!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlin yazısı: Göz yumub-açıncayadək girib-çıxan 2022 - Çingiz Özgür yazır

!Reklam – Yazi

Bir Allah şahiddir ki, mən belə yazı yazmaq istəmirdim. Sadəcə il bitib, yeni ilin qapıda olduğu günlərdə keçdiyimiz ilə baxış edib önəmli hadisələri bir yerə toplamaq, olayları gücüm çatan qədər təhlil edib ilə yekun vurmaq istəyirdim. Di gəl qələm tutan əli gicgahında ilhamı gözləyən orta əsrlər şairi kimi, barmaqlarım klaviaturada necə xəyala dalmışamsa, bir də görürəm, ilham əvəzinə, 3 dənə ikidən allı–güllü paltar geyinib sıfırı da şalvarının arxasına yamaq edən 2022 durub otağın küncündə. Nurani baxışları ilə məni izləyir, həm də şeytancasına gülümsəyir. “Köşəyə çəkmək” istədiyim il özü gəlib küncdə durub məni gözləyir. Vaxt itirmək olmaz, yaxşı düşüb əlimə. Elə oturduğum yerdən sual-cavaba başlayıram.

– Başlar-başlamaz niyə əsrlərdir qardaş bildiyimiz iki ölkəni bir birinə düşürdün?

Min-bir sifəti var. Gah “ağsaçlı dədə”dir, gah gənc qız. Gah şeytandır, gah mələk. Gah aqildir, gah nadan. Aqil görkəmini alıb cavab verir:

– Mənlik nə var ki? 2021-dən danışmırdınızmı ki, təhlükə var? Yaxşı, bəs 2014 hadisələrinə nə deyəsən? Oradan başlamırdımı bu günün tarixi? Ondan əvvələrə aid də yüzlərlə misal çəkərəm sizin o “qardaş” bildiyiniz iki dövlətin münaqişəsinə aid. İndi nə oldu ki, təqsirkar mən oldum?

– Dayan e, bəs güneydəki qardaşlarımızın yaşadıqları? Aylardır davam edən iğtişaşlar, həbslər, qətllər? Bunları niyə elədin?

– Bunu da mənim ayağıma yazacaqsansa, daha sözüm yoxdur. Sən deyərsən ki, “məşrutə”, “Səttarxan inqilabı”, hətta lap “Gülüstan”, “Türkmənçay” müqavilələrinin imzalanması da 2022-də baş verib. Deyəcəksən ki, Əmir Teymur Firdovsinin qəbri üstündə “Qalx və hər kəlməndə təhqir etdiyin Türkün qüdrətinə bax” sözünü də 2022-də deyib…

– Bu qədər ölümlər, qan-qada???

– Cəmi bir-iki il sonra nə Ukrayna – Rusiya münaqişəsindəki minlərlə ölünü, nə İrandakı iğtişaşlarda öldürülənləri, nə Pakistan məscidində, nə İstanbul terrorunda və kömür şaxtasında ölənləri xatırlayacaqsınız. “2022-də ölənlər” deyiləndə neçə illərdir ölməməkçün dirəşib “qanını mənim üstümə tökən” İngiltərə kraliçası II Elizabet yada düşəcək, bir də ikicə gün də dözməyib ölüm ilini mənə yazdıran Pele. Vəssalam. Qalan hər şey unudulacaq. Qan-qada, terrorlar, sui-qəsdlər, həbslər, edamlar, hamısı unudulacaq…

Veriləsi sual çoxdu. Di gəl cavablar tutub məni. Hiss edir, bir anda qiyafəsi dəyişir, əynindəki geyimlərin rəngi qırmızıya dönür, şeytan cildinə girib göz vurur:

– Neynirsən e, nə oldu, nə bitdi? Sən də hamı kimi elə. Odey, hərə əlinə iki-üç diplom alıb, “İlin “ən”ləri” mükafatını paylayır, pul qazanır. Ağlın olsun, a kişi.

Yadıma bir şirkətdə işləyərkən müdirə 5000 manata təklif edilən “İlin nə bilim nəyi” mükafatını 3000 manata yendirməyim düşür. Sonra da başqa bir nəfərə, deyəsən, həkim idi, həmin mükafatın “ilin həkimi” nominasiyasının satılmasına yardımçı olub beş-üç manat qazanmağım. Haradan baxsan, həmin ilin ən böyük uğuru idi. “Şeytan olanda nə olar, kişi düz deyir də. Bu işdə yaxşı pul var, il sonu pis olmaz”, – deyə düşünürəm. Amma dayan e, “nominasiya” qalıb ki? Çoxbilmişlər bütün mövzularda ilin adamını şey eləyiblər artıq. Yəni mükafatlandırıblar. Ağzında şeytan deyirsən e, fikirlərimi oxuyur.

– “Nominasiya” dərdi eləmə a kişi, ha çoxdu ad, titul. Tapacağıq, mən özüm kömək edərəm. Gəl başlayaq. İlk nominasiya: “İlin işdə məhəbbətlər macəraçısı” nominasiyası. Ver getsin! Dalınca da “İlin ədliyyə işçisi”nin mükafatını göndər. Xüsusi qeyd elə ki, ölkədə mövzu qıtlığına imkan vermədikləri üçün təltif edilirlər.

– A kişi, adamın məhkəməsi gedir. O birini də işdən çıxarıblar. Ayıbdır, arvad-uşaq var. Şeytan olanda nolar e, düz-əməlli bir şey düşün də.

– Yaxşı, keçək siyasətə. “İlin 180 dərəcə dönəni”, “İlin çaya balıq ötürəni”, “İlin avtobusda sakit oruranı”, “İlin əli nazir cibindən çıxanı” nominasiyaları. Payla dana, göndər getsin qərargahlarına.

Yenə razılaşmıram:

– Məllim pis adam deyil, nəsə bildi ki, mövqeyini dəyişdi, üzünə vurmaq lazım deyil. O birisi də ahıl adamdır. Balıqdır da, deyiblər, ötür çaya, ötürüb, burada nə var ki?! Qaldı avtobusa, mən o söhbəti düzgün saymıram, dialoq önəmlidir. Sonuncu haqda da heç nə deməyəcəm, çünki çoxdan bəlli olan bir şey sadəcə isbat olunub, özün demiş, sənlik deyil bu, neçə illərdir var.

– Əşşi, sən pul qazanmaq istəyənə oxşamırsan. Amma yenə də gəl deyim: “İlin quş uçuranı”nı seç. Ya da “ilin ekoaktivisti” de, fərqi yoxdur, onsuz da bəllidir. Sonra da “İlin quşlayanı” mükafatını təsis elə. Quş deyib keçmə ha, bildiyin yaxşıca pul var. Bunlardan keçdin “İlin istefası”nı təyin et. Nədir, müğənniyə 8 milyonluq villa verənin sənin mükafatına verməyə 8 yüzü olmayacaq? Pulları qutarmadı ha bu dəqiqə. At deyil, dəvə deyil. Onun da ardınca, getmişkən bir mükafat da “İlin gözyaşı” nominasiyasına görə ver, pulunu al, qayıt gəl. Gəlmişkən də burada “İlin halal qazananı” kimi Akif Çovdarovu təltif et, kişinin pulları halal imiş deyə qaytardılar özünə, qiymətləndirmək lazımdır. “İlin rəhmətliyi”ni ver rəhmətliyin qohum-əqrabasına, “İlin yaşayanı” nominasiyasında bu qədər bahalıqla, dərd-sərlə hələ də yaşaya bildiyi üçün kasıb xalqı mükafatlandır. Hə, “İlin jürisi”ni də ver gözəllik müsabiqəsinin münsiflər heyətinə, qoy ağılları artmasa da, boyları artsın. Sonra…

Üzünə baxmağımdan görür ki, ağlıma batmadı. İçinə çəkilir, bayaqkı kimi aqil qiyafədə gəlir qarşıma.

– İl nədir ki, ay bala. Yer kürəsinin Günəş ətrafında tam dövr etməsidir də. Siz özünüz bu hesab-kitabı yaradıbsınız, zamanı ölçə biləsiniz deyə. Bax, məsələn, futbol çempionatının hansı ildə keçirilməsini siz təyin edirsiniz. Nəticədə mən həmişəlik argentinalıların yaddaşına köçürəm. Məscidi partladan da, o partlayışda ölən də siz insanlarsınız, amma yüz illərlə mən lənətlənəcəm Pakistandakı onlarla adamın öldüyü məscid partlayışına görə, lap elə “Məscidi Aqsa” hadisələrinə görə. Müharibəni edən, yolları bağlayan, qiymətləri qaldıran sizsiniz, amma mən olmuşam “ən çox bahalanma olan il”, indi hamı məni lənətləyir. Serbiya ilə Kosova, Allahın ver günü qırır bir-birini, Yaponiya ilə Rusiya arasında “Kuril adaları problemi” on illərdir davam edir, di gəl yenə mənim adım bədnam olacaq. Deyəcəklər, 2022-də oldu. Gəl məni ittiham eləmə. Qoy çıxım gedim. Məndən sonra gələnlə də işin olmasın heç. Biz eləcə rəqəmik e, dəyişirik. Biz dəyişməklə heç nə olan deyil, özünüz dəyişin…

– Yaxşı, bəs mən nə edim? İli təhlil edəcəkdim, hadisələri araşdıracaqdım, yazı yazacaqdım…
Bir anda “şeytanlaşır” yenə, göz vurur.

– Elə bunları yaz, göndər. Söhbətimizi yaz. Adını da qoy “ilin yazısı”.

– Kefsən e, vallah. Bu yazını hansı baş redaktor qəbul edər? Hələm-hələm yazıları bəyəndirmək olmur, qaldı ki, belə bir yazı.

Yenə bic-bic üzümə baxır. Dodağı altdan gülür. Elə gülə-gülə də deyir:

– Bunu da gərək mən öyrədəm? “ İlin ən yaxşı baş redaktoru” mükafatı təyin et, ver baş redaktoruna. Pul verməyinə inanmıram, çətin pul çıxa ondan. Amma bundan sonra bir dənə yazına bir kəlmə irad bildirsə, ta mən heç nə bilmirəm. Gör nə gözəl səslənir:
“İlin ən yaxşı redaktoru ilin yazısını sayta yerləşdirdi!”

Bax belə. Qarşıdan gələn yeni iliniz mübarək! Çalışaq, həmrəy olaq! 2023-də görüşənədək!

www.yenicag.az

834
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv