklərini ifadə etmişdir. Bilirsiniz ki, yaxın gələcəkdə Bakıda Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısı keçiriləcəkdir. Bu toplantı ənənəvi olaraq hər il keçirilir – bir dəfə Türkiyədə, bir dəfə Azərbaycanda. İndi bu toplantıya da hazırlıq gedir. Əminəm ki, iki dost, qardaş ölkə arasındakı əlaqələr 2020-ci ildə də uğurla inkişaf edəcək. Əgər keçən il biz TANAP-ın Avropa sərhədinə çatdırılmasını birlikdə qeyd etmişiksə, bu il artıq Cənub Qaz Dəhlizinin istismara verilməsini qeyd edəcəyik.
Sizə də təşəkkür edirəm ki, seçkilərdə müşahidəçi kimi iştirak etmisiniz. Böyük səylər göstərmisiniz və bu da çox önəmlidir. Çünki, əlbəttə, həm Türkiyədə, həm də Azərbaycanda keçirilən seçkilərdə bizim millət vəkillərimiz fəal olurlar, öz müşahidələrini aparırlar, fikirlərini bölüşürlər. Bildiyimə görə, artıq dünən siz bizim mətbuata da açıqlamalar vermisiniz. Bir daha sizə təşəkkür edirəm və bir daha “Xoş gəlmisiniz!” deyirəm.
***
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib:
-Hörmətli cənab Prezidentim. Əvvəlcə bizi qəbul etdiyiniz üçün Sizə çox təşəkkür edirik. Təbii ki, can Azərbaycanımızın dünən keçirdiyi seçkilərin Azərbaycanımız, bölgəmiz və Türkiyəmiz üçün xeyirli-uğurlu olmasını diləyirəm.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri olaraq mənimlə bərabər, yoldaşlarım da seçkiləri müşahidə etdilər. Çox səmərəli müşahidələrimiz oldu. Seçkilər çox obyektiv keçirildi. Biz hamımız təcrübəli insanlarıq. Mən Azərbaycandakı seçkilərin demək olar ki, hamısında müşahidəçi olmuşam, elə yoldaşlarım da. Azərbaycandan kənarda da seçkiləri izləmişik. Həqiqətən Azərbaycandakı bu seçkilərdə beynəlxalq standartlardan da üstün təşkilatçılıq gördük. Bunu bütün dünya görməlidir. Təəssüf ki, xüsusilə Avropa Şurasının, bir sıra qurumların Azərbaycan və Türkiyə ilə bağlı qərəzli münasibəti bizi çox narahat edir. Türkiyə Respublikasının parlamentində biz dostluq qrupunun tərkibində on nəfərik. Amma səmimiyyətlə söyləyirəm ki, 600 deputatımızın hamısı bu qrupun üzvü olmaq istəyir. Ürəkləri Azərbaycanın uğurları üçün döyünür.
Türkiyə olaraq, bu seçkilərin şəffaf, sakit ab-havada keçməsinə, belə bir mühitin yaradılmasına görə, ilk növbədə, Zati-alinizə çox təşəkkür edirik. İkincisi, Azərbaycan xalqının mütəşəkkilliyini, öz dəyərlərinə sahib çıxmasını təqdir edirik. Üçüncüsü, bir təşəkkürümüz də namizədlərədir. Bu seçkilərdə gənc namizədlər də fəal idi. Onlar seçkilərə hazırlıq dövründə Türkiyədə olduğu kimi, qapı-qapı gəzərək təbliğat işləri aparıblar. Mən inanıram ki, bundan sonrakı seçkilərdə Azərbaycan bunun faydasını görəcək. Sizə yoldaşlarım adından bir daha təşəkkür edirəm.
Fürsətdən istifadə edib parlamentimizin sədrinin Sizə ən səmimi salamlarını çatdırmaq istərdim. Sizə bir daha ən səmimi təşəkkürlərimizi çatdırırıq. Var olun, sağ olun.
***
Prezident İlham Əliyev deyib:
– Çox sağ olun. Təşəkkür edirəm, hörmətli Şamil bəy, hörmətli dostlar.
Doğrudan da bu seçkilər çox önəmli idi. Çünki bu seçkilər Azərbaycanda aparılan islahatlara dəstək verməlidir və seçkilərin növbədənkənar keçirilməsinin əsas məqsədi də o idi ki, vaxt itirmədən islahatlar davam etdirilsin. Çünki həm struktur islahatları aparıldı, həm hökumət, həm Prezident Administrasiyası yenidən formalaşdırıldı və əlbəttə ki, Milli Məclis bu işlərdən kənarda qala bilməzdi. Ona görə əminəm ki, bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq. Çünki bizim qanunvericiliyimiz ölkəmizin artan sürətinə uyğun olmalıdır. Eyni zamanda, bizim beynəlxalq əlaqələrimiz də genişlənir və Azərbaycanın millət vəkilləri ölkəmizi bundan sonra da beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil etməlidirlər.
İndi bütövlükdə ölkəmizdə gəncləşmə siyasəti aparılır. Ancaq bu da çox düşünülmüş formada olmalıdır. Yaşlı nəslin təcrübəsi, gənclərin innovasiyaya meyilli olması, onların bilikləri, müasir proseslərə diqqətin yetirilməsi – bax, biz bu vəhdətin təşkil edilməsi üçün çalışırıq. Hesab edirəm ki, buna nail olmuşuq. Mənə verilən məlumata görə, seçkilər ölkə ərazisində çox sakit keçdi, qanunvericilik çərçivəsində, hər hansı bir narahatedici məqam olmadı. Bu seçkilərə çox böyük maraq var idi. Çünki mən xatırlamıram ki, Azərbaycanda keçirilmiş hansısa parlament seçkisində 1300-dən çox namizəd olsun. Yəni, bu, özlüyündə onu göstərir ki, seçkilər rəqabət şəraitində keçirildi və bütün namizədlərin qeydə alınması prosesində ədalətli mövqe nümayiş etdirildi. Bu qədər namizədin olması seçkilərə inamın təzahürüdür. Çünki əgər inam olmasaydı, bu adamlar bəlkə də seçkilərə qatılmazdılar. Ona görə bu seçkilərin xüsusi rolu var.
O ki qaldı, bəzi beynəlxalq müşahidə missiyalarının rəyinə, biz onların mənfi rəyinə çoxdan öyrəşmişik. Onların bəzi hallarda rəyi seçkilərdən öncə yazılır, özü də onlar tərəfindən yazılmır, başqa yerlərdə yazılır, onlara ötürülür. Biz bunu dəfələrlə müşahidə etmişik. Siz də Avropa Şurasının bizə qarşı olan mənfi münasibətini qeyd etdiniz. Bunun da son təzahürü qəbul edilmiş, yalan üzərində qurulmuş son qətnamədir. Yəni, bu qətnamənin qəbul edilməsi, əslində, parlament seçkilərinə kobudcasına müdaxilədir. Birincisi, bu qətnamə saxtadır və biz bunu qəbul etmirik. Orada bizə qarşı irəli sürülən ittihamları rədd edirik və bizə qarşı ünvanlanmış dırnaqarası tələblərin heç birini icra etməyəcəyik. Bu, bir. İkincisi, bu qətnamənin qəbul edilmə vaxtı. Parlament seçkilərinə az vaxt qalmış bu qətnamənin qəbul edilməsi Azərbaycana qarşı olan mənfi və ədalətsiz yanaşmanın təzahürüdür.
Mən bu yaxınlarda yaxın dostumuz olan Mövlud Çavuşoğlu ilə görüş əsnasında bu barədə öz fikirlərimi bildirdim. O da eyni mövqedədir və biz yaxşı bilirik ki, Türkiyəyə və Azərbaycana Avropa Şurasında ikili standartlar tətbiq olunur. Bizdə gedən müsbət proseslər qeydə alınmır, bizim artan gücümüz sanki qıcıq, paxıllıq yaradır. Ancaq buna rəğmən, Türkiyə və Azərbaycan iki dost, qardaş ölkə kimi irəli gedir. Biz çox önəmli layihələri icra edirik, öz gücümüzü artırırıq. Hesab edirəm ki, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində gedən işlərdə bizim düzgün siyasətimiz artıq reallıqdır. Ən önəmlisi, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir. Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı. Bu gün siz də gördünüz, Azərbaycanda tam demokratik ab-hava mövcuddur. Seçki və seçkilərin keçirilməsi demokratiyanın təzahürlərindən biridir. Əgər namizədlər bu seçki kampaniyası ərzində belə fəal, mübariz olublarsa, – bu, əslində, belədir, siz də bunu qeyd etdiniz,- seçicilərə öz fikrini çatdırmaq üçün qapı-qapı gəziblərsə, əlbəttə ki, əgər onlar seçkilərdən narazı olsalar, öz səslərini ucaldardılar. Ancaq indiyə qədər biz belə hallara rast gəlmirik. Bu, bir daha onu göstərir ki, bu seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir və əsas odur.
Bu seçki prosesində müşahidəçi kimi qardaş Türkiyənin nümayəndələrinin iştirakı bizi xüsusilə sevindirir. Bir daha sizə təşəkkürümü bildirirəm. Əminəm ki, Türkiyə Böyük Millət Məclisindəki Azərbaycan-Türkiyə dostluq qrupu bundan sonra da iki ölkə arasındakı əlaqələrin inkişafına xüsusi töhfə verəcək və siz də qeyd etdiyiniz kimi, mən də buna tam əminəm ki, Türkiyə parlamentinin istənilən üzvü Azərbaycanla dostluq qrupunun üzvüdür. Çünki bizdə də eyni yanaşmadır. Biz bundan sonra da birlikdə böyük işləri davam etdirəcəyik.
***
13:13
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Yenicag.az xəbər verir ki, görüşdə tərəflər arasında maraqlı fikir mübadiləsi aparılıb.