!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi - FOTO

!Reklam – Yazi

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Yenicag.az  xəbər verir ki, dövlət başçısı iclasda nitq söyləyib.

Prezident İlham Əliyevin nitqi:

– Hər il olduğu kimi, biz bu il də plan üzrə altı ayın sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. Bu ənənə öz bəhrəsini verir. Çünki bu toplantılarda həm görülmüş işlər, buraxılan nöqsanlar təhlil olunur, eyni zamanda, gələcək fəaliyyətimiz üçün praktiki addımların atılması müəyyən edilir. Təbii ki, hər ilin əvvəlində il ərzində görüləcək işlər haqqında qərar verilir, tədbirlər planı təsdiq olunur. Ancaq həyat yerində durmur. Həyat dəyişir və yeni çağırışlar üzə çıxır. Belə olan halda əlbəttə ki, biz öz planlarımıza da düzəlişlər etməliyik və edirik. Bu düzəlişlərin əsas məqsədi ölkəmizin uğurlu inkişafını sürətləndirmək, bunu təmin etməkdir. Ona görə biz bu gün də ənənəvi olaraq bu məsələləri müzakirə edəcəyik.

Ancaq bundan əvvəl son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş hadisələr haqqında ictimaiyyətə məlumat vermək istərdim. Bildiyiniz kimi, iyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olub, yaralanıb. Ondan sonra hər dəfə olduğu kimi, Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir, halbuki bu, heç bir məntiqə sığmır. Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl mənim tapşırığımla sərhədin bir hissəsinin qorunması Sərhəd Qoşunlarına həvalə olunubdur. Bu da onu göstərir ki, bizim bu istiqamətdə hər hansı bir hərbi planımız yoxdur və prinsip etibarilə hərbi məqsədlər nöqteyi-nəzərdən bunun heç bir əhəmiyyəti yoxdur. Üstəgəl Ermənistan dırnaqarası “Azərbaycan diversiyasını” əsaslandırmaq üçün çox ağılsız və hesab edirəm ki, onların səviyyəsinə uyğun səbəb göstərməyə cəhd etdi. Guya ki, Azərbaycanın hərbi qulluqçuları – iki nəfər UAZ maşını ilə Ermənistan sərhədini pozaraq hərbi diversiya törətməyə cəhd etmişlər. Sual olunur, hansı ölkənin ordusu hücumu iki zabit və əsgərlə UAZ maşını ilə təşkil edir? Bəlkə Ermənistan ordusu belə “müdrik” hərbi əməliyyatlar hazırlamaqla məşğuldur? Ancaq Azərbaycan Ordusu və dünyanın heç bir ordusu belə ağılsız addım atmaz. Yəni, bu cəfəng versiyanın Ermənistan tərəfindən təqdim edilməsinin əsas səbəbi günahı bizim üzərimizə yıxmaqdır, hər dəfə olduğu kimi. Ancaq bu dəfə buna heç kim inanmayıb. Hərbi mütəxəssis olmaq lazım deyil ki, bu cəfəng versiyaya insanlar inansın. Əsl vəziyyət ondan ibarət idi ki, bir daha demək istəyirəm bizim hərbi postumuz artilleriya atəşi ilə vurulub və bu qəfil çirkin addım nəticəsində hərbçilərimiz həlak olublar. Dərhal mən bütün müvafiq göstərişlər verdim. Azərbaycan Silahlı Qüvvələrinə göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır, onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxarmasın. Eyni zamanda, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti qurumlara göstəriş verilib ki, bütün beynəlxalq təşkilatlar Ermənistanın bu diversiyası ilə əlaqədar məlumatlandırılsın, bu hadisə haqqında dolğun məlumat verilsin. Mən dərhal Təhlükəsizlik Şurasının toplantısını çağırdım və orada qeyd etdim ki, operativ vəziyyət imkan verən kimi, biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin nümayəndəliklərində işləyən hərbi attaşeləri, jurnalistləri, əgər belə istək olarsa, səfirliklərin digər nümayəndələrini həmin bölgəyə dəvət edəcəyik, onları bu vəziyyətlə tanış edəcəyik və onlar yerində görəcəklər ki, bu təxribatı törədən kimdir və bu təxribat nəticəsində həlak olanlar hansı ordunun əsgərləridir.

Bir daha demək istəyirəm ki, görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Mən Təhlükəsizlik Şurasının toplantısında artıq demişdim ki, Azərbaycan əsgər və zabitlərinin qanı yerdə qalmamalıdır. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr əminəm ki, onlara yaxşı dərs oldu. Ancaq buna baxmayaraq, dünən və srağagün onlar tərəfindən yenidən çirkin addımlar atılmışdır, növbəti dəfə hərbi təxribat törədilmişdir və bu təxribat nəticəsində yenə də bir neçə hərbçimiz, o cümlədən general Polad Həşimov, polkovnik İlqar Mirzəyev həlak olmuşlar.

Bu gün səhər saatlarında general Polad Həşimovun anası Səmayə xanımla telefonla danışdım, ona başsağlığı verdim, Allahdan səbir dilədim. Onu əmin etdim ki, oğlunun, bizim qəhrəmanımızın qanı yerdə qalmayıb, onun qisası alındı və bundan sonra da alınacaqdır. Belə analara eşq olsun ki, xalqımız, dövlətimiz üçün bu cür övladlar, igidlər yetişdirib.

Bildirməliyəm ki, general Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərmişdir. Mənim tərəfimdən iki dəfə yüksək dövlət ordeni ilə təltif edilmişdir. Mənim tərəfimdən ona general rütbəsi verilmişdir. Polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə bu gün söhbət zamanı atasının qəhrəmanlığı haqqında danışdım. Dedim ki, o, atasına oxşamalıdır, bizim bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib. Onların ailə üzvlərinə, yaxınlarına bir daha başsağlığı verirəm. Eyni zamanda, son günlər ərzində həlak olmuş bütün insanların yaxınlarına, qohumlarına başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin, Allah yaralı hərbçilərimizə şəfa versin.

Təklif edirəm ki, bu günlər ərzində torpaq uğrunda qəhrəmancasına həlak olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.

Allah rəhmət eləsin!

Bildirməliyəm ki, bu çirkin əməldən sonra mənim göstərişimlə qisas əməliyyatının ikinci fazası başlamışdır. Son iki gün ərzində düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirildi. Bizdə olan məlumata görə, onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir. Əməliyyat haqqında bundan artıq demək istəməzdim. Çünki bu, hərbi sirdir, məxfi xarakter daşıyır. Ancaq biz bəzi videogörüntüləri paylaşdıq. Bu videogörüntülər Azərbaycan Ordusu tərəfindən keçirilmiş əməliyyatların cüzi bir hissəsidir. Nə mümkün olubsa, onu göstərmişik, hesab edirəm ki, indiki mərhələdə bundan artıq informasiya vermək düzgün olmazdı. Ancaq bu videosüjetlər açıq-aydın göstərir ki, düşmənin infrastrukturu, canlı qüvvəsi, səngərləri, postları, dayaq məntəqələri nə qədər dəqiqliklə məhv edilir.

Deməliyəm ki, son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Necə ki, 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl – 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu. Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu bizim nəzarətimizdədir. Vaxtilə – 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı.

Bu əməliyyat – son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir. Bunu Azərbaycan xalqı bilir. Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir. Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır.

Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətlə bağlı məlumat artıq verildi və bu gün operativ vəziyyət bizi tamamilə qane edir. Biz istənilən vaxtda, lazım olan vaxtda bu günlərdə yaradılmış əlavə imkanlardan, o cümlədən döyüş məntəqələrinin yeni yerləşməsindən istifadə edib öz sözümüzü deyəcəyik. Aprel döyüşlərində olduğu kimi, mənfur qonşu bu dəfə də ən çirkin əməllərə əl atdı. O da nədən ibarətdir? Bizim kəndlərimizi atəşə tutdu və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Bu, bir daha onu göstərir ki, Ermənistan faşist dövlətdir.

Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Torpaqların itirilməsi bir daha demək istəyirəm ki, o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər. O vaxt o bölgədə fəaliyyət göstərən Azərbaycan Xalq Cəbhəsinin batalyonları və onların komandirlərinin bir neçəsi xəyanət etmişlər. Baxmayaraq ki, onların tərkibində cəsur və Vətənə bağlı insanlar döyüşürdülər, öz canlarını qurban vermişlər. Ancaq o vaxt Azərbaycan Xalq Cəbhəsinin başında dayananlar nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək üçün torpaqları satdılar və beləliklə, o vaxtkı hakimiyyəti yıxa bildilər. O vaxt bizim torpaqlarımızın itirilməsi bilavasitə Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar fəaliyyəti ilə bağlıdır. Ona görə Ermənistan hər zaman bu imkanlardan faydalanıb. İndi də özləri gizlətmirlər ki, o vaxt Azərbaycanda xaos, anarxiya idi, onlar bundan istifadə edib torpaqlarımızı zəbt etdilər. O vaxt Azərbaycan Xalq Cəbhəsi Gəncəni bombalayırdı, Azərbaycan əsgərlərini əsir götürmüşdü. Orada torpaq əldən gedirdi, burada isə onlar hakimiyyət uğrunda mübarizə aparırdılar və əfsuslar olsun ki, öz çirkin əməllərinə nail oldular. Hakimiyyətə gəldilər, daha çox torpaq verdilər, sonra da biabırcasına qaçıb gizləndilər, fərarilik etdilər. Bütün bunlar bizim tariximizdir.

Amma Ermənistan ancaq əliyalın insanlara qarşı vuruşub, qocalara, uşaqlara qarşı soyqırımı törədib. Xocalı soyqırımını törədənlər Ermənistanın siyasi rəhbərliyidir, keçmiş hakimiyyətidir, keçmiş iki prezidentidir hərbi cinayətkarlar. Xocalı soyqırımı zamanı bu cəlladlar tərəfindən 106 qadın, 63 uşaq öldürüldü. Əziz Əzizov da həmin erməni faşistlərin əməlləri nəticəsində həlak olmuşdur. Bildirməliyəm ki, ağsaqqal Əziz Əzizovun da qanı yerdə qalmayıb, qarşı tərəfə adekvat cavab verilib və veriləcəkdir və heç kimdə bu haqda şübhə olmasın.

Mən hesab edirəm ki, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, Ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi.

O ki qaldı bu erməni hərbi təxribatının səbəblərinə, əlbəttə ki, bu səbəbləri biz tam dəqiqliklə bilə bilmərik, bunu həyat göstərər. Ancaq bir çox məntiqli ehtimallar mövcuddur və bu haqda mən Azərbaycan vətəndaşları ilə öz fikirlərimi bölüşmək istərdim. Hesab edirəm ki, birinci səbəb Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Bu, heç kimə sirr deyil. Xaricdən maliyyələşən, xarici fondlardan maaş alan, onlardan təlimat alan və onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yollarla zəbt edəndən sonra bir çox vədlər vermişdi. Ermənistanda çiçəklənmə, cənnət olacağını vəd vermişdi. Bəyan etmişdi ki, qısa müddət ərzində Ermənistana on milyardlarla dollar sərmayə qoyulacaq, qısa müddət ərzində Ermənistan əhalisi 5 milyona çatacaq – halbuki indi Ermənistan əhalisi 2 milyondan azdır, – Ermənistanda bütün həyat yenidən qurulacaq, ədalət olacaq, demokratiya inkişaf edəcək, insan haqları qorunacaq və digər vədlər vermişdi. Erməni xalqı Sarkisyan rejimindən o qədər bezmişdir ki, o, kimə istəsən inanardı. O çevrilişi təşkil edənlərin başında başqa adam olsaydı, ona da gedib səs verəcəkdi. Çünki Sarkisyan rejiminə nifrət həddindən artıq böyük idi və bundan istifadə edib hakimiyyəti zor gücü ilə zəbt etmiş bu qruplaşma bu vədləri sonra yerinə yetirməli idi. Ancaq necə yerinə yetirsin ki, təcrübə yox, səriştə yox, daxili resurslar yox, xarici investisiyalar qoyulmayıb. Əksinə, xarici investorları indi çürüdürlər, məhkəmə çəkişmələrinə cəlb edirlər. Bu gün Ermənistanın ayaqda dayanmasını şərtləndirən strateji investorları məhkəməyə çəkirlər, onları korrupsiyada ittiham edirlər, hətta necə deyərlər, bel bağladığı ölkənin şirkətlərinə qarşı çirkin əməllər törədirlər. Əlbəttə ki, bütün bunlar istənilən potensial investoru qorxudacaq. Əgər, sənin ölkənə pul qoyan, orada infrastruktur yaradan, insanları işlə təmin edən ən yaxın şirkətlərə belə münasibət bəsləyirsənsə, onda başqa ölkələrin investorları nə fikirləşsin?!

Ona görə bu vədlərin iflasa uğraması təbii ki, Ermənistanda artıq böhranlı vəziyyətin yaranmasına gətirib çıxarıb. Hakimiyyət buna necə reaksiya verib? Cəmiyyəti birləşdirmək əvəzinə, əksinə, indi siyasi məhbuslar yaradır, siyasi opponentlər həbs edilir, təqib olunur, onların toxunulmazlığı götürülür, konstitusiya kobudcasına pozulur, konstitusiyaya qanunsuz düzəlişlər edilir, hansı ki, bu düzəlişlər ancaq referendumla oluna bilərdi. Bilirlər ki, referendumda bu düzəlişlər keçməyəcək. Hakimiyyət zəbt olunub və hakimiyyət bölgüsü yoxdur. Hakimiyyət bir adamın əlində cəmləşib və demokratiyadan əsər-əlamət yoxdur və heç vaxt olmayıb. Faşist dövlətində hansı demokratiya, insan haqlarından söhbət gedə bilər. Amma indiki vəziyyət daha da acınacaqlıdır. Ona görə ki, iqtisadi sahədə vədlər yerinə yetirilmədi, siyasi cəhətdən Ermənistan özünü təcrid vəziyyətə qoydu. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı onların ağılsız addımları bir daha bunu göstərir. Bütün dünya bizi dəstəklədi, əleyhinə çıxan yeganə ölkə Ermənistandır.

Demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, fikri bu əsas məsələlərdən yayındırsın və şüurlu şəkildə bu təxribata əl atdı. Nə üçün məhz iyulun 12-də? Bu da təsadüfi deyil. İndi Ermənistanda bunu başqa hadisələrlə əlaqələndirirlər. Mən bu məsələyə toxunmaq istəmirəm. Çünki mən heç vaxt ailə məsələlərinə toxunmamışam və heç kimə məsləhət görmürəm. Amma mən hesab edirəm ki, iyulun 10-da artıq rəsmən açıq elan edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyası bunun əsas səbəbi olub. Çünki, bu, ölkəmizin növbəti böyük uğurudur, növbəti böyük qələbəsidir, 130 ölkə bizi dəstəklədi. Azərbaycan o ölkədir ki, gündəliyi zəbt etmiş COVID-19 məsələsi diqqətə gətirildi, iki böyük Zirvə görüşü keçirildi və ondan sonra BMT-nin Baş Assambleyasının xüsusi sessiyası. Budur səbəb. Səbəblər çox ola bilər. Sadəcə olaraq, mən öz fikirlərimizi bölüşmək istəyirəm, fakt odur ki, Ermənistanın hərbi təxribatı məhz bu vaxtlarda təsadüfən törədilməyib. Amma layiqli cavab verildi. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu vəziyyətə tam nəzarət edir. Onu da bildirməliyəm ki, baxmayaraq, kəndlərimiz atəşə tutuldu, ağsaqqal həlak oldu, bizim kəndlərimizdə yaşayan insanlardan bir nəfər də yerindən tərpənmədi, bir nəfər də heç yerə getmədi. Amma bizdə olan operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, bəzi şəhərlər boşaldılır. İndi panika yaranıbdır. Bax, fərq budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır.

Azərbaycan ictimaiyyətinin diqqətini bir məsələyə də çəkmək istərdim. O da ondan ibarətdir ki, bildiyiniz kimi, bu çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi, dərhal onlardan yardım istədi, dərhal hay-haray qaldırdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər. KTMT-nın buna nə dəxli var? Birincisi, Azərbaycan, bir daha demək istəyirəm ki, Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Belə olan halda KTMT-nın bu işə nə dəxli ola bilər? Bu bir. İkincisi, bu addım onların acizliyini, qorxaqlığını göstərir. Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-ya müraciət etmək onların qorxaqlığının növbəti təzahürüdür. Onlar öz qorxaqlığını, rəhbərliyin qorxaqlığını bir daha göstərdilər. Yaxşı, qələt eləmisən, təxribat törətmisən, cinayət törətmisən, – cavab ver buna. Cavab ver və veribdir artıqlaması ilə. İndi onlar ölənlərin sayını gizlədirlər. Amma bizdə operativ məlumat var. Bəzi ölən erməni hərbçilər haqqında məlumatı biz vermişik, onlar gizlədirdilər. Biz məlumatı verəndən sonra onlar onu etiraf etdilər. Necə ki, Aprel döyüşlərində gizlətmişdilər. Bu bir daha onların acizliyini göstərir, digər tərəfdən nəyi göstərir? Onların riyakar siyasətini göstərir. Yaxşı, necə ola bilər ki, bu yaxınlarda heç bir üzv ölkədən soruşmadan KTMT-nın baş katibini həbs etmisən. Belə şeymi olar? Bu, tamamilə bütün beynəlxalq davranış qaydalarını pozan bir addım idi. KTMT-nın rəhbəri vəzifəsində olan insanı həbs etdilər. Onlara təzyiq olunandan sonra onu buraxdilar, amma cinayət işi hələ bağlanmayıb, davam edir. Beynəlxalq təşkilatın ali nümayəndəsini həbs edir. Ondan sonra bir il ərzində KTMT-ya rəhbər nəzərdə tutulmuş şəxsin namizədliyini bloklayıb, veto qoyub. Çünki əlifba sırası ilə olmalı idi. Ermənistandan sonra Belarusun nümayəndəsi olmalı idi, onun namizədliyi verildi. Amma bir il imkan vermədi ki, o öz fəaliyyətinə başlasın. Budurmu KTMT-ya münasibət? Yaxşı, təxribat törətmisən, başından da zərbə almısan, indi nə olub qaçıb KTMT-dan yardım istəyirsən? KTMT-nın Ermənistandan başqa bütün üzvləri bizim dostlarımızdır.

İndi xarici fondlardan maliyyələşən, hakimiyyət nümayəndələrinin demək olar ki, hamısının SOROS fondunun və buna oxşar fondların tör-töküntüləri olan bir dövlətə KTMT ölkələrinin münasibəti necə olmalıdır? Mən sual verirəm və bu sual hesab edirəm ki, ritorikdir. İndi nə oldu qaçıb, KTMT-nın ətəyindən yapışırsan. Cavab ver öz çirkin əməllərinə görə. Cavab vermisən və verəcəksən.

Onu da bildirməliyəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mən bu yaxınlarda Azərbaycan telekanallarına müsahibədə öz mövqeyimi, bizim prinsipial mövqeyimizi bir daha ifadə etdim. Azərbaycan xalqının bu mənasız danışıqlardan bezdiyini ifadə etdim. Ona görə bu məsələ ilə məşğul olanlar və bu günlər ərzində öz vasitəçilik təkliflərini irəli sürənlər bu haqda düşünsünlər, Azərbaycan xalqının səbri tükənməz deyil. Bu gün biz güclü ordu yaratmışıq. Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir. Ona görə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım geri atmayacağıq. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim bu məsələ ilə bağlı fikrimiz qətidir.

O ki qaldı bizim addımlarımıza, lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Azərbaycanda hadisələri qabaqlamağı heç kimə məsləhət görmürəm. Buna ehtiyac yoxdur. Bu, zərərli ola bilər. Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik. Bundan artıq hələ ki, nəsə demək düzgün olmaz.

Mən bir məsələyə də toxunmaq istərdim. Bu da beynəlxalq aləmin bu hadisələrə reaksiyasıdır. Azərbaycan ictimaiyyəti bunu izləyir. Təxribat törədiləndən dərhal sonra – ayın 12-də günorta saatlarında mən Prezident Administrasiyasına müvafiq göstərişlər verdim və bizim beynəlxalq təşkilatlardakı nümayəndələrin, o cümlədən parlamentlərarası təşkilatlardakı nümayəndələrin hər biri təlimat aldı və təmsil olunduqları təşkilatların rəhbərlərinə məsələ ilə bağlı dolğun məlumat verdi.

Ancaq mən hesab edirəm ki, bizim diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz. Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz. Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Bir çox hallarda görmürük. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Düşmən ölkə ilə, bizimlə münaqişədə olan ölkə ilə COVID-lə bağlı hansı danışıqlar aparıla bilər?! Bu, cəfəngiyyatdır. Yəni, nədir, biz Ermənistanla əməkdaşlığamı başladıq?!

Mən demişəm və bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri bunu bilirlər. Baxmayaraq, təxminən son 17 il ərzində dəfələrlə mənə təkliflər edilib ki, Ermənistanla hansısa formada əməkdaşlığa başlayın, – humanitar, etimad tədbirlərinin gücləndirilməsi və digər. Mən demişəm, biz buna hazır ola bilərik, ancaq biz danışıqlar prosesində tərəqqi görməliyik. Görməliyik ki, biz artıq addım-addım sülh razılaşmasına yaxınlaşırıq. Əgər bu yoxdursa, onda bu əməkdaşlığın nə mənası var? Bu əməkdaşlıq ancaq bizim ziyanımıza ola bilər. Bu gün də bu mövqedəyəm. Gedin, işğalçı dövlətə təzyiq edin, başına ağıl qoyun, nəhayət, sözünüzü deyin ki, onlar bizim torpağımızdan çıxmalıdırlar. Əgər bu baş tutacaqsa və belə bir perspektiv real görünəcəksə, bəli, biz ondan sonra hansısa addımların atılmasını təmin edə bilərik. Ancaq indiki şəraitdə Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən buna cavab verirəm. Xarici İşlər Nazirliyi hansısa səviyyədə buna cavab verib, yoxsa yox? Mən eşitməmişəm, Azərbaycan xalqı da eşitməyib. Bunu, ilk növbədə, kim etməlidir? Xarici İşlər Nazirliyi, susur. Mən demişəm ki, danışıqlar prosesində tərəqqi olmayana qədər Ermənistan ilə hər hansı bir əməkdaşlıqdan söhbət gedə bilməz. Sən demə, COVID müzakirə olunur. Yəni, biz COVID-lə bağlı erməni işğalçılara köməklikmi göstərməliyik?!

Mən Azərbaycan xalqı ilə bütün vacib məsələləri həm bölüşürəm, həm məsləhətləşirəm, həm öz fikirlərimi, öz siyasətimi deyirəm və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edirəm. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Ona görə, bizim hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Ona görə mən bütün bu sualları çılpaqlığı ilə ictimaiyyətə təqdim edirəm. Bu son bir neçə gün ərzində ancaq mənim göstərişlərim əsasında addımlar atılıb. Mənim köməkçim Hikmət Hacıyevlə gündə bəlkə də on dəfə təmasdayam, – onu belə elə, bunu belə elə, onu buna de, o təlimatı buraya de.

Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş Nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən Xarici İşlər nazirini tapa bilmədim. Mən Əli Əsədovdan soruşdum, haradadır. Sənə nə dedi? De.

Baş Nazir Əli Əsədov: Cənab Prezident, soruşdum, dedi ki, mən evdən işləyirəm.

Prezident İlham Əliyev: Necə, evdən işləyirəm?

Baş Nazir Əli Əsədov: Bəli, dedi ki, evdən işləyirəm. Mən Elmar Məmmədyarova zəng etdim. Sizin dediklərinizi ona dedim, soruşdum ki, bu hadisəni sən nə vaxt eşitmisən və harada olmusan? Dedi, evdən işləmişəm. Dedim, saatbasaat mənə de, harada olmusan? Yenə dedi ki, evdən işləmişəm. Günorta saat 3-də eşitmişəm. Daha sonra dedi ki, təqribən saat 6-da, 7-də Hikmət Hacıyevlə telefonla danışıb. İndi Siz dediniz, Hikmət Hacıyev Sizin təlimatları ona çatdırandan sonra deyib ki, bizim BMT-dəki nümayəndəmiz Yaşar Əliyevlə danışıb. Bax, bu qədər. Mən Sizin verdiyiniz tapşırıqları ona çatdırdım, dedim ki, belə olmaz. Biz hamımız iş yerindəyik. Prosesləri cənab Prezident idarə edir. Xarici İşlər naziri olaraq sən bunu, bunu, bunu et – Sizin dediyiniz tapşırıqları. Soruşdum ki, evdə niyə işləyirsiniz? Sən gəl iş yerinə, kabinetinə və s. Tapşırıq belə oldu. Ondan sonra hadisələr məlumdur.

Prezident İlham Əliyev: Aydındır. Daha dərinə getmək istəmirəm. Bir çox şey deyə bilərəm. Hesab edirəm bu, kifayətdir. Ancaq biz hamımız – həm rəhbər vəzifələrdə olanlar və ictimaiyyət bilməliyik real mənzərə nədən ibarətdir ki, düzgün addımlar ataq. Biz hər gün, hər dəqiqə ölkəmizin maraqlarını qorumalıyıq.

Bir məsələni də demək istərdim, bu beynəlxalq təşkilatların reaksiyası ilə əlaqədardır. İlk növbədə, qardaş Türkiyəyə və onun Prezidenti, mənim qardaşım Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirirəm. Biz bu günlərdə Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. İlk saatlardan Türkiyənin rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər, açıqlamalar verdilər. Dünən Prezident tərəfindən çox önəmli açıqlama verildi. Ondan əvvəl Müdafiə naziri, Xarici İşlər naziri, Prezident Administrasiyasının nümayəndələri, deputatlar, ictimai fəallar. Bir daha bütün dünya, Türkiyə və Azərbaycan xalqları gördü ki, biz əsl qardaşıq. Yaxşı günlərdə və ağır günlərdə bir-birimizin yanındayıq. Yəqin ki, həm Türkiyə vətəndaşları, həm Azərbaycan vətəndaşları mənim dəfələrlə dediyim sözləri xatırlayırlar və görürlər ki, mən nə qədər haqlı idim deyəndə ki, dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Bu yaşanan vəziyyət bir daha onu göstərir. Ona görə bir daha qardaş Türkiyə xalqına, onun Prezidentinə Azərbaycan xalqı adından və öz adımdan dərin təşəkkürümü bildirmək istəyirəm.

Bizim digər dost, qardaş ölkəmiz Pakistan birmənalı mövqe bildirib, Azərbaycanın haqq işinə öz dəstəyini verib. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama verib. Fürsətdən istifadə edərək, Pakistan İslam Respublikasının rəhbərliyinə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin rəhbərlərinə – Qazaxıstan, Qırğızıstan, Türkiyə təbii ki, Özbəkistan rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, yəqin ki, Azərbaycan ictimaiyyəti bunu bilir, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatla çıxış edib. Bu təşkilatda 57 dövlət birləşir. Budur bizə göstərilən beynəlxalq dəstək. Qeyd etdiyim kimi, digər ölkələr, bəzi Avropa ölkələri öz rəsmi nümayəndələri vasitəsilə Azərbaycana dəstək ifadə etdilər. İndi baxın, görün Ermənistana kim dəstək göstərdi? Görməmişəm. Burada da təcrid vəziyyətindədir. Çünki hamı bilir ki, Azərbaycan haqlıdır. Bir çoxları bizim fəaliyyətimiz nəticəsində biliblər ki, bu çirkin təxribatı Ermənistan törətmişdir.

Bir məsələyə də toxunmaq istəyirəm. Bizim ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, əlbəttə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bayaq dediyim kimi, mənə ünvanlanan məktublarda gördüyümüz işlərə tam dəstək ifadə olunur. Dünən bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər – mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Ancaq əfsuslar olsun ki, bu insanlar Şəhidlər xiyabanına gələndən sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil olub. İndi onların şəxsiyyəti araşdırılır. Bu təxribatçı qruplar orada xuliqanlıq törətdilər, ictimai asayişi pozmağa cəhd etdilər və polisə müqavimət göstərdilər. Mən daxili işlər orqanlarına göstəriş vermişdim ki, insanların Şəhidlər xiyabanına gəlişini, onların təhlükəsizliyini təmin etsin, yol hərəkətini tənzimləsin. Çünki insanlar bir çox hallarda avtomobil yolu ilə gedirdilər. Bütün bu göstərişləri dünən axşam mən Daxili İşlər naziri Vilayət Eyvazova verdim. Eyni zamanda, dedim ki, siz ayıq olun, çünki istisna edilmir, hansısa təxribatçı qüvvələr və bizi istəməyənlər, “beşinci kolon”un nümayəndələri, satqınlar orada hansısa təxribat törədə bilərlər. Çünki belə kütləvi tədbirlərdə, o cümlədən əvvəlcədən təşkil olunmamış kütləvi tədbirlərdə bəzən xoşagəlməz hallar da baş verir. Ona görə Şəhidlər xiyabanına qədər bütün yol boyunca polis əməkdaşları öz vəzifə borclarını ləyaqətlə icra ediblər. Şəhidlər xiyabanında da insanlar yığışanda asayiş tam təmin edilirdi. Ancaq bir daha demək istəyirəm ki, bir qrup təxribatçı bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdı. Təbii ki, daxili işlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Artıq onların şəxsiyyəti müəyyənləşdirilir. Onların hamısı məsuliyyətə cəlb ediləcək, bir nəfər də, – mən bu gün səhər dedim, – məsuliyyətdən boyun qaçıra bilməyəcək. Əlbəttə ki, ancaq qanun çərçivəsində onlara layiqli cəza veriləcəkdir, əgər onlar məhkəmə tərəfindən bu cəzaya layiq görüləcəklərsə. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün biz ictimaiyyətdən də yardım istəyirik. O təxribatçıları tam müəyyən etmək üçün dünən oraya toplaşan vətənpərvər insanlardan da mən xahiş edirəm, əgər o videokadrlarda kimisə, iğtişaş törətmək istəyənləri tanıyırlarsa, məlumat versinlər, biz hamısını tapaq və cəzasını verək.

Azərbaycan xalqını bu təxribata çəkən Ermənistan başından zərbə aldı. Bizim şanlı ordumuz, bizim əsgərlərimiz, zabitlərimiz, hərbi komandirlərimiz bu günlər ərzində gecə-gündüz yatmadan iş başındadırlar. Mən Müdafiə nazirinə, Baş Qərargah rəisinə nə vaxt zəng edirəmsə, iş başındadırlar – gecə, səhər saat 7-də, axşam saat 10-da, gecə saat 2-də. Biz böyük qələbə qazanmışıq, xalq da bunu dəstəklədi. Xalq qələbəni qeyd etmək, şəhidlərimizin ruhunu yad etmək üçün Şəhidlər xiyabanına gəldi. Hansısa yaramaz ünsürlər burada iğtişaş törədəcək? Bu olmayacaq. Onların fikri 1990-cı illərin əvvəllərinə getməsin. Azərbaycanın o vaxtkı hakimiyyətinin bədbəxtliyi də ondan ibarət idi ki, Xalq Cəbhəsi kimi çirkin, mənfur, qorxaq, satqın fərarilərdən qaçdı. O fərarilər ki, ondan bir il sonra hakimiyyəti qoyub qaçdılar. Bax, bu binada otururdular. Bu binanı da zibilləmişdilər. Prezidentin kabinetində hər gün kolbasa, araq yeyib-içirdilər, hər gün, gecə səhərə qədər. Sonra da o vaxtkı prezident saat 12-də yuxudan oyanırdı. Saat 5-də də yenidən kolbasa, araq. Keçmiş müdafiə naziri, keçmiş daxili işlər naziri, keçmiş dövlət katibi, keçmiş prezident bu binanı murdarlamışdılar. Belə bir çirkin dəstə gəlib o vaxt hakimiyyəti hay-küylə yıxdı. Onların fikri ora getməsin. Bunların dərsini vermişik, verəcəyik. Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək.

Mənə verilən məlumata görə, dünən bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat. Bizim son günlərdə sərgilədiyimiz mövqe – beynəlxalq təşkilatlarda bizim əleyhimizə çirkin kampaniya aparanlara qarşı tutduğumuz mövqe artıq nəticə verir. Anti-Azərbaycan qüvvələri harada mümkünsə, onları bloklayacağıq. Onların namizədlərinin meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan verməyəcəyik. Heç kim bizə göstəriş verə bilməz. Dünənki hadisə hamımız üçün bir siqnal olmalıdır. Yadınıza salın, o vaxt torpaqlar əldən gedirdi, burada parlamentin qarşısında mitinqlər təşkil edilirdi. Minlərlə insan yığışırdı, öz hiddətini ifadə edirdi. Ancaq nəticə etibarilə nə oldu? Torpaqlar əldən getdi. İndi mitinq vaxtıdırmı? Biz şəhidlər veririk, igidlər itiririk, generallar itiririk. Bu çirkin ünsürlər indi burada vəziyyəti gərginləşdirmək istəyir. Bütün aidiyyəti qurumlara deyirəm. Əgər dünənki hadisələrdə onların əli varsa, bizim qətiyyətimizi görəcəklər. Onlar ermənilərdən də pisdirlər. Erməni açıq düşməndir. Oturub orada, bunlara görə torpaqlarımızı işğal edib. Bu Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlardadır. Amma bu, oturub bizim içimizdə. Xaricdən pul alır, təlimat alır, mühiti zəhərləyir, bizim təmiz havamızı üfunət iyi ilə çirkləndirir və belə məqamlarda dövlətin yanında yox, düşmənin yanındadır.

Mən demişəm, hüquq-mühafizə orqanları onların bu günlər ərzində sosial şəbəkələrdə çıxışlarını təhlil etsinlər. Əgər orada cinayət tərkibi varsa, onların hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir. Döyüşlər getdiyi vaxtda onlar ordumuza şər atırlar, yalanlar uydururlar. Deyirlər ki, biz o yeri vermişik, biz oraya getməməliydik, biz buraya getməməliydik. Sən kimsən? Sən bizim ordumuza göstəriş, məsləhət verirsən. Ay başı boş, ay satqın. Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır.

Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər.

Bir məsələyə də mən toxunmaq istəyirəm. Dünən həmin təxribatçıların bir çox şüarları olubdur. İnsanları bəzi işlərə təhrik edirdilər. Mən demək istəyirəm, bu gün Azərbaycan Ordusu tam komplektləşdirilib, müasir silahlarla təchiz edilib. Azərbaycan Ordusu Ali Baş Komandan tərəfindən verilən bütün tapşırıqları şərəflə yerinə yetirir. Mənim dövrümdə bir dəfə də olmayıb ki, tapşırıq verilsin, yerinə yetirilməsin. Yerinə yetirilib. Hətta 2016-cı ilin Aprel döyüşlərində Ermənistanın təxribatına elə cavab verib, elə əlverişsiz mövqedən gedib o torpaqları boşaldıb, azad edib ki, bu günə qədər bəzi hərbi ekspertlər buna məəttəl qalırlar. Son günlərin hadisələri onu bir daha göstərir. Ona görə ordumuz üçün nə lazımsa, biz edirik və edəcəyik. Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram. Çünki bizdə müddətdən artıq xidmət edənlərin sayı artır, bu da mənim göstərişim idi. Onlar yaxşı maaş alırlar. Onlar artıq təlim keçmiş, orduda xidmət etmiş insanlardır. Biz onları cəlb edirik və əgər belə təşəbbüs olacaqsa, bunu ancaq alqışlayacağıq. Amma bu gün meydanda səslənən və ola bilər yaxşı niyyətlə “mən gedim Qarabağda vuruşum” sözlərinə son qoymaq lazımdır. Populizmin vaxtı deyil. Sən gedib necə vuruşacaqsan? Gedib nə ilə vuruşacaqsan? Sən vuruşmaq üçün gərək təlim keçəsən. Gərək sən nizamlı orduda xidmət edəsən. Səni gərək hazırlasınlar, səni gərək öyrətsinlər.

Mən bu gün səhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri ilə danışmışam və maraqlanmışam. Dedim, mənə de, bu günlər ərzində sizin rayon şöbələrinə nə qədər adam müraciət edib ki, gedib vuruşmaq istəyir. Mən bu rəqəmi deyəcəyəm, hər kəs onu eşitsin və özü təhlil aparsın. Dedi təqribən 150 nəfər. Dünən Şəhidlər xiyabanının qabağında nə qədər adam var idi? Minlərlə. Müraciət edənlərin sayı 150. Soruşdum daha çox haradan? Dedi ki, 60-ı Tovuzdandır ki, indi orada döyüşlər gedir. Qalanları da Azərbaycanın müxtəlif yerlərindən. Ona görə, mən deyirəm, dünən “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin. Öz ünvanını versin, orduda xidmət etmə haqqında öz arzusunu ifadə etsin və biz lazım olan vaxtda onları cəlb edəcəyik. Yoxsa kimsə gedib qışqıracaq, insanları qanunsuz əməllərə sövq edəcək, müqəddəs Qarabağ şüarı altında özünə siyasi kapital qazanacaq və sonra nə olacaq. Necə ki, vaxtilə olub, onumu istəyirlər? Bax, real vəziyyət bundan ibarətdir. Bir daha demək istəyirəm ki, bu gün buna ehtiyac yoxdur, bu gün səfərbərliyə ehtiyac yoxdur. Lazım olarsa, bizim qurumumuz var, dövlət xidməti var, ondan sonra Müdafiə Nazirliyi var. Biz bilirik nə etmək lazımdır, nə vaxt lazımdır, hansı məsələlərin həlli üçün bizə nə qədər canlı qüvvə lazımdır. Yoxsa kimsə özündən burada küçə qəhrəmanı düzəltmək istəyirsə, bu, pis yoldur. Mən yenə də deyirəm, dünən Şəhidlər xiyabanına yığışanların mütləq əksəriyyəti vətənpərvər insanlardır. Amma onların arasına bu ünsürlər – Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib. Onların məqsədi nə idi? Yenəmi Azərbaycanı qaranlığa qərq etmək, yenəmi vəziyyəti gərginləşdirmək? Yenə də ermənilər bundan istifadə etsinlər? Onların məqsədi budur. Xalq Cəbhəsinin, o çirkin antimilli şuranın məqsədi budur. Görmürdünüz ki, neftin qiyməti 14 dollara düşəndə necə sevinirdilər. Buna kim sevinir – ermənilər, bir də bunlar. Bir-birinə muştuluq verirdilər, bayram edirdilər, təbrik edirdilər. O Amerikada oturan deyir ki, hələ gözləyin sürüşə-sürüşə gələcək sıfıra. Heç olmasa, ağlın olsun, neftin qiyməti sıfır ola bilər? Hələ deyir tələsməyin sevinməyə, hələ gələcəkdə sevinəcəyik ki, neft 14 dollardan da düşsün, ondan sonra nə olacaq. Sual verin, 2 ildir Amerikada oturub. Birincisi hansı pulla sən orada oturursan, kim səni orada saxlayır, kim sənə pul verir, kim sənə təlimat verir. De ki, Azərbaycan xalqı bunu bilsin. İndi oturub orada, xarici pullarla vəziyyəti qarışdırmaq istəyir. Ona görə bunlara son qoyulacaq. Heç kimdə bu haqda şübhə olmasın. Biz dövlətimizi qoruyuruq, qoruyacağıq. Azərbaycan xalqı dəfələrlə vətənpərvərlik göstəribdir. Bu, bizim növbəti şanlı qələbəmizdir. Bu mövzunu yekunlaşdırmaq üçün bir daha demək istəyirəm ki, biz bilirik nə etmək lazımdır, nə vaxt etmək lazımdır və necə etmək lazımdır. Bu günə qədər bizim bütün addımlarımız uğurlu olub – istər döyüş meydanında, istər siyasi müstəvidə, istər daxili vəziyyətlə bağlı, iqtisadi və digər sahələrdə.

İndi isə keçək bizim gündəlikdə duran məsələlərə. İndi iqtisadi vəziyyətlə bağlı müşavirə iştirakçıları məlumat verəcək. İlk növbədə, deməliyəm, heç kəs unutmamalıdır ki, biz hələ də pandemiya dövründə yaşayırıq və karantin rejimi ləğv edilməyib. Baxın statistikaya, görün biz nə vaxt yumşalmaya getdik – mayın əvvəlində. Nə üçün? Çünki dinamika müsbət idi. Sağalanlar xəstələnənlərdən çox idi. Sonra nə gördük? Bəzi insanlar məsuliyyətsizlik göstərdi və yoluxma halları geniş vüsət aldı, dinamika pozuldu. Nə etdik? Yenidən sərtləşdirdik. Unutmamalıyıq ki, bu, ölümcül virusdur, ölümcül! Yaşa baxmır, insanların sağlamlığına baxmır. Birinci mərhələdə hesab olunurdu ki, buna daha çox yaşlı insanlar məruz qalır və daha təhlükəlidir. Amma görün, indi nə qədər gənclərimiz əziyyət çəkir. İndi bizim gözümüzün qabağındadır. Deyirdilər ki, virus ancaq xəstə adamlar üçün təhlükəlidir. Bəs, yoluxan sağlam adamlar, idmançılar? Bu, ölümcül virusdur, bunu heç kim yaddan çıxarmasın. Ona görə, son vaxtlar əlavə tədbirlər görüldü. İstərdim ki, Operativ Qərargahın sədri Baş Nazir bu məsələ ilə bağlı məlumat versin, ümumi vəziyyət necədir. Mənim göstərişimlə təcili tibbi yardım maşınlarının alınması, modul tipli yeni hospitalların gətirilməsi nəzərdə tutulurdu. Bu və digər məsələlər haqqında məlumat verin.

COP29

www.yenicag.az

793
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv