İmpiçment, yoxsa İLLÜZİYA? – Paşinyan hakimiyyətinə qarşı BÖYÜK OYUN

media-hightechnic-468x90

“Ermənistandakı siyasi gərginlik son beş ildə daimi şəkildə davam etməkdədir. Xatırlayırsınızsa, 44 günlük müharibənin sonunda bu gərginlik daha da dərinləşmişdi. Həmin vaxt Ermənistanda uzunmüddətli etirazlar baş verdi, hətta o dövrdə Baş Qərargah rəisi də daxil olmaqla 40-dan artıq general Paşinyana istefa çağırışı, ultimatum vermişdi. Lakin bu çağırışların heç biri nəticə vermədi”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

media-maxresdefault

O, Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı start götürən impiçment prosesinin detallarını şərh edib.

Onun sözlərinə görə, keçən il isə keşiş Baqratın rəhbərliyi ilə müəyyən etiraz aksiyaları keçirildi, amma bu da konkret nəticə ilə yekunlaşmadı:

“Hazırda isə parlament seçkiləri ərəfəsində əsas siyasi qüvvələr və müxalifət fəallaşmaqdadır. Onlar Paşinyanı devirmək və impiçment prosesini həyata keçirmək niyyətindədirlər. Hətta sizin də qeyd etdiyiniz kimi, artıq Baş nazir postuna namizədlər də müəyyənləşdirilib. Alternativ olaraq Edqar Manukyan və Artur Vanetsyanın adları ön plana çıxır. Lakin bu iki şəxsin heç birinin Paşinyana ciddi rəqib ola biləcəyini düşünmürəm. Çünki birincisi, Ermənistan parlamentində üçdə iki səs çoxluğu – təxminən 70 faizə qədər – hələ də Paşinyanın nəzarətindədir. İkincisi, müxalifət özü də parçalanmış və dağınıq durumdadır. Artur Vanetsyanın namizədliyini isə hələ Koçaryanın rəhbərlik etdiyi blokun dəstəkləyib-dəstəkləməyəcəyi də məlum deyil. Hətta dəstək verilsə belə, həmin blok daxilində bu qərara qarşı çıxan şəxslər də ola bilər”.

O. Qasımov əlavə edib ki, bu baxımdan, hazırkı mərhələdə Paşinyana qarşı impiçmentin həyata keçirilməsi real görünmür:

“Bütün bunları daha çox gələn il keçiriləcək seçkilərə hazırlıq prosesinin tərkib hissəsi kimi dəyərləndirmək olar. Doğrudur, son dövrlər Paşinyanın və onun rəhbərlik etdiyi partiyanın reytinqi ciddi şəkildə aşağı düşüb. Lakin bu, onun rəqiblərinin reytinqinin artması anlamına gəlmir. Əksinə, Koçaryan, Sarkisyan və bu kimi müxalifət fiqurlarına qarşı da Ermənistan cəmiyyətində ciddi etimadsızlıq mövcuddur. Bu səbəbdən düşünürəm ki, Ermənistanda siyasi gərginliklər davam edəcək, ancaq bunun yaxın zamanlarda hakimiyyət dəyişikliyinə gətirib çıxaracağı real görünmür”.

Rafi Müslümov

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600