İndi düzgün seçim zamanıdır - Nazife Güngör yazır
Abituriyentlərin həyəcanla gözlədikləri YKS nəticələri artıq açıqlandı. Ancaq bu həyəcan sona çatmadı, əksinə, daha da artdı. Çünki indi qarşıda duran ən önəmli mərhələ – düzgün seçim etməkdir. Bu, sadəcə akademik deyil, həyati əhəmiyyət daşıyan bir qərardır. Gənc abituriyentlərin gələcək həyatlarını, karyera yollarını, sosial mövqelərini və hətta şəxsi məmnuniyyətlərini müəyyən edəcək bu seçim, bəlkə də onların həyatındakı ən çətin və ən önəmli qərardır.
Əldə olunan nəticələr ilə illərlə qurulan xəyallar uyğun gəlirsə, bu, əlbəttə, böyük sevinc və motivasiya mənbəyidir. Lakin nəticələr gözləntilərdən aşağıdırsa, bu zaman məyusluq qaçınılmaz ola bilər. Amma burada dayanmaq, ümidsizliyə qapılmaq olmaz. Bu mərhələdə atılacaq ağıllı və düşünülmüş addımlar gənclərin hələ də arzularına çatmasına yol aça bilər.
Türkiyədə onlarla universitet və yüzlərlə müxtəlif ixtisas və proqram mövcuddur. Əldə edilən nəticələrlə bu proqramlardan birinə yerləşmək tamamilə mümkündür – əsas olan isə bu seçimin rasional və real şəkildə aparılmasıdır.
Əgər, məsələn, bir gənc tibb fakültəsini hədəfləyib, lakin nəticəsi ora daxil olmağa kifayət etmirsə, səhiyyə sahəsində alternativ istiqamətlərə baxmalıdır. Sağlamlıq elmləri fakültələrində tibb sahəsini dəstəkləyən bir çox peşə sahələri mövcuddur. Gənclər bu proqramlar vasitəsilə yenə də səhiyyə sistemində mühüm rollar ala bilərlər.
Eyni şəkildə, mühəndis olmaq istəyən, amma nəticəsi mühəndislik fakültələrinə kifayət etməyən gənclər texniki önlisans proqramlarına yönələ bilərlər. Peşə məktəbləri texniki bilik və bacarıqların qazanılması, eyni zamanda dikey keçid imtahanları ilə arzulanan sahələrə çatmaq baxımından çox əlverişlidir.
Ənənəvi baxış hələ də mühəndis, həkim, hakim, vəkil kimi klassik peşələri mərkəzə qoyur. Amma müasir dünya texnologiyanın təsiri ilə sürətlə dəyişir. Yeni peşələr meydana çıxır və əmək bazarında fərqli bacarıqlara ehtiyac artır. Artıq yaradıcı, çevik, analitik düşüncəyə sahib, təşəbbüskar insanlara böyük tələbat var. Gənclərimiz bu dönüşümü izləməli, özlərini bu reallığa uyğun şəkildə inkişaf etdirməlidirlər.
Burada əsas olan – xəyallar, reallıqlar və YKS nəticəsi arasında düzgün balans yaratmaqdır. İdeallarımızı həyata keçirmək üçün real dünyanı yaxşı analiz etməli, şəxsi bacarıqlarımızı və maraqlarımızı düzgün tanımalıyıq. Doğru seçim ancaq bu üç elementin – xəyal, reallıq və nəticə – bir-birini tamamladığı nöqtədə mümkündür.
Eyni zamanda, yüksək nəticə əldə etmiş gənclərə də bir məsləhət vermək istərdim: yüksək nəticə sadəcə imkandır – o imkanı doğru yönəltmək isə sizin əlinizdədir. Tibb fakültəsinə girə biləcək bal toplamısınızsa, amma bu sahəyə marağınız yoxdursa, sadəcə bal yüksəkdir deyə bu sahəyə yönəlmək məcburiyyətində deyilsiniz. Sizi xoşbəxt edəcək, dəyər verəcəyiniz sahəyə yönəlməniz daha önəmlidir. Gerçək uğur, sevərək və zövq alaraq edilən işlə mümkündür.
Gənc dostlarımıza tövsiyəm odur ki, mütləq şəkildə peşə seçimindən əvvəl özlərini tanımağa vaxt ayırsınlar. Özlərinə suallar versinlər: “Məni nə maraqlandırır?”, “Hansı sahədə çalışmaqdan məmnunluq hiss edəcəyəm?”, “Hansı iş məni uzun müddət motivasiya edəcək?” Əgər bu suallara dürüst cavab versələr, seçimləri daha sağlam olacaq.
Eyni zamanda universitetlərin rəsmi internet saytlarını diqqətlə incələsinlər, mümkün qədər universitetləri yerində ziyarət etsinlər, akademik heyətlə görüşsünlər. Laboratoriyalar, kitabxanalar, kampus imkanları və təhsil proqramları haqqında əyani şəkildə məlumat alsınlar. Bu, çox vacib bir mərhələdir və gələcək peşə həyatınıza yön verəcək qərarlar məhz bu mərhələdə verilir.
Unutmayaq ki, doğru seçim – uğurun təməlidir. Bütün gənclərimizə bu çətin, lakin həyati önəm daşıyan qərar mərhələsində uğurlar arzulayıram.
Prof. Dr. Nazife Güngör
Üsküdar Universiteti Rektoru