Qərbin ardıcıl səhvləri Rusiyanı Qara dənizdə belə gücləndirir – ANALİZ
Rusiya ilə Ukrayna arasında davam edən müharibə nəticəsində Qara dənizdə gərginlik son aylarda xeyli artıb. Bu qarşıdurma təkcə iki ölkə ilə məhdud qalmır, bölgədəki digər dövlətlərin, xüsusilə də sahilyanı ölkələrin təhlükəsizliyinə təsir göstərir. Ukrayna limanlarında dayanan üç türk gəmisinin Rusiya tərəfindən raketlə vurulması, ondan əvvəl isə Rusiyaya gedən iki türk tankerinin Ukrayna hücumlarına məruz qalması diqqətləri yenidən Qara dənizə yönəldib. Üstəlik, qısa müddət əvvəl rabitə kəsildiyi ehtimal olunan bir pilotsuz uçuş aparatının (PUA) Türkiyənin hava məkanında məhv edilməsi də bölgədə gərginliyin nə qədər yüksəldiyini göstərən başqa bir hadisə kimi qeyd edilir.
Yenicag.az xəbər verir ki, diplomat Uluç Özülkər Qara dənizin uzun illər “sülh dənizi” kimi tanındığını xatırladıb.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin kökündə Qərb ölkələrinin illərdir davam edən səhv siyasətləri dayanır və Rusiya bu səhvləri fürsətə çevirərək öz sərhədlərini ardıcıl şəkildə genişləndirməkdədir. Özülkər xatırladıb ki, Rusiya Krımı işğal edib və bu addımdan geri çəkilməyəcəyini açıq şəkildə bəyan edib. Krımın yanında yerləşən və Qara dənizin ən böyük limanlarından olan Sevastopol Rusiyanın hərbi-strateji baxımdan həyati əhəmiyyət daşıyan dayaq nöqtəsidir.
Diplomat bildirib ki, Qərb ölkələrinin, xüsusilə də ABŞ və Fransanın keçmişdə Gürcüstan və digər bölgələrdə atdığı yanlış addımlar da Rusiyanın əlini gücləndirib. Gürcüstan nümunəsində bu siyasətin nəticəsi olaraq ölkənin ərazi baxımından kiçilməsinə, Abxaziya məsələsi üzərindən Rusiyanın daha da irəliləməsinə yol açıldığını qeyd edir. Eyni xəta indi Ukrayna məsələsində də təkrarlanır: sanksiyalar real nəticə vermir, Ukrayna Qərb tərəfindən siyasi cəhətdən təşviq edilir, amma kritik məqamda kifayət qədər dəstək ala bilmir, nəticədə isə Rusiya sahə və təsir dairəsini genişləndirməkdə davam edir. Krım və Donbas bölgələrinin artıq effektiv şəkildə Rusiyanın nəzarətində olduğu vurğulanır.
Özülkər Ukrayna ilə bağlı gündəmdə olan 20 maddəlik sülh sazişi layihəsini də şərh edib.
Onun fikrincə, bu cür razılaşma imzalansa, Ukraynanın tam müstəqil dövlət kimi vəziyyəti ciddi şəkildə zəifləyəcək və ölkə ərazi və siyasi cəhətdən “kiçilmiş” hala gələcək. Yəni tarixi səhvlərin davamı yenə Rusiyanın ərazi baxımından üstünlük əldə etməsi ilə nəticələnə bilər.
Özülkər Qara dənizdə gedən proseslərin daha geniş mənzərəsinə baxanda Rusiyanın himayəsində olan, lakin rəsmi olaraq Rusiya bayrağı daşımayan gəmilər vasitəsilə bölgədə xüsusi təşkilatlanmanın formalaşdırıldığına dair iddialara da diqqət çəkib. Onun fikrincə, hadisələr artıq yalnız sahilyanı zolağa deyil, dənizin iqtisadi məkanına – o cümlədən sahilyanı ölkələrin müstəsna iqtisadi zonalarına da zərər verə biləcək səviyyəyə çatıb. Bu isə Rusiyanın Qara dəniz sahil xəttinin böyük bir hissəsinə, o cümlədən Ukraynanın sahil bölgələrinə nəzarət etmək niyyətini açıq şəkildə göstərir.
O da vurğulanıb ki, bu müharibədən ən çox təsirlənən ölkələrdən biri bölgədəki coğrafi mövqeyi və boğazlara nəzarəti baxımından Türkiyədir. Türkiyənin vasitəçilik rolu xüsusi qeyd olunub və Montrö Konvensiyasının bu kontekstdə əhəmiyyətinə işarə edilib. Özülkərə görə, Montrö müqaviləsi sayəsində Qara dənizdə hərbi-dəniz balansına müəyyən nəzarət imkanları qorunur və bu da Türkiyənin bölgədəki strateji önəmini artırır. Onun qənaətinə görə, müharibənin mümkün qədər tez dayandırılması, həm regionun ümumi təhlükəsizliyi, həm də sahilyanı ölkələrin, xüsusilə də Türkiyənin maraqları baxımından həyati əhəmiyyət daşıyır.
Amir Aqiloğlu












